BURADA REKLAMINIZ OLA
BİLƏR

Qubada iynədən şoka düşən və əməliyyatdan sonra ölən hamilə qadınla bağlı MƏLUMAT

 Qubada hamilə qadının xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hamilə vəziyyətində olan 2003-cü il təvəllüdlü Səbinə Əmrahovanın səhhəti iyulun 14-də ona ev şəraitində antibiotik preparatının inyeksiya edilməsindən sonra pisləşdiyi üçün tibb müəssisəsinə yerləşdirilməsi, iyulun 15-də isə müalicə aldığı xəstəxanada özünün və bətnindəki dölün ölməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

 

Hazırda hadisənin başvermə şəraiti, ölümün səbəbi, göstərilmiş tibbi yardımın həcmi və digər əhəmiyyət kəsb edən hallar qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv şəkildə araşdırılır.

 

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək və qanunauyğun qərarın qəbul edilməsi təmin olunacaq.

 

Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə ölümü qeydə alınıb.

 

5 aylıq hamilə, rayonun İqrığ kənd sakini 2003-cü il təvəllüdlü S. Əmrahovanın antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil ağırlaşıb. 

 

TƏBİB-dən verilən məlumata görə, 2003-cü il təvəllüdlü hamiləyə anafilaktik şok (seftriakson inyeksiyasına qarşı), IV dərəcəli anafilaktik şok, ölü döl diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib:

 

"Pasiyent qəbul zamanı aqonal vəziyyətdə olub, ürək fəaliyyəti və ritmi qeydə alınmayıb. Ürəyin qapalı masajı və digər zəruri reanimasiya tədbirləri həyata keçirilib, pasiyentin həyat fəaliyyəti bərpa edilib.

 

Daha sonra tibbi göstəriş əsasında pasiyent üzərində cərrahi əməliyyat icra olunaraq ölü döl xaric edilib. Pasiyentin müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilib.

 

Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15 iyul tarixində saat 17:10 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib".

 

Tarix: 16 İyul 2026, 14:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin