BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “Pay torpaqlarının yenidən birləşdirilməsi düzgün formada aparılmalıdır ki, narazılıq olmasın...”

Məlum olduğu kimi, Azərbaycanda torpaqların konsolidasiyası üzrə iki pilot layihənin Qəbələ və Salyan rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Konsolidasiya həyata keçirilən kəndlərdə fermerlərin parçalanmış torpaqları birləşdiriləcək, yol infrastrukturu yaradılacaq, zəruri yerlərdə drenaj sistemləri qurulacaq.

 

Bəs fermerin razılaşmadığı təqdirdə prosesin necə tənzimlənəcəyi maraq doğurur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, sahənin inkişafı üçün torpaqların ümumi birləşməsi məqsədəuyğundur.

 

O xatırladıb ki, sovetlərin ləğvindən sonra təsərrüfat sistemi dəyişdirilib və sosial ədalət prinsipi üzrə sahələr təsərrüfat üzvləri arasında bölünüb: “Bunun kənd təsərrüfatı inkişafı üçün qüsurlu tərəfləri var idi, çünki  kiçik təsərrüfat sahibləri texnika, gübrə və s. ilə təchizatda problemlə üzləşməli oldular. Kiçik təsərrüfatlar da rentabelliyi təmin edə bilmir və ziyanla işləyir. Bütün bu və digər əsaslı səbəblərdən torpağın istifadəsi səmərəsiz olmaqla yüksək məhsul istehsalını təmin etmir və bazarda qıtlığa, bahalaşmaya səbəb olur. Məhz bu səbəbə görə, iri təsərrüfatların yaradılması perspektivdə prioritet olmalıdır”.

 

Ekspertin sözlərinə görə, pay torpaqlarının  yenidən birləşdirilməsi düzgün formada aparılmalıdır: “Fermerlərin bu işə cəlbediciliyinin təmin edilməsi mexanizmləri elə qurulmalıdır ki, narazılıq yaranmasın. İrəliki dövrlərdə bunun həyata keçirilməsi  və nəticələri işin nə qədər doğru strategiyaya əsaslandığını ortaya çıxaracaq. İki rayonda  tətbiq ediləndən, nəticəsini gördükdən sonra hər şey daha aydın görünəcək”.

 

Şəhanə Qədirli

Tarix: 4 Avqust 2026, 12:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin