BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirməmməd Hüseynovun barelyefi açıldı

Bakı Dövlət Universitetinin (BDU) professoru, görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətlə BDU-nun Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının qarşısında barelyefi açılıb.

 

Pravda.az xəbər verir ki, rektor Elçin Babayev çıxış edərək Azərbaycan mətbuat tarixinin yorulmaz tədqiqatçısı, müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb.

 

Alimin həyatının böyük hissəsinin Universitetlə bağlı olduğunu bildirən E.Babayev gənc jurnalistlərin yetişməsində, püxtələşməsində böyük xidmətləri olan Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Şirməmməd müəllimin üzün illər çalışdığı kafedranın qarşısında onun barelyefini açırıq. Hər dəfə bu barelyefi görərkən biz onu yenidən yad edəcəyik. Daim örnək həyat sürən Şirməmməd müəllimin cəmiyyətimiz üçün nümunəvi övladlar yetişdirdiyini qeyd edən rektor hazırda alimin qızlarının Azərbaycan elminin, mədəniyyətinin inkişafı yolunda səylə çalışdıqlarını diqqətə çatdırıb.

 

Qeyd edib ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir. Biz də bu gün böyük alim qarşısında qismən də olsa, mənəvi borcumuzu yerinə yetirməyə çalışdıq.

 

Şirməmməd Hüseynovun ömür-gün yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova görülən işə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bir daha şahidi oldum ki, Şirməmməd müəllimin çoxlu müridləri var. Dərs dediyi, hətta dərs demədiyi tələbələr onu çox sevir. Mən onların xatirələrini oxuyanda çox kövrəlirəm. Həqiqətən həyatda iz salan insanlar varmış və mən bunun canlı şahidiyəm. Şirməmməd Hüseynov düz 74 il Bakı Dövlət Universitetində çalışıb, bu heç də hər kəsə nəsib olan xoşbəxtlik deyil. O, ömrünün son gününə qədər işdən ayrılmadı. Onu xatirəsini belə sevinclə, məhəbbətlə yad etdiyinizə görə hamınıza təşəkkür edirəm.

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şirməmməd Hüseynov məktəb yaratmışdı. O, təkbaşına bir akademiya və universitet qədər iş görmüş, Azərbaycan mediasını zənginləşdirərək tarixə çevirmişdi.

 

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Şirməmməd müəllimin lap gənc yaşlarından Universitetdə sayılıb, seçildiyini vurğulayıb. Bildirib ki, onun heç bir sözünə etinasızlıq olmayıb. O, tələbələrini balası qədər sevib, qayğı, diqqət göstərib, haqq, ədaləq çarçısı olub.

 

“Real” televiziyasının rəhbəri Mirşahin Ağayev Şirməmməd müəllimlə həm tələbə, həm aparıcı kimi ünsiyyətdə olduğunu vurğulayıb. Bildirib ki, Şirməmməd müəllimə həsr olunmuş kitabda özümü onun mirzəsi kimi təqdim etmişəm. Onunla hazırladığımız layihələrdə, əslində jurnalistə ehtiyac yox idi. Mən sadəcə olaraq mikrofonun, qələmin, kameranın davamı idim.

 

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Şirməmməd müəllimsiz həyatımızda böyük bir boşluq yaranıb. O, necə yaşamağın bir nümunəsi idi. Həmişə nikbin, inandığı ideyalara sadiqliyini göstərən, buna inanan bir insan idi.

 

“Discovery Azerbaijan” jurnalının təsisçisi və baş redaktoru Çavanşir Feyziyev isə qeyd edib ki, Şirməmməd müəllim bütün Azərbaycan xalqının müəllimi olub. Vətənini, xalqını sevən insanlar onu öz müəllimləri hesab ediblər. O, həyat tərzi, həyat amalları ilə xalqımız üçün örnək şəxsiyyət olub.

 

Professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və digər çıxış edənlər Şirməmməd Hüseynovun azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən biri olduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərdiyini vurğulayıblar.

 

Ailəsi adından çıxış edən alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova Universitetin atası üçün müqəddəs məkan olduğunu və bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Qeyd edib ki, Ş.Hüseynovun ömrünün böyük hissəsi universitet ilə bağlı olub. O, Bakı Dövlət Universitetini Azərbaycanın kiçik modeli hesab edirdi.

Lalə Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

 

Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.

 

Bareylefin açılışından sonra tədbir BDU-nun tədris-teleradio studiyasının dəyirmi zalında davam edib, xatirələr dinlənilib. Bildirilib ki, Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopediya səviyyəsində olan əsərlərdir. Şirməmməd müəllim təkcə elmi ictimaiyyətin deyil, sadə insanların da böyük hörmətini qazanıb.

Fotoları təqdim edirik
Tarix: 17 Dekabr 2019, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin