BURADA REKLAMINIZ OLA
BİLƏR

Narkotik təsiri altında adam bıçaqlayan sürücü ilə bağlı QƏRAR

Şirvan Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Azad Həsənovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, İmişli Rayon Məhkəməsinin hökmü hökmlərin məcmusu ilə cəza təyini hissəsində dəyişdirilib. Ona təyin edilmiş 2 il, 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına Ali Məhkəmənin 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 7 il, 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay, 9 gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 2 il, 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.


İttihama görə, hadisə 2025-ci ilin iyun ayında gecə saat 00:37 radələrində İmişli şəhərinin A.Şadlinski küçəsində baş verib.


Belə ki, Azad Həsənov "Volvo S60" markalı avtomobili şəhər ərazisində uzaq işıqlarla və narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə edirmiş. Həmin vaxt İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin yol-patrul xidməti əməkdaşları xidmətdə olublar. Onlar "BMW" markalı patrul avtomobili ilə şəhərin Heydər Əliyev prospekti, A. Şadlinski küçəsi və Qaragüvəndikli kəndi istiqamətində xidmət apararkən qayda pozuntusu törədən sürücünü saxlayıblar.


İş materiallarına görə, polis əməkdaşları sürücünü xüsusi texniki vasitə ilə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinədən keçməyə dəvət ediblər. Lakin təqsirləndirilən şəxs bu qanuni tələbə tabe olmayıb və yenidən avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərib.


Bu zaman yol-patrul xidməti inspektorlarından biri avtomobilin ön sərnişin oturacağına əyləşərək sürətlər qutusunu "Park" rejiminə keçirib və nəqliyyat vasitəsinin hərəkətə başlamasının qarşısını alıb.


Bundan sonra Azad Həsənov avtomobildən düşərək piyada qaçmağa çalışıb. Digər yol-patrul xidməti inspektoru isə onu saxlayaraq inzibati məsuliyyətə cəlb olunması üçün polis şöbəsinə aparmaq məqsədilə patrul avtomobilinə doğru aparmağa başlayıb.


Məhz həmin anda hadisə daha da təhlükəli xarakter alıb. Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ cibindən bıçağı çıxarıb. Müqavimət göstərərkən tərəflər yerə yıxılıblar. İstintaq materiallarında qeyd olunur ki, həmin vaxt Azad Həsənov özünə də bıçaqla xəsarətlər yetirib. Polis əməkdaşı bıçağı onun əlindən almağa çalışarkən isə təqsirləndirilən şəxs silahdan istifadə edərək xidməti vəzifəsini yerinə yetirən yol-patrul xidməti inspektoruna zərbə endirib.


Bıçaq zərbəsi nəticəsində polis əməkdaşı sağ baldır nahiyəsindən xəsarət alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, ona sağ baldırın orta üçdə bir hissəsinin arxa səthində yara xəsarəti yetirilib və bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti kimi qiymətləndirilib.


Hadisədən sonra təqsirləndirilən şəxs polis əməkdaşlarının müqavimətini yararaq hadisə yerindən qaçmağa müvəffəq olub.


Daha sonra Azad Həsənov saxlanılıb, cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmədə Azad Həsənov elan olunmuş ittihamda özünü qismən təqsirli bilib.

 

Kamal Məmmədov 

Tarix: 13 İyul 2026, 08:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin