BURADA REKLAMINIZ OLA
BİLƏR

Sükan arxasında yatan sürücü qarşı zolağa çıxaraq qəza törətdi – QƏRAR

Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Cəfər Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mehdi Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Naxçıvan Şəhər Məhkəməsinin hökmü ləğv olunub, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilib. Onun Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub. Zərərçəkmiş şəxsin mülki iddiadan imtina etməsi qəbul edilib və mülki iddia üzrə icraata xitam verilib.

 

İttihama əsasən, Cəfər Tağıyev 2025-ci il tarixdə saat 15 radələrində sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 200” markalı avtomobillə Naxçıvan-Sədərək avtomobil yolu ilə Sədərək rayonu istiqamətində hərəkətdə olub. O, hərəkət zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq sükan arxasında yatıb. Bunun nəticəsində avtomobil hərəkət trayektoriyasından çıxaraq qarşıdan gələn nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolağa keçib.

 

Hadisə Naxçıvan şəhəri ərazisinə düşən yolun 6-cı kilometrliyində baş verib.

 

Belə ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil qarşı istiqamətdə, Naxçıvan şəhəri istiqamətində hərəkətdə olan zərərçəkmiş Sakit Rəfiyevin (adı, soyadı şərtidir) idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə toqquşub. Nəticədə “Hyundai Sonata”nın sürücüsü sol diz qapağının çoxqəlpəli, yerdəyişmə ilə sınığı xəsarəti alıb.

 

Məhkəmə-tibbi qiymətləndirməyə əsasən, həmin xəsarət sağlamlığın uzun müddətə, yəni 21 gündən artıq müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər kimi qiymətləndirilib.

 

Bundan başqa, “Mercedes Benz E 200” markalı avtomobildə sərnişin kimi olan zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) də xəsarət alıb. Onun sağ körpücük sümüyünün akromion ucunun yerdəyişmə ilə sınığı müəyyən edilib.

 

Bu xəsarət də sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər kimi qiymətləndirilib.

 

İstintaqın gəldiyi nəticəyə görə, qəza Cəfər Tağıyevin yol hərəkəti qaydalarının tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan baş verib.

 

Naxçıvan Şəhər Məhkəməsinin hökmü ilə Cəfər Tağıyev Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

 

Cinayət işi üzrə verilmiş mülki iddia isə baxılmamış saxlanılıb. Həmçinin hökm üzrə maddi sübutlar, məhkəmə xərcləri və cəzanın icrası ilə bağlı məsələlər həll edilib.

 

Hökmdən Cəfər Tağıyev və onun müdafiəçisi apellyasiya şikayəti veriblər. Müdafiə tərəfi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini istəyib. Şikayətdə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi xahiş olunub.

 

Kamal Məmmədov

Tarix: 19 Avqust 2026, 08:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin