BURADA REKLAMINIZ OLA
BİLƏR

Rövşən Muradov: “Azərbaycanın miqrasiya və vətəndaşlıq siyasətinin əsas xətti emosional reaksiyalar üzərində qurulmur”

“Rusiyada son dövrdə miqrasiya qanunvericiliyində həyata keçirilən islahatlar ilk növbədə dövlətin daxili təhlükəsizlik konsepsiyası, əmək bazarının hüquqi tənzimlənməsi və miqrasiya axınlarının daha səmərəli idarə olunması məqsədlərinə xidmət edir. Qəbul edilən dəyişikliklər müəyyən bir ölkənin vətəndaşlarını hədəfə alan qərarlar kimi təqdim oluna bilməz. Söhbət əcnəbilərin hüquqi statusunun yenidən sistemləşdirilməsindən, qanuni yaşayış və əmək fəaliyyətinə nəzarətin gücləndirilməsindən, dövlət qeydiyyatı mexanizmlərinin daha çevik işləməsindən gedir. Azərbaycan vətəndaşları da digər ölkələrin vətəndaşları ilə eyni hüquqi rejim çərçivəsində həmin normaların tətbiq dairəsinə daxil olurlar. Bu səbəbdən məsələnin siyasi emosiyalar üzərində deyil, beynəlxalq hüququn dövlətlərə tanıdığı suveren səlahiyyətlər müstəvisində qiymətləndirilməsi daha obyektiv yanaşma hesab olunur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

 

R.Muradovun sözlərinə görə, miqrasiya siyasətində qarşılıqlılıq prinsipi beynəlxalq münasibətlərin formalaşmış hüquqi alətlərindən biridir: “Rusiya vizasız rejim çərçivəsində ölkədə qalma müddətini yenidən müəyyənləşdirdikdən sonra Azərbaycan da öz miqrasiya siyasətini milli maraqlar və inzibati idarəetmənin səmərəliliyi əsasında uyğunlaşdırdı. Bunun nəticəsində uzunmüddətli yaşamaq niyyətində olan Rusiya vətəndaşları hüquqi statuslarını müvəqqəti yaşama icazəsi, əmək fəaliyyəti, təhsil, ailə birləşməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar vasitəsilə rəsmiləşdirirlər. Bu model ölkəyə giriş imkanlarını məhdudlaşdırmaq məqsədi daşımır. Əsas hədəf ölkə ərazisində yaşayan əcnəbilərin hüquqi vəziyyətinin tam şəffaf uçotunu təmin etmək, dövlət təhlükəsizliyi, ictimai sabitlik və qanunun aliliyini vahid idarəetmə sistemində qorumaqdır. Rusiya vətəndaşlarının Azərbaycan vətəndaşlığını əldə etməsi məsələsi isə tamamilə fərqli hüquqi mahiyyət daşıyır. Vətəndaşlıq institutu dövlətlə şəxs arasında ən yüksək siyasi-hüquqi bağlılığı formalaşdırdığı üçün bu sahədə qəbul olunan qərarlar qısamüddətli siyasi proseslərə əsaslanmır. Burada həlledici meyar milli təhlükəsizlik, konstitusion dəyərlər, dövlət maraqları və uzunmüddətli demoqrafik strategiyadır. Hazırkı hüquqi mexanizmlər bütün əcnəbilərə bərabər qaydada tətbiq olunur. Gələcək mərhələdə hər hansı təkmilləşdirmə zərurəti yaranarsa, həmin dəyişikliklərin də məhz bu fundamental prinsiplər əsasında formalaşdırılması daha məntiqli dövlət mövqeyi hesab edilir. Azərbaycanın miqrasiya və vətəndaşlıq siyasətinin əsas xətti emosional reaksiyalar üzərində qurulmur. Bu siyasətin fəlsəfəsini dövlət suverenliyi, hüquqi sabitlik, milli maraqların qorunması və strateji idarəetmə təşkil edir”.

 

Şəhanə Qədirli

Tarix: 20 İyul 2026, 16:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin