BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyev hərbi Zəfəri diplomatik və geoiqtisadi nəticələrlə tamamlayan dövlət strategiyası ortaya qoyub” - RƏY

“Prezident İlham Əliyevin Naxçıvana səfəri bu qədim Azərbaycan torpağının inkişaf perspektivlərinin dövlətçilik, milli təhlükəsizlik və regional geoiqtisadi inteqrasiya kontekstində yenidən qiymətləndirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır. Uzun illər mürəkkəb geosiyasi və nəqliyyat şəraitinin yaratdığı məhdudiyyətlər içərisində yaşayan Naxçıvan dövlət siyasətinin ardıcıl diqqət mərkəzində saxlanılıb, onun sosial-iqtisadi və infrastruktur potensialının qorunması və gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilib. Bu gün isə Azərbaycanın yaratdığı yeni regional reallıqlar Naxçıvanın əvvəlki məhdudiyyətlərdən çıxaraq Cənubi Qafqazın mühüm geosiyasi, nəqliyyat və iqtisadi mərkəzlərindən birinə çevrilməsi üçün tarixi imkanlar formalaşdırır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

 

Rövşən Muradov: “Azərbaycanın miqrasiya və vətəndaşlıq siyasətinin əsas  xətti emosional reaksiyalar üzərində qurulmur” Pravda.az

 

Deputat xatırladıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər yalnız ərazi bütövlüyünün bərpasını təmin edən hərbi-siyasi nəticə ilə məhdudlaşmayıb: “Bu qələbə regionun kommunikasiya sisteminin yenidən qurulması üçün fundamental siyasi-hüquqi və geosiyasi zəmin yaratdı. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti həmin reallıqları sülh gündəliyinin və regional iqtisadi inteqrasiyanın əsas elementlərinə çevirdi. Bu mənada Azərbaycanın qazandığı Zəfər sonrakı mərhələdə yeni yolların, dəmir yolu xətlərinin, logistika mərkəzlərinin və iqtisadi əməkdaşlıq platformalarının formalaşması üçün strateji resursa çevrilib. Başqa sözlə, Prezident İlham Əliyev hərbi Zəfəri diplomatik və geoiqtisadi nəticələrlə tamamlayan dövlət strategiyası ortaya qoyub. Bu strategiyanın mühüm istiqamətlərindən biri Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dayanıqlı və fasiləsiz nəqliyyat bağlantısının yaradılmasıdır. TRIPP çərçivəsində formalaşacaq bağlantılar Naxçıvanın regional nəqliyyat sistemindəki rolunu köklü şəkildə dəyişə, onu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qarşılıqlı əlaqələndiyi strateji qovşaqlardan birinə çevirə bilər. Beləliklə, Naxçıvan yalnız Azərbaycanın digər əraziləri ilə fiziki bağlantısı təmin edilən muxtar ərazi kimi deyil, Avrasiya miqyasında yük və ticarət axınlarının istiqamətinə təsir göstərə biləcək mühüm logistika məkanı kimi formalaşacaq. Naxçıvanın Türkiyə, İran və Ermənistanla həmsərhəd coğrafi mövqeyi bu prosesə əlavə strateji məzmun verir. Onun Türkiyə üzərindən Avropa bazarlarına, İran istiqamətində Yaxın Şərq və Cənubi Asiya məkanına, Azərbaycan üzərindən isə Xəzər və Mərkəzi Asiya bazarlarına çıxış imkanlarının genişlənməsi Naxçıvanı çoxvektorlu regional ticarət platformasına çevirə bilər. Tarixən Yaxın Şərqlə Qafqazı birləşdirən mühüm yolların keçdiyi bu coğrafiyanın müasir nəqliyyat infrastrukturu ilə yenidən həmin funksiyanı qazanması Naxçıvanın iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq”.

 

Deputatın sözlərinə görə, perspektivdə Mərkəzi Asiya ilə Avropanı birləşdirən marşrutların Naxçıvanla inteqrasiyası, yükdaşıma imkanlarının genişləndirilməsi, yeni logistika və istehsal klasterlərinin yaradılması, enerji və kommunikasiya infrastrukturlarının inkişaf etdirilməsi bu ərazinin regional iqtisadi sistemdə çəkisini daha da yüksəldə bilər: “Bu proses Azərbaycanın yalnız tranzit imkanlarını genişləndirməyəcək, eyni zamanda ölkənin enerji, nəqliyyat, logistika və istehsal potensialını vahid strateji sistem daxilində birləşdirəcək. Bu baxımdan Naxçıvanın qarşısında açılan yeni mərhələ sadəcə regional inkişaf layihələrinin məcmusu kimi qiymətləndirilə bilməz. Söhbət Azərbaycanın tarixi Zəfərinin yaratdığı yeni geosiyasi reallıqların uzunmüddətli dövlətçilik strategiyasına çevrilməsindən gedir. Naxçıvanın blokada məkanından regional bağlantı və inteqrasiya mərkəzinə transformasiyası Azərbaycanın milli iradəsinin, strateji uzaqgörənliyinin və dövlətçilik siyasətinin mühüm nəticələrindən biri olacaq. Döyüş meydanında əldə edilən Zəfər diplomatik masada yeni reallıqlar yaradıbsa, həmin reallıqlar bu gün dəmir yolları, logistika mərkəzləri, enerji arteriyaları və iqtisadi layihələr vasitəsilə davam etdirilir. Naxçıvanın yeni dirçəliş dövrü məhz bu tarixi transformasiyanın ən mühüm istiqamətlərindən biridir”.

 

Şəhanə Qədirli

Tarix: 12 Avqust 2026, 16:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin