BURADA REKLAMINIZ OLA
BİLƏR

“Apellyasiya müraciətlərinin ödənişli olması əsassız müraciətlərin sayını azaltmağa kömək edə bilər”

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin apellyasiya müraciətlərinin ödənişli olmasını istəməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

 

Pravda.az-a açıqlama verən təhsil eksperti Pərvin Əliyevin sözlərinə görə, apellyasiya prosesinin ödənişli olması ilə bağlı təklif də ilk növbədə sistemin daha səmərəli işləməsinə hesablanmış addım kimi qiymətləndirilə bilər:

“Dövlət İmtahan Mərkəzi son illər imtahanların keçirilməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində mühüm işlər görüb. DİM hər il yüz minlərlə iştirakçının imtahanını təşkil edir və apellyasiya mərhələsində çoxlu sayda müraciəti araşdırır. Bu baxımdan, müəyyən ödənişin tətbiqi əsassız müraciətlərin sayını azaltmağa, ekspertlərin vaxtını həqiqətən mübahisəli məsələlərin araşdırılmasına yönəltməyə kömək edə bilər. Bununla yanaşı, DİM-in uzun illər ərzində formalaşdırdığı obyektiv qiymətləndirmə sistemi və texnoloji imkanları imtahan prosesinə ictimai etimadın qorunmasında mühüm rol oynayır”.

 

Ekspert qeyd edib ki, apellyasiya prosesinin ödənişli olması məsələsinə emosional deyil, funksional yanaşmaq lazımdır: “Apellyasiya imtahan nəticələri ilə bağlı narazılıqların yenidən araşdırılması üçün nəzərdə tutulmuş hüquqi mexanizmdir və bu proses müəyyən insan resursları, vaxt və təşkilati xərclər tələb edir. DİM-in bu təklifinin əsas məqsədi çox güman ki, əsassız və kütləvi müraciətlərin sayını azaltmaqdır. Təcrübə göstərir ki, bəzi hallarda abituriyentlər real əsas olmadan bütün suallar üzrə apellyasiya müraciəti edirlər ki, bu da sistemin yükünü artırır və həqiqətən haqlı müraciətlərin operativ araşdırılmasını çətinləşdirir. Dövlət İmtahan Mərkəzinin institusional təcrübəsi, elmi-metodoloji potensialı və qiymətləndirmə sahəsində formalaşdırdığı peşəkar yanaşma nəzərə alındıqda, sözügedən təklif də təqdirəlayiqdir”.

 

Şəhanə Qədirli

Tarix: 25 İyun 2026, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin