BURADA REKLAMINIZ OLA
BİLƏR

DİQQƏT! Qulaqcıqdan uzun müddət istifadə alzheimer xəstəliyinə səbəb olur? - HƏKİMDƏN ÇAĞIRIŞ

Tanınmış nevroloq Röyanə Quluzadə son zamanlar qulaqcıqdan çox istifadə edən şəxslər arasında  alzheimer xəstəliyinin artması barədə narahatlıqlara aydınlıq gətirib.

 

Bununla bağlı Pravda.az-ın suallarını cavablandıran nevroloq deyib ki, xüsusilə, yaxınında alzheimer xəstəliyi diaqnozu qoyulan insanlar səbəbi araşdırarkən gündəlik vərdişlərin rolunu düşünürlər.

Həkimin sözlərinə görə, mövcud elmi araşdırmalar göstərir ki, qulaqcıqdan istifadə etməyin alzheimer xəstəliyinə səbəb olduğunu sübut edən heç bir etibarlı dəlil yoxdur: “Yəni qulaqcıqdan istifadə ilə alzheimer arasında birbaşa səbəb-nəticə əlaqəsi təsdiqlənməyib. Alzheimer xəstəliyi əsasən yaşlanma, genetik meyllilik, damar xəstəlikləri, şəkərli diabet, yüksək arterial təzyiq, piylənmə, siqaret çəkmə, fiziki passivlik və digər risk faktorları ilə əlaqələndirilir. Ümumiyyətlə, qulaqcıqdan düzgün istifadə edilmədikdə bəzi sağlamlıq problemləri yarana bilər. Məsələn, eşitmənin zəifləməsi. Uzun müddət yüksək səsdə musiqi dinləmək daxili qulaq hüceyrələrini zədələyə bilər. Qulaqda küy (tinnitus). Belə ki, davamlı yüksək səs qulaqda cingiltiyə və uğultuya gətirib çıxarır.  Xüsusilə, qulaqdaxili qulaqcıqları uzun müddət istifadə edildikdə qulaq ağrısı və narahatlıq yaranır. Təmizlənməyən qulaqcıqlar bakteriyaların çoxalmasına şərait yarada bilər. Diqqətin azalması və qəza riski də var. Məsələn, küçədə və avtomobil idarə edərkən qulaqcıq taxmaq ətraf səsləri eşitməyə maneə ola bilər. Son illərdə aparılan tədqiqatlar göstərir ki, müalicə olunmayan eşitmə itkisi demensiya riskini artıra bilər. Ancaq bu, qulaqcığın alzheimer yaratması demək deyil. Əgər yüksək səslə uzun illər qulaqcıqdan istifadə nəticəsində eşitmə zəifləyərsə və bu problem müalicə olunmazsa, beynin səs məlumatlarını emal etməsi çətinləşə bilər. Bu vəziyyət uzun müddətdə idrak funksiyalarına mənfi təsir göstərə biləcək risk faktorlarından biri hesab olunur. Yəni risk yaradan əsas amil eşitmə itkisidir, qulaqcığın özü deyil”.

 

R.Quluzadə alzheimer riskini azaltmaq üçün bir sıra tövsiyələr verib: “Arterial təzyiq, şəkər və xolesterini nəzarətdə saxlamaq, daimi fiziki aktiv olmaq, sağlam və balanslı qidalanmaq - Aralıq dənizi pəhrizi, siqaret çəkməmək və alkoqoldan çox istifadə etməmək, kifayət qədər yuxu almaq, beyni aktiv saxlamaq, kitab oxumaq, yeni biliklər öyrənmək, sosial fəaliyyətlər, eşitmə zəiflədikdə vaxtında LOR və audioloqa müraciət etmək lazımdır. Eşitmə sağlamlığını qorumaq üçün səs səviyyəsini maksimumun 60%-dən aşağı saxlasınlar, fasiləsiz 60 dəqiqədən artıq yüksək səslə musiqi dinləməsinlər, hər 1 saatdan bir 5–10 dəqiqə fasilə versinlər. Həmçinin səs-küylü mühitdə səsi artırmaq əvəzinə, səs izolyasiyalı və ya aktiv səsboğucu qulaqcıqlardan istifadə edilməsi məsləhətdir. Qulaqcıqları mütəmadi olaraq təmizləsinlər, qulaqda küy, eşitmə zəifləməsi və ya ağrı yaranarsa, həkim müayinəsindən keçsinlər. Qulaqcıqdan düzgün və təhlükəsiz istifadə etmək, eşitməni qorumaq və sağlam həyat tərzi sürmək həm qulaq, həm də beyin sağlamlığı üçün ən doğru yanaşmadır”.

 

Aytəkin Qardaşova

Tarix: 16 İyul 2026, 14:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin