BURADA REKLAMINIZ OLA
BİLƏR

“Donald Tramp çalışır ki, sülh müqaviləsinin imzalanması tez və ədalətli şəkildə həyata keçirilsin” - RƏY

“2025-ci ildə Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsindən sonra münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün real perspektivlər formalaşıb. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və praqmatik əməkdaşlıq yanaşması iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsi üçün əlverişli zəmin yaratdı. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmlə mübarizə sahələrində ortaq maraqlar, liderlər səviyyəsində aparılan dialoqların iki ölkə arasındakı münasibətlərin inkişafını göstərir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 

 

M. Cəfərov xatırladıb ki, ötən il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar, imzalanmış sənədlər də dövlətimizin nüfuzunun göstəricisinə çevrilib: “Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biridir, nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə sahib olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir çox mətləblərdən xəbər verir. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin ölkəmizə səfəri də bu baxımdan xüsusi əhəmiyyətə malik idi. Bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri mühüm hadisələrlə yadda qaldı. Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin yeni mərhələsinə yol açan mühüm sənədlər imzalandı, razılaşmalar əldə olundu. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-9-da ABŞ-yə səfəri ABŞ-Azərbaycan əlaqələrinin transformaiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyət daşıyır. Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir”.

 

Deputat qeyd edib ki, bu gün də ABŞ rəhbərliyi, xüsusilə də Donald Tramp çalışır ki, bu razılaşma, əsasən də sülh müqaviləsinin imzalanması tez və ədalətli şəkildə həyata keçirilsin: “ABŞ-nin Azərbaycanın müəllifi olduğu Zəngəzur dəhlizi layihəsinə də çox ciddi dəstəyi var. Bu dəstək daim ifadə olunub. Xüsusilə də Zəngəzur dəhlizi-TRIPP-Tramp marşurtu üzrə işlərin son dövrlərdə intensiv həyata keçirilməsi, bu marşrutun reallaşdırılması istiqamətində görülən işlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin əldə olunması istiqamətində atdığı bütün addımlar ABŞ tərəfindən də ciddi şəkildə dəstəklənir. Cənubi Qafqazda sülh Azərbaycanla ABŞ-nin ortaq marağındadır və iki dövlət arasında təhlükəsizlik əməkdaşlığı hər iki dövlətə, eləcə də beynəlxalq və regional sülh və təhlükəsizliyə fayda verir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb”.

 

Şəhanə Qədirli

Tarix: 8 Avqust 2026, 19:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin