BURADA REKLAMINIZ OLA
BİLƏR

16 yaşlı Mədinə niyə vəfat etdi? - Atası hadisədən danışdı

"Qızım xalasıgilə qonaq getmişdi, elə oradan da evimizə acı xəbəri gəldi".

 

Bunu Bakıvaxtı.az-a açıqlamasında Yevlaxda qida zəhərlənməsindən dünyasını dəyişən 16 yaşlı Mədinə  Əzizovanın atası Xalid Əzizov deyib.

 

Əzizovlar ailəsinin 4 övladı var. Dünyasını dəyişən Mədinə növbəti dərs ilində məzun olacaqdı:

 

"Çox təəssüf qismət olmadı, arzuları yarımçıq qaldı. Hələ də özümüzə gələ bilmirik. Nəyin necə baş verdiyini tam anlaya bilməmişik”, - deyir ata.

 

Onun sözlərinə görə, qızı xalasıgildə badımcan yeyib:

 

"Bir müddət sonra halı pisləşib və qaytarmağa başlayıb. Durumunun ciddiliyini görən doğmalarımız onu xəstəxanaya çatdırıb. Amma ilkin müayinə zamanı övladımın yolda keçindiyi məlum olub. Müayinə və analizin yekunlarını gözləyirik görək Mədinə nədən, məhz hansı qidadan zəhərlənib".

 

Mədinə Əzizovanın evdə bişirilən qidadan deyil, mağazadan alınan suxarıdan zəhərləndiyi barədə də iddialar dolaşır. Xalid Əzizov da hesab edir ki, mağazadan alınan qida təsir etmiş ola bilər:

 

"Amma bu iddialara rəsmi formada aydınlıq gətirildikdən sonra cavab tapa biləcəyik”.

 

Qeyd edək ki, Yevlax sakini, 2010-cu il təvəllüdlü sakin Mədinə Əzizova qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. 16 yaşlı gəncin qida zəhərlənməsindən öldüyü ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisəni nəzarətə götürüb.

 

Bildirilib ki, hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb:

 

"Yevlaxda baş verən hadisə nəzarətdədir. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Tarix: 30 İyul 2026, 17:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin