BURADA REKLAMINIZ OLA
BİLƏR

Gələcəyin ən böyük problemi informasiya çatışmazlığı deyil, diqqət çatışmazlığı olacaq - RƏY

Sosial media təkcə insanların ünsiyyət qurduğu, gündəlik həyatından müəyyən anları paylaşdığı virtual məkan deyil. Artıq bu platformalar müasir cəmiyyətin informasiya istehlakına, düşüncə tərzinə, davranışlarına, münasibətlərinə və hətta ictimai proseslərə təsir göstərir və mühüm vasitələrdən birinə çevrilib. Əvvəllər virtual məkanda keçirilən vaxtın bir hissəsi kimi qəbul edilən sosial şəbəkələr bu gün milyonlarla insanın gündəlik həyatının ayrılmaz parçasıdır. İnsanlar xəbəri televiziyadan və ya qəzetdən əvvəl artıq sosial mediadan öyrənir, ictimai hadisələrə münasibət burada formalaşır. Bütün bunlarla bərabər, sahibkarlıq və yaradıcılıq üçün yeni imkanların yaranması bu platformaların müsbət tərəflərindəndir. Sosial medianın imkanları getdikcə daha da genişlənir, lakin imkanların böyüməsi məsuliyyəti də artırır. Çünki sosial mediada yayılan hər informasiya doğru olmadığı kimi, geniş auditoriyaya çatdırılan hər fikir də cəmiyyət üçün faydalı nəticə doğurmur. Bu gün sosial mediada bir paylaşım insanın nüfuzuna, hər hansı video ictimai rəyə, yanlış məlumat isə bütöv bir cəmiyyətin düşüncəsinə təsir göstərə bilər. Diqqət uğrunda rəqabət, sensasiya yaratmaq, daha çox baxış və izləyici toplamaq istəyi bəzən informasiyanın dəqiqliyindən daha üstün tutulur. Nəticədə manipulyativ məzmun, dezinformasiya, təhqir, şəxsi həyata müdaxilə və süni şəkildə yaradılan gündəm cəmiyyət üçün ciddi problemlərə çevrilir. Məhz buna görə də cəmiyyətin böyük hissəsi sosial mediaya yalnız əyləncə və ünsiyyət vasitəsi kimi yanaşmır. Sosial media istifadəçidən də, məzmun istehsalçısından da, media qurumlarından da daha yüksək informasiya mədəniyyəti, hüquqi və etik məsuliyyət tələb edir. Bu baxımdan sosial medianın ciddiləşdirilməsi bu sahədə məsuliyyət, peşəkarlıq, etik davranış və informasiya təhlükəsizliyi prinsiplərinin daha da gücləndirilməsini şərtləndirir.

 

Mövzu ilə əlaqədar Pravda.az-a fikirlərini bölüşən psixoloq Nabat Mirzəyeva deyib ki, sosial media həyatın ayrılmaz bir hissəsinə çevrilib, lakin problem isə sosial medianın özü deyil, onu necə və nə məqsədlə istifadə etməkdir.

Vətəndaşı məcburi psixoloji müayinəyə aparmaq olarmı?

Mütəxəssis bildirib ki, bu gün sosial şəbəkələr insan beyninin diqqət mexanizmlərindən istifadə edərək bizi ekranda daha uzun müddət saxlamağa çalışır: “Nəticədə, insanlar fərqinə varmadan saatlarla sosial şəbəkələrdə vaxt keçirirlər. Psixoloji baxımdan ən böyük təsirlərdən biri diqqət müddətinin qısaldılmasıdır. Biz artıq kiçik video-relslərlə diqqətimizi uzun proseslərə, işlərə verdiyimiz zaman hövsələsizlik başlayır. Bu səbəbdən insanlar kitab oxumaqda, uzun məqalələrə diqqət yetirməkdə və dərin düşünməkdə əvvəlki qədər səbir göstərə bilmirlər. Hətta əvvəllər mütaliəyə maraq göstərən 50 yaşdan yuxarı insanların belə artıq qısa və əyləncəli videolara yönəlmələri bunun bariz nümunəsidir. Təəssüf ki, 50 yaşdan yuxarı bəzi insanlar maarifləndirici videolar paylaşmaq yerinə, lağlağı videolar paylaşırlar. Halbuki onların paylaşqdıqları həmin videolar əslində gənclərə və yeniyetmələrə dırnaqarası təbliğatdır, “örnəkdir”. Unuduruq ki, əslində biz yetkin yaşlı insanlar gənclərə doğru örnək olmalıyıq. Paylaşılan videodan, onun məzmunundan çox şey asılıdır. Sosial şəbəkələr həmçinin bizə müqayisəni də aşılayır. Başqa insanların həyatlarının mükəmməl gördüyümüz hissələrini öz həyatımızla müqayisə edərək "Bəs bu bizim həyatımızda niyə yoxdur?" düşüncəsinə qapılırıq. Nəticədə, depressiya, sıxılma, özünə inamsızlıq, stress, gərginlik və bu kimi halların yaranmasına gətirib çıxarır, yəni insanda narahatlıq hissi, emosional gərginlik yaradır. İstər-istəməz bu da insanın fizikidən öncə mənəvi durumuna təsir edir. Psixoloji yorulma sonda fiziki yorulmaya gətirib çıxarır”.

 

Nabat Mirzəyeva bildirib ki, mütləq dərəcədə sosial şəbəkə haqqında, yəni rəqəmsal olaraq insana aşılanan məlumatlarla bağlı məktəblərdə, ailələrdə daha çox maarifləndirmə aparılmalıdır: “İnsanlar izlədikləri məzmunların onlara necə təsir etdiyini, gələcəkdə hansı nəticələr verəcəyini anlamalıdırlar. Faydalı və faydasız videolar arasındakı fərq aşılanmalıdır. Valideynlər uşaqlara sadəcə telefon qadağası qoymalı deyil, onların düzgün istifadə vərdişlərini formalaşdırmalıdırlar. Gün ərzində ekransız vaxt ayrılmalıdır. Kitab oxumaq, idman, yürüyüş etmək, canlı ünsiyyət qurmaq, oyun oynamaq və bu kimi maraqlı məşğuliyyətlər gündəlik həyatın bir hissəsinə çevrilməlidir. Sosial media platformalarından maarifləndirici və elmi məzmunun görünürlüyünü mütləq dərəcədə artırmaq üçün mexanizmlərin yaradılması yeniyetmələrə, gənclərə və bundan sonra bütün cəmiyyətə faydalı ola bilər. Unutmamalıyıq ki, sosial şəbəkə platformaları təkcə video-relslərdən ibarət deyil. Bu platformalardan maariflənmək, maraqlı məlumatlar əldə etmək, savadımızı, baxış bucağımızı genişləndirmək üçün də istifadə etməliyik ki, bizim faydamıza olsun. Ən vacib məsələ budur ki, sosial media insan həyatını zənginləşdirən vasitə olmalıdır, yəni həyatın özünü əvəz edən bir platforma olmamalıdır. Düşünürəm, gələcəyin ən böyük problemi informasiya çatışmazlığı deyil, diqqət çatışmazlığı olacaq. Çünki informasiya yetəri qədər var, amma istifadə olunmur. Diqqət çatışmazlığı isə getdikcə arta bilər. Bu gün uğur qazanan insan hər şeyi bilən bir insan deyil, diqqətini idarə edə bilən insandır. Hər hansı məlumatı əldə etmək üçün isə diqqətimizi toplamağı bacarmalıyıq. Bir sözlə, sosial medianı ciddiləşdirmək üçün ilk növbədə platformaları deyil, ondan istifadə mədəniyyətimizi inkişaf etdirməliyik”.

 

Sosioloq Üzeyir Şəfiyev isə deyib ki, sosial şəbəkələr, rəqəmsal mühit insanların, cəmiyyətlərin, dövlətlərin həyatına töhfələr verir, çünki ondan praqmatik məqsədlərlə istifadə edən kifayət qədər insan var:

Ölkə rəhbəri ictimai fikrə böyük önəm verir - RƏY Pravda.az

“Əfsus ki, rəqəmsal savadlılığı olmayan, yaxud hüquqi məsuliyyətini başa düşməyən bir sıra insanlar sosial şəbəkələrin istifadəçisidirlər. Onlar hüquqa, əxlaqa zidd fəaliyyət göstərdiklərinin, bəlkə də, fərqində deyillər, ya da xarakterləri budur deyə bilərəkdən belə edirlər. “Sarı” paylaşımlar edir, cəmiyyətdə mövcud olan dəyərləri aşağılayırlar, saatlarla sosial şəbəkə platformalarından ayrılmırlar. Özləri də bilmədən real həyatdan uzaqlaşıblar, virtual aləmin insanlarına çevriliblər. Əlbəttə, virtual aləm tam sağlam bir mühit deyil, orada kifayət qədər toksik mühit də var. Yetərincə neqativ, dəyərləri dağıdan, insanların həyat tərzini böyük mənada səhv yola aparan çağırışlar edilir. İnsanlar influenserlərin, blogerlərin, tiktokerlərin və digər sosial media fəallarının fərqində olmalıdırlar. Bilməlidirlər ki, məhz sosial medianın belə vəziyyətdə olması onların həyat tərzlərinə, düşüncələrinə, fəaliyyətlərinə də təsir göstərə bilər. Məhz buna görə müxtəlif ölkələrdə sosial şəbəkələrin sağlamlaşdırılması ilə bağlı tədbirlər görülür. Azərbaycanda da sosial şəbəkələrin, rəqəmsal mühitin sağlamlaşdırılması üçün addımlar atılır. Xüsusilə, uşaq və yeniyetmələrin zərərli informasiya və kontentlərdən qorunmaları istiqamətində ardıcıl tədbirlər hüquqi müstəvidə, sosial maarifləndirmə səviyyəsində həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 27 fevral 2026-cı il tarixində rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiya və kontentlərdən qorunmaları ilə bağlı imzaladığı sərəncamda vurğulanır ki, qabaqcıl ölkə təcrübələrindən istifadə edərək sosial şəbəkələrdə süzgəc mexanizminin tətbiqi, yaş məhdudiyyətinin qoyulması, hüquqi tənzimləmə mexanizminin təkmilləşdirilsin, məktəblərdə kurikulum və proqramlara sosial şəbəkələrdən istifadə qaydaları, rəqəmsal mühit, smart qurğularından istifadə ilə bağlı mövzular salınsın. Eyni zamanda Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərkəzin yaradılması, kibercinayətkarlıqla bağlı strategiyanın qəbulu, 19 mart 2025-ci il tarixdə Azərbaycandan süni intellektlə bağlı strategiyanın qəbulu və bununla birgə qanunvericilikdə digər təkmilləşdirilmə tədbirləri əslində sosial şəbəkələrin, rəqəmsal mühitin sağlam olmasına xidmət edən addımlardır. Məsələn, Cinayət Məcəlləsinə 148.3.1 maddə əlavə olundu. Bu o deməkdir ki, burada artıq sosial şəbəkə seqmenti də nəzərə alınır. "Media haqqında", həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər edildi. Bütün bu dəyişikliklər fonunda günümüzdə sosial şəbəkələrdən istifadə ilə bağlı artıq yaş məhdudiyyətinin qoyulması, 16 yaşa qədər uşaqların müstəqil şəkildə rəqəmsal platformalarda qeydiyyatdan keçmələrinin qadağan olunması, 16-18 yaş arası uşaqların isə valideyinin və ya qəyyumun nəzarəti ilə sosial platformalardan istifadəsinə icazə - bütün bunlar o deməkdir ki, artıq hər bir dövlətdə olduğu kimi Azərbaycanda da sosial şəbəkələrin sağlamlaşdırılmasına maksimum cəhdlər edilir, çalışılır. Çünki bu gün uşaqlar ailədən, məktəbdən daha çox sosial şəbəkələrin təsiri altındadırlar. Sosial şəbəkələr sosiallaşma institutu kimi sağlam olmalıdır ki, uşaq və yeniyetmələr də sağlam olsunlar, cəmiyyətdə sosial anemiya olmasın. Bunun üçün vətəndaşlar da məsuliyyətlərini başa düşməlidirlər. Hüquqi cəhətdən məlumatlandırılmalı, rəqəmsal savadlılıqları artırılmalıdır. Bilməlidirlər ki, hansı hüquqa əxlaqa zidd əməl sosial şəbəkələrdə onlar üçün hüquqi məsuliyyət yaradır. Sosial şəbəkə Kolizey amfiteatrı, “boz zona” deyil. Real həyatda necədirsə, onlayn platformalarda da insanların hüquqa, əxlaqa zidd əməlləri məsuliyyət yaradır. İnsanlar bunu dərk etməlidirlər. Hüquq-mühafizə orqanları artıq “sarı” paylaşım edənlərə qarşı bir neçə tədbir həyata keçirib. Bu, çox ciddi məsələdir. Sosial şəbəkələrin sağlamlığı bizim üçün həm də milli təhlükəsizlik məsələsidir. Cəmiyyətin təhlükəsizliyi həm də milli təhlükəsizlikdir”.

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 8 Avqust 2026, 14:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin