BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaqlar üçün həm dadlı, həm faydalı: Şəkərsiz xurma keksi

Uşaqlarınız üçün həm dadlı, həm də sağlam bir qəlyanaltı hazırlamaq istəyirsinizsə, şəkərsiz xurma keksi əla seçimdir.


Pravda.az xurmalı şəkərsiz keks reseptini təqdim edir:


​Şəkər əvəzinə xurmanın təbii şirinliyindən istifadə edərək hazırlayacağınız bu keks həm çox ləzzətli, həm də olduqca faydalıdır. Üstəlik, uşaqların böyümə dövründə ehtiyac duyduğu enerjini təbii yollarla təmin edir.


​Lazım olan inqrediyentlər:


​Xurma püresi üçün: 15-20 ədəd xurma və 1 su stəkanı ilıq su (və ya süd)


​3 ədəd yumurta (otaq temperaturunda)


​Yarım su stəkanı duru yağ (zeytun yağı və ya fındıq yağı)


​Yarım su stəkanı süd


​1 su stəkanı döyülmüş qoz (istəyə görə fındıq və ya badam da ola bilər)


​1 çay qaşığı darçın


​1 paket qabartma tozu


​1 paket vanil


​2,5 su stəkanı un


​Hazırlanması:


​Xurmaların hazırlanması: İlk növbədə xurmaların çəyirdəklərini çıxarın. Əgər xurmalarınız bərkdirsə, onları yumşalması üçün 1 su stəkanı ilıq suda təxminən 15-20 dəqiqə saxlayın. Daha sonra xurmaları saxladığınız su ilə birlikdə blenderdən keçirərək pürə halına salın.


​Yumurta və xurmanın qarışdırılması: Dərin bir qabda 3 ədəd yumurtanı mikserlə köpüklənənə qədər yaxşıca çırpın. Sonra hazırladığınız xurma püresini əlavə edib çırpmağa davam edin.


​Maye inqrediyentlərin əlavə edilməsi: Qarışığa duru yağı və südü əlavə edib qısamüddətli qarışdırın.


​Quru inqrediyentlərin əlavə edilməsi: Unu, qabartma tozunu, vanili və darçını ələyərək qarışığa əlavə edin. Bu mərhələdə mikserin sürətini azaldın və ya spatula ilə aşağıdan yuxarıya doğru yavaşca qarışdırın ki, yumurtanın köpüyü yatmasın.


​Qozun əlavə edilməsi: Sonda döyülmüş qozları da xəmirə əlavə edib yüngülcə qarışdırın.


​Bişirilməsi: Keks qəlibini yağlayın və ya içinə yağlı kağız sərin. Hazırladığınız keks xəmirini qəlibə tökün. Əvvəlcədən 175 dərəcədə qızdırılmış sobada təxminən 35-40 dəqiqə bişirin. Keksin bişib-bişmədiyini diş çöpü vasitəsilə yoxlaya bilərsiniz. Diş çöpünü keksa batırdıqda təmiz çıxmalıdır.


​Keks tam soyuduqdan sonra qəlibdən çıxarıb dilimləyərək servis edə bilərsiniz.


​Əminə Bayramova 

Tarix: 12 İyun 2026, 14:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin