BURADA REKLAMINIZ OLA
BİLƏR

Çay evində baş verən mübahisə ölümlə nəticələndi – 10 il HƏBS CƏZASI

Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Rövşən Xəlilzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 il müddətə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Rövşən Xəlilzadə Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə – qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilir.

 

Cinayət işinin materiallarına əsasən, hadisə 2025-ci ildə gecə saat 02:16 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində yerləşən "Oliqarx" çay evində baş verib.

 

İstintaqın müəyyən etdiyi məlumata görə, Rövşən Xəlilzadə sözügedən çay evində tanışı Natiq Xəlilovla üz-üzə gəlib. Aralarında əvvəllər də müəyyən narazılıqlar olsa da, həmin gecə baş verən hadisələr mübahisəni daha da kəskinləşdirib.

 

Münaqişənin əsası əvvəlcə çay evinin terrasında qoyulub. Belə ki, Natiq Xəlilov təqsirləndirilən şəxsin oturduğu masaya yaxınlaşaraq eynəyini stolun üstünə atıb. Nəticədə eynək sınaraq yararsız hala düşüb. Bundan sonra tərəflər arasında sözlü mübahisə yaranıb.

 

Şahidlərin müdaxiləsi nəticəsində həmin vaxt dava böyüməyib və zərərçəkmiş şəxs ərazidən uzaqlaşdırılıb.

 

Daha sonra Rövşən Xəlilzadə çay evinin zalına keçərək divanda əyləşib və mobil telefonu vasitəsilə musiqiləri dəyişməyə başlayıb. Bu zaman Natiq yenidən ona yaxınlaşıb, "DJ" deyə müraciət edərək musiqinin dəyişdirilməsini tələb edib.

 

Tərəflər arasında qısa müddətli sözlü mübahisə yaranıb və zərərçəkmiş şəxs nalayiq ifadələr işlədib.

 

Bu vəziyyətdə əsəblərini cilovlaya bilməyən Rövşən ayağa qalxaraq zərərçəkmiş şəxsin burun və ağız nahiyəsinə başı ilə bir dəfə zərbə endirib. Zərbənin təsirindən Natiq yerə yıxılaraq xəsarət alıb.

 

Ekspertiza həmin beyin xəsarətlərini həyat üçün təhlükəli hesab edib və onların sağlamlığa ağır zərər vurma kimi qiymətləndirildiyini bildirib.

 

Hadisədən sonra yaxınları tərəfindən xəstəxanaya çatdırılan Natiq Xəlilova tibbi yardım göstərilsə də, o, ertəsi gün gecə saatlarında baş beyninə qansızmalar nəticəsində vəfat edib.

 

Məhkəmə iclasında Rövşən Xəlilzadə özünü Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqlədiyini deyib.

 

Onun sözlərinə görə, zərərçəkmiş şəxslə uzun illər tanış olub və son aylar ərzində dəfələrlə Natiq tərəfindən nalayiq zarafatlara məruz qalıb. Hadisə günü Natiq Xəlilov sərxoş vəziyyətdə olub və əvvəlcə onların masasına yaxınlaşaraq əyləşib. Masada əyləşən zaman zarafat nəticəsində zərərçəkmiş şəxs eynəyini stolun üstünə atıb və eynək qırılıb. Bu hadisə onun əsəbləşməsinə səbəb olub. Daha sonra Natiq başqa masaya keçsə də, təxminən bir saat sonra yenidən onun yanına gəlib, musiqini dəyişməyi tələb edib və nalayiq ifadələr işlədib.

 

Təqsirləndirilən şəxs bildirib ki, həmin anda əsəblərini saxlaya bilməyib və ayağa qalxaraq bir dəfə baş zərbəsi vurub: “Ona yalnız bir dəfə başımla zərbə endirdim. Ardınca yerə yıxıldı. Hadisədən sonra çox əsəbi idim və nə etdiyimi tam dərk etmirdim”.

 

Rövşənin sözlərinə görə, təxminən 20 dəqiqə sonra zərərçəkmiş şəxs yenidən ayağa qalxaraq çay evinə daxil olub və normal şəkildə hərəkət edib. Daha sonra tanışları onu ərazidən uzaqlaşdırıblar.

 

Rövşən Xəlilzadə hadisədən sonra evinə getdiyini bildirib və məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2026, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin