BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda əldə olunan təcrübə gələcək idarəetmə islahatları üçün praktiki baza formalaşdıra bilər” - RƏY

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, eləcə də Naxçıvanda tətbiq olunan yeni idarəetmə modelinin özünü doğrultduğunu və daha çevik, şəffaf və səmərəli idarəetmənin qurulmasına mühüm imkanlar yaratdığını müşahidə edirik. Bu model dövlət başçısının tapşırıqlarının birbaşa icrasına, həyata keçirilən işlər üzərində daha effektiv nəzarətin təmin olunmasına, dövlət layihələrinin daha sürətli və keyfiyyətli şəkildə reallaşdırılmasına şərait yaradır. Lakin Prezidentin səsləndirdiyi fikirlərdən birbaşa olaraq bütün icra hakimiyyətlərinin ləğv ediləcəyi və xüsusi nümayəndəliklərin ölkənin digər ərazilərində də tətbiq olunacağı nəticəsini çıxarmaq düzgün olmaz. Burada əsas məsələ konkret olaraq hansı idarəetmə strukturunun ləğv edilməsi deyil, dövlət idarəçiliyinin daha səmərəli, çevik və müasir tələblərə uyğun qurulmasıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Azər Badamov: “Prezident Ərdoğana heç olmasa bir dəfə yenidən etimad  göstərilməlidir” Pravda.az

Deputat qeyd edib ki, Azərbaycan hazırda mühüm transformasiya mərhələsindən keçir: “Bu transformasiya yalnız idarəetmə sistemi ilə məhdudlaşmır. İqtisadiyyatın rəqəmsallaşdırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi, sənaye və kənd təsərrüfatının yeni mərhələyə çıxarılması, investisiya mühitinin yaxşılaşdırılması və əhalinin sosial rifahının daha da yüksəldilməsi bu prosesin əsas istiqamətləridir. Bu baxımdan idarəetmədə çevikliyin artırılması xüsusi əhəmiyyət daşıyır. Xüsusi nümayəndəlik modelinin Qarabağ və Şərqi Zəngəzurda tətbiqi, xüsusilə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirildiyi ərazilərdə koordinasiyanın təmin edilməsi baxımından özünü doğruldub. Naxçıvanda da bu modelin tətbiqindən əsas gözlənti idarəetmənin daha operativ və nəticəyönümlü qurulmasıdır”.

 

A.Badamovun sözlərinə görə, idarəetmə islahatlarını yalnız struktur dəyişiklikləri ilə əlaqələndirmək düzgün deyil: “Burada kadr siyasəti də mühüm əhəmiyyət daşıyır. Kadr islahatları kampaniya xarakterli deyil, sistemli və nəticəyönümlü olmalıdır. Dövlət idarəçiliyində müasir düşüncəli, savadlı, peşəkar, bacarıqlı və dövlətə xidmət etmək məsuliyyətini dərk edən kadrların önə çəkilməsi idarəetmənin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz buna görə də Azərbaycanın digər regionlarında da idarəetmənin təkmilləşdirilməsi, kadr islahatlarının aparılması və müasir idarəetmə üsullarının tətbiqi mümkündür. Lakin bunun hansı formada həyata keçiriləcəyi konkret olaraq həmin ərazilərin xüsusiyyətlərindən, qarşıya qoyulan vəzifələrdən və idarəetmənin səmərəliliyinə olan tələblərdən asılı olacaq. Əsas məqsəd icra hakimiyyətlərinin sayını azaltmaq və ya xüsusi nümayəndəliklərin sayını artırmaq deyil. Əsas məqsəd vətəndaşa daha keyfiyyətli dövlət xidmətinin göstərilməsi, dövlət vəsaitlərindən daha səmərəli istifadə olunması, layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi və idarəetmədə şəffaflığın təmin edilməsidir. Ona görə də Prezidentin açıqlamasını daha geniş kontekstdə yanaşılaraq deyə bilərik ki, Azərbaycanın dövlət idarəçiliyinin müasir çağırışlara uyğunlaşdırılmasından, daha çevik və nəticəyönümlü idarəetmə mexanizmlərinin formalaşdırılmasından gedir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda əldə olunan təcrübə gələcək idarəetmə islahatları üçün də müəyyən nümunə və praktiki baza formalaşdıra bilər”.

 

Şəhanə Qədirli

Tarix: 12 Avqust 2026, 14:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin