BURADA REKLAMINIZ OLA
BİLƏR

Saxta vəsiqə ilə 107 min manatlıq dələduzluq edən şəxsə şərti cəza verildi

Şəki Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri hazırlamada təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, Xəyal Məmmədov istintaqa məlum olmayan tarixdə və şəraitdə "Oleq" adlı şəxs vasitəsilə 100 manat müqabilində saxta xidməti vəsiqə hazırladıb. Həmin vəsiqədə onun guya hüquq-mühafizə orqanlarının birinin rəis müavini və yüksək rütbəli əməkdaşı olduğu göstərilib.

 

İstintaqın qənaətinə əsasən, təqsirləndirilən şəxs bu saxta sənəddən bilə-bilə istifadə edərək özünü yüksək vəzifəli dövlət məmuru kimi təqdim edib və müxtəlif şəxslərin etibarını qazanmağa çalışıb.

 

Cinayət işinin materiallarına görə, Xəyal Məmmədov "WhatsApp" vasitəsilə saxta vəsiqənin şəklini tanışı İftixar Həmidova göndərərək onda yüksək vəzifəli şəxs olması barədə inam yaradıb. O, İftixar Həmidova xarici ölkələrdən retro avtomobillər gətirərək vəzifəli şəxslərə hədiyyə etdiyi üçün barəsində xidməti yoxlama aparıldığını, həmin müddətdə əməkhaqqı ala bilmədiyini bildirib.

 

Bundan sonra yoxlamanın müsbət nəticələnməsi üçün müəyyən vəzifəli şəxslərə pul verməli olduğunu, müvəqqəti maliyyə sıxıntısı yaşadığını və kömək ediləcəyi təqdirdə pulu qısa müddətdə geri qaytaracağını vəd edib.

 

Bu yolla Xəyal Məmmədov 2025-ci ilin iyul ayının sonlarında İftixar Həmidovdan iki hissədə - əvvəlcə 5 000, daha sonra isə 2 500 manat olmaqla ümumilikdə 7 500 manat alaraq şəxsi ehtiyaclarına xərcləyib və verdiyi vədə əməl etməyib.

 

İstintaq materiallarında qeyd olunur ki, o, daha sonra eyni üsulla digər zərərçəkmişi də aldadıb.

 

Belə ki, o, yenə də saxta xidməti vəsiqənin fotosunu "WhatsApp" vasitəsilə göndərərək özünü nüfuzlu dövlət qulluqçusu və geniş əlaqələrə malik şəxs kimi təqdim edib. Sonra isə xarici ölkələrdən retro avtomobillər idxal etdiyini, həmin biznesə sərmayə qoyulacağı təqdirdə yüksək gəlir əldə olunacağını bildirərək zərərçəkmişi investisiya yatırmağa razı salıb.

 

2025-ci ilin yanvar ayından iyul ayınadək müxtəlif bank köçürmələri, "MilliÖn" terminalları və beynəlxalq pulköçürmə sistemləri vasitəsilə ona hissə-hissə vəsait göndərilib.

 

Zərərçəkmiş tərəfindən ümumilikdə 65 095 manat, həmçinin həmin dövrün məzənnəsi ilə 20 532 ABŞ dolları (34 min 904 manat 40 qəpik) olmaqla, ümumilikdə 100 000 manat məbləğində pul təqsirləndirilən şəxsə verilib.

 

İttihamda bildirilir ki, həmin vəsaitlər də şəxsi ehtiyaclara sərf olunub və zərərçəkmişə heç bir gəlir əldə etdirilməyib.

 

Məhkəmədə ifadə verən Xəyal Məmmədov özünü tam deyil, qismən təqsirli hesab etdiyini deyib.

 

O, İftixar Həmidovdan 7 500 manat aldığını təsdiqləyərək həmin pulu geri qaytarmaq niyyətində olduğunu, lakin anasının ağır xəstələnməsi səbəbindən vəsaiti müalicəyə xərclədiyini və borcu vaxtında ödəyə bilmədiyini deyib.

 

Təqsirləndirilən şəxs söyləyib ki, sonradan İftixar Həmidovun şikayətindən sonra yaxınları həmin məbləği toplayaraq zərərçəkmişə qaytarıblar.

 

O, ikinci zərərçəkmiş epizodu üzrə ittihamları qəbul etməyib.

 

İfadəsində bildirib ki, zərərçəkmiş onun yaxın qohumudur və illərdir aralarında maliyyə münasibətləri olub. Xəyal Məmmədovun sözlərinə görə, göndərilən pullar investisiya və ya vəzifə adı ilə deyil, əsasən anasının müalicəsi və digər şəxsi işlər üçün könüllü şəkildə verilib.

 

Təqsirləndirilən şəxs saxta vəsiqəni yalnız elektron formada "Oleq" adlı şəxsdən aldığını, fiziki vəsiqənin heç vaxt mövcud olmadığını deyib.

 

O bildirib ki, həmin şəkli yalnız qohumuna göndərərək zarafatla həmin hüquq-mühafizə orqanlarının birində stajor kimi işlədiyini söyləyib.

 

Xəyal Məmmədov qeyd edib ki, əvvəllər həqiqətən də həmin qurumda stajor kimi fəaliyyət göstərib və buna görə "Oleq" vəsiqəni oranın adı ilə hazırlamağı təklif edib.

 

Kamal Məmmədov

Tarix: 7 Avqust 2026, 08:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin