BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasəti bölgənin inkişaf və tərəqqisinə xidmət edir - RƏY

“Azərbaycan-ABŞ münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq regional və qlobal proseslərin mühüm komponentinə çevrilməkdədir. Xüsusilə, Bakının Cənubi Qafqazda formalaşdırdığı yeni iqtisadi, siyasi və təhlükəsizlik reallıqları Vaşinqtonun bölgəyə baxışını əhəmiyyətli dərəcədə dəyişib. Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda Azərbaycan-ABŞ münasibətlərinə dair fikirləri də əlaqlərimizin dinamik inkişafını təsdiqləyir”.

 

Bu fikirləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat: “Məktəbəqədər təhsillə bağlı bir sıra əngəllər var” Pravda.az

Deputat bildirib ki, Azərbaycanın müstəqil xarici siyasət kursu, regional liderlik statusu və xüsusilə, postmünaqişə dövründə ortaya qoyduğu sülhpərvər, konstruktiv mövqe ABŞ üçün ölkəmizi Cənubi Qafqazda etibarlı tərəfdaş kimi ön plana çıxarıb: “Bakı yalnız enerji ixracatçısı və tranzit ölkə kimi deyil, həm də regional təhlükəsizliyin təmin olunmasında, beynəlxalq sülh təşəbbüslərinin irəli aparılmasında mühüm aktor kimi qəbul edilir. Məhz bu reallıqlar fonunda Vaşinqtonun Azərbaycanla münasibətləri yeni məzmunla zənginləşir. Nəzərə alaq ki, Cənubi Qafqazda sülhün təmin olunması Tramp Administrasiyasının xüsusi diqqət mərkəzindədir. Ötən ilin avqustunda imzalanan Vaşinqton razılaşması da bunun bariz göstəricisidir. Prezident İlham Əliyevin də Forumda dediyi kimi, Tramp Administrasiyası ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Nəzərə alaq ki, dövlətimizin başçısı ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüş keçirib. Bu ilin yanvarında isə Davosda  görüş olub, eləcə də, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycan təsisçi üzv kimi dəvət olunub, ABŞ Vitse-prezidenti Cey. Di. Vens Azərbaycana səfər edib və səfər zamanı Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat imzalanıb. Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyası isə çox mühüm müddəaları özündə əks etdirir. Digər tərəfdən, ötən ilin avqustunda əldə olunan Vaşinqton razılaşmaları Azərbaycanın regionda rolunun və təşəbbüslərinin ABŞ tərəfindən  yüksək dəyərləndirildiyini sübut edir. Donald Trampın təşəbbüsü və vasitəçiliyi ilə imzalanmış sənədlər Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasına böyük imkanlar yaradır. Eyni zamanda, TRİPP layihəsinin reallığa çevrilməsi region ölkələri arasında əməkdaşlığa mühüm töhfələr verəcək. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun əyani nümunəsidir. Bu fakt Ağ Ev rəhbərinin dövlətimizə və onun liderinə böyük ehtiramının ifadəsidir”.

 

Deputat vurğulayıb ki, Bayden Administrasiyanın hakimiyyəti dövründə ABŞ-nin Azərbaycana münasibəti ədalətli deyildi: “Dövlətimizin başçısının dediyi kimi, Prezident Bayden senator olduğu dövrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi təşəbbüsünün müəlliflərindən biri olub. Amma Donald Tramp sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Trampın özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Eyni zamanda Prezident Trampın Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsindəki rolu onun sülhpərvər insan olduğunu bir daha təsdiqlədi. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçməsinin göstəricisidir. Bundan əlavə, Prezident Donald Trampın “Bakı Enerji Həftəsi”in iştirakçılarına məktub göndərməsi, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirak etməsi də mühüm faktlardır. İyunun 2-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfələr  verəcək. ABŞ Prezidenti tərəfindən dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini təsdiqləyən mühüm siyasi hadisədir. Bütün bunlar onu göstərir ki, ABŞ-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir. Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasəti də bölgənin inkişaf və tərəqqisinə xidmət edir”.

 

Aytəkin Qardaşova

Tarix: 14 İyul 2026, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin