BURADA REKLAMINIZ OLA
BİLƏR

Allergik xəstəliklər artıb… “Uşaqların steril mühitdə böyüməsi immun sistemin “təlimini” zəiflədir”

Son illərdə insanlar arasında allergik xəstəliklər kəskin formada artıb. Xüsusilə də qida ilə bağlı yaranan allergik səpgilərə daha çox rast gəlinir.

 

Pravda.az-a açıqlama verən tanınmış allerqoloq Aysel Mehdiyevanın sözlərinə görə, allergik xəstəliklərinin artması təsadüfi deyil.

 

O bildirib ki, bu, həm həyat tərzimizin, həm də ətraf mühitin dəyişməsi ilə sıx bağlıdır: “Xüsusilə meyvə yedikdən sonra yaranan səpgiləri daha çox izləyirik. Səbəblər müxtəlifdir: “Higiyena hipotezi” - uşaqların çox steril mühitdə böyüməsi immun sistemin “təlimini” zəiflədir. Nəticədə orqanizm zərərsiz maddələrə qarşı həddindən artıq reaksiya verir. Havanın çirklənməsi - avtomobil qazları, sənaye tullantıları və toz hissəcikləri tənəffüs yollarını zədələyir və allergenlərə həssaslığı artırır. Qida məhsullarının dəyişməsi - pestisidlər və kimyəvi maddələr buna səbəb yaradır. Uzunmüddətli saxlanma - genetik modifikasiya ilə bağlı müzakirələr gedir. Bunlar immun sistemin reaksiyasını dəyişə bilər. Bundan əlavə, iqlim dəyişikliyi də rol oynayır. Polen mövsümü uzanır və daha intensiv olur. Bu da allergik xəstəliklərin artmasına səbəb olur. Digər səbəb bağırsaq mikrobiotasının pozulmasıdır. Antibiotiklərin tez-tez istifadəsi, fast-food qidalanma bağırsaq florasını dəyişir. Bu isə immun sistemin balansını pozur”.

 

Allerqoloq meyvələrin yeyilməsindən sonra yaranan səpgilərin səbəblərindən bəhs edib: “Bu halın ən yayılmış səbəbi Oral Allergiya Sindromudur. Mexanizm budur: Polen allergiyası olan insanlarda immun sistemi bəzi meyvələrin zülallarını polenə bənzər hesab edir və reaksiya verir. Ən çox əlaqəli nümunələr içərisində ağac poleni - alma, armud, şaftalı, alça, ot poleni qarpız, pomidor, ambroziya banan, qovunu misal çəkə bilərik. Simptomları isə ağızda, dildə qaşınma və yanma, dodaqlarda şişkinlik, bəzən dəri səpgiləridir. Adətən bu reaksiyalar çiy meyvədə olur, bişirilmiş formada azalır. Digər səbəblər içərisində həqiqi qida allergiyası, histaminə həssaslığı deyə bilərik”.

 

A.Mediyeva kimlərin daha çox risk faktoru olduğunu bildirib: “Ailəvi allergiya meyli, uşaqlıqda antibiotik istifadəsi, şəhər mühiti, siqaret tüstüsü, stress və yuxu pozuntusu olanlar daha diqqətli olmalıdırlar. Qorunmaq üçün evdə tozun azaldılması, HEPA filtrli tozsoran istifadə etmək tövsiyə olunur. Polen mövsümündə pəncərələri bağlı saxlamaq məsləhətdir. Reaksiya verən qidaları müəyyən edib məhdudlaşdırmaq, bişirilmiş variantlara üstünlük vermək gərəklidir. Bağırsaq sağlamlığı üçün lifli qidalardan istifadə, probiotiklər (qatıq, kefir) qəbulu gərəklidir. Allergik xəstəliklərin artması müasir həyatın “yan təsiri” kimi qiymətləndirilə bilər. Hava, qida və həyat tərzi faktorları birlikdə immun sistemin davranışını dəyişir. Xüsusilə meyvələrlə bağlı reaksiyalar çox vaxt polen allergiyası ilə əlaqəli olur və düzgün yanaşma ilə idarə oluna bilər”.

 

Şəhanə Qədirli

Tarix: 12 İyun 2026, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin