BURADA REKLAMINIZ OLA
BİLƏR

Cinsi azlığın nümayəndəsinə bıçaqla hücum edən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən Füzuli Hacıyevin (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttiham aktına görə, Füzuli Hacıyev özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın etməkdə təqsirləndirilib.


Hadisə 2025-ci ildə saat 00:10 radələrində Bakı şəhərində baş verib.


Belə ki, təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olarkən tanışı olan cinsi azlığın nümayəndəsi, zərərçəkmiş İ.Yusifovun əmlakını ələ keçirmək məqsədilə onun üzərinə hücum edib.


Füzuli Hacıyev əvvəlcə İ.Yusifovun üz nahiyəsinə yumruqla zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvuran xəsarət yetirilib. İ.Yusifov yerə yıxılıb və bununla da hərəkətləri məhdudlaşdırılıb.


Bundan sonra təqsirləndirilən şəxs üzərində olan bıçağı çıxararaq nümayiş etdirib və onu silah qismində tətbiq etməklə İlham Yusifovu həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib.


Daha sonra zərərçəkmiş şəxsin əmlakını ələ keçirib.


Belə ki, Füzuli Hacıyev onun cibində olan 233 manat nağd pul, əynindəki 40 manat dəyərində gödəkçə və qolundakı 75 manat dəyərində qol saatı götürüb.


Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin mobil telefonundan onun razılığı olmadan mobil tətbiq vasitəsilə 1200 manat pul vəsaitini öz istifadəsində olan bank kartı hesabına köçürüb.


Beləliklə, ümumilikdə İ.Yusifovun 1 548 manat dəyərində əmlakının ələ keçirildiyi bildirilir.
 

Məhkəmə araşdırması nəticəsində təqsirləndirilən şəxs təqsirli bilinib.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Füzuli Hacıyevə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


Kamal Məmmədov 

Tarix: 11 Avqust 2026, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin