BURADA REKLAMINIZ OLA
BİLƏR

“FINCA Azerbaijan”ın sahibi təşkilatdan nə qədər qazanır? – Mənfəətdən 39% çox dividend

“FINCA Azerbaijan” BOKT 2025-ci ildə yeganə səhmdarına 2 milyon 256 min manat dividend elan edib.

 

Bu barədə BOKT-dən bildirilib.

 

Məlumata görə, “FINCA Azerbaijan”ın nizamnamə kapitalının 100%-i Niderland Krallığında qeydiyyatda olan “FINCA Microfinance Holding Company” MMC-yə məxsusdur. BOKT eyni zamanda “FINCA Microfinance Cooperative U.A” qrupuna daxildir. Beləliklə, 2025-ci ildə elan edilmiş 2,256 milyon manat dividendin hamısı təşkilatın yeganə səhmdarının payına düşüb.

 

Maraqlıdır ki, dividend məbləği “FINCA Azerbaijan”ın həmin il əldə etdiyi xalis mənfəətdən yüksək olub. Təşkilat 2025-ci ili 1,620 milyon manat xalis mənfəətlə başa vurduğu halda, səhmdara bundan 636 min manat və ya 39,3% çox dividend elan edib.

 

Bu fərq əvvəlki illərdə yığılmış bölüşdürülməmiş mənfəət hesabına mümkün olub. Belə ki, 2025-ci ilin əvvəlinə “FINCA Azerbaijan”ın bölüşdürülməmiş mənfəəti 14,338 milyon manat olub. İl ərzində 1,620 milyon manat mənfəət əldə edilib və 2,256 milyon manat dividend elan edildikdən sonra ilin sonunda bölüşdürülməmiş mənfəət 13,702 milyon manata enib.

 

2026-cı ilin ilk yarısında isə səhmdara dividend ödənilməyib. Bu dövrdə “FINCA Azerbaijan” 998,52 min manat xalis mənfəət əldə edib. İyunun sonunda təşkilatın bölüşdürülməmiş mənfəəti 14,701 milyon manata, ümumi kapitalı isə 18,457 milyon manata çatıb. 

 

Xatırladaq ki, “FINCA Azerbaijan” 1999-cu ildə dövlət qeydiyyatına alınıb, 2000-ci ildən BOKT lisenziyası əsasında fəaliyyət göstərir. Təşkilatın nizamnamə kapitalı 3,757 milyon manatdır. Plat.az

Tarix: 1 Sentyabr 2026, 13:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin