BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda içməli suya xlor normadan çox qatılır? - AÇIQLAMA

Son zamanlar sosial şəbəkələrdə Naxçıvan şəhərində içməli suya normadan artıq xlor qatılması ilə bağlı iddialar səsləndirilir. Sakinlər içməli su probleminin yarandığını və bunun qəsdən edildiyini bildirirlər.

 

Pravda.az məsələ ilə bağlı ADSEA-ya sorğu ünvanlayıb.

 

ADSEA-dan bildirilib ki, yayılan iddialar əsassızdır.

 

Məlumatda qeyd edilib ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən Naxçıvan şəhərinin əks-osmos tipli sutəmizləyici qurğular kompleksində yerləşən zərərsizləşdirici qurğuların, o cümlədən xlorlama sistemlərinin fəaliyyəti bərpa edilib və içməli suyun fasiləsiz zərərsizləşdirilməsi prosesinə başlanılıb: “İçməli suyun zərərsizləşdirilməsi “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartının tələblərinə uyğun həyata keçirilir. Standartın fiziki-kimyəvi göstəricilər bölməsində sərbəst xlorun miqdarı su tutarlarının çıxışında, yəni su anbarlarının çıxışında və su şəbəkəsinə daxil olarkən 0,3–0,5 mq/l səviyyəsində müəyyən edilir. Mənbədə, istehsalat su anbarlarının çıxışında və suyun uzun məsafələrə nəqli zamanı isə sərbəst xlorun 0,5–1,0 mq/l səviyyəsində olması nəzərdə tutulur. Standart həmçinin paylayıcı şəbəkəyə daxil olduqda sərbəst xlorun minimum qalıq konsentrasiyasının 0,3 mq/l olmasını tələb edir. Bu göstəricilər suya normadan artıq xlor əlavə edilməsi demək deyil. Əksinə, bu, içməli suyun mikrobioloji təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan sərbəst xlorun suda normativ səviyyədə saxlanıldığını göstərir. Standartda effektiv dezinfeksiya üçün sərbəst xlorun su ilə təmasda olması və paylayıcı şəbəkə boyunca müəyyən miqdarda xlor qalığının saxlanılması zəruri hesab edilir”.

 

Həmçinin bildirilib ki, Naxçıvan şəhərində içməli suyun keyfiyyətinə nəzarət məqsədilə laboratoriya tərəfindən mütəmadi monitorinqlər aparılır: “Su ilə bağlı şikayət daxil olduğu hallarda abonentin mənzilində onun iştirakı ilə su nümunələri götürülür, o cümlədən qalıq xlorun miqdarı yerində yoxlanılır və nəticələr abonentə izah edilir. Qeyd etmək lazımdır ki, hazırda isə içməli suyun mikrobioloji təhlükəsizliyinin təmin edilməsi məqsədilə zərərsizləşdirmə prosesi fasiləsiz və qüvvədə olan standartın tələblərinə uyğun şəkildə həyata keçirilir. Xüsusilə isti hava şəraitində içməli suyun mikrobioloji təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən suyun zərərsizləşdirilməsi prosesinin fasiləsiz aparılması və paylayıcı şəbəkə boyunca zəruri qalıq xlor səviyyəsinin qorunması vacibdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ hər bir abonentin suyun keyfiyyəti ilə bağlı müraciətini araşdırmağa hazırdır. Şikayət daxil olduğu halda abonentin iştirakı ilə mənzilində suyun keyfiyyət göstəriciləri, o cümlədən qalıq sərbəst xlorun miqdarı yoxlanıla bilər”.

 

Şəhanə Qədirli

Tarix: 11 Avqust 2026, 17:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin