BURADA REKLAMINIZ OLA
BİLƏR

Marketdən oğurluq edən şəxslərlə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Akif Binnətov və Tağı Kərəmovun (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxslərin və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. Lakin zərərçəkmişin mülki iddia təmin olunub, Gəncə Şəhər Məhkəməsinin hökmü mülki iddiaya dair hissədə dəyişdirilib. Belə ki, Akif Binnətovdan 4 835 manat 50 qəpik, Tağı Kərəmovdan isə 835 manat 50 qəpik pul tutularaq zərərçəkmiş “Al Market” MMC-nin hesabına ödənilməsi qərara alınıb.

İttihama əsasən, Akif Binnətov və Tağı Kərəmov tamah niyyəti ilə özgənin əmlakını gizli şəkildə talamaq məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında oğurluq ediblər.

Belə ki, onlar 2025-ci ildə saat 04:29 radələrində Gəncə şəhəri, Cavadxan qəsəbəsi, Məmmədtağı Cəfərov küçəsində yerləşən “Al Market” mağazasının arxa hissəsinə gəliblər. Təqsirləndirilən şəxslər mağazanın arxa anbar qapısını dəmir parçası vasitəsilə fiziki təsir göstərməklə açaraq qanunsuz şəkildə içəri daxil olublar. Daha sonra mağazada oğurluq həyata keçiriblər.

Akif Binnətov və Tağı Kərəmov mağazanın vitrində olan 25 manat 99 qəpik dəyərində “40L Koopman” markalı qatlanan kürək çantasını götürüblər. Bununla kifayətlənməyən şəxslər mağazanın daxilində quraşdırılmış MMC-nin mülkiyyətində olan ödəmə aparatının inkassasiya qapısını dəmirkəsən aparat vasitəsilə kəsiblər. Onlar aparatın içərisində olan 8 273 manat pul vəsaitini SCXL-2200 pul kaseti ilə birlikdə gizli şəkildə ələ keçiriblər.

Beləliklə, törədilmiş əməl nəticəsində “Al Market” MMC-yə ümumilikdə 8 273 manat, mağazanın baş satıcısına isə 25 manat 99 qəpik məbləğində maddi ziyan vurulub.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddianı qismən təmin edib.

Belə ki, təqsirləndirilən şəxslər, eyni zamanda mülki cavabdehlərdən 4 273 manat pulun müştərək qaydada tutulması və MMC-yə ödənilməsi hökm edilib.


Kamal Məmmədov 

Tarix: 12 Avqust 2026, 08:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin