BURADA REKLAMINIZ OLA
BİLƏR

Restoranda tanışı ilə mübahisə edən şəxs ona xəsarət yetirdi – MƏHKƏMƏ

Nizami Rayon Məhkəməsində xuliqanlıqda Uğur Tağıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə bu il saat 22:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən “By Muxtar” restoranında baş verib.

 

Belə ki, Uğur Tağıyev müştəri qismində restorana gəlib. O, burada zərərçəkmiş Fərid Mənsurovla (adı, soyadı şərtidir) birlikdə şam yeməyi yeyib və spirtli içki qəbul edib. İçkinin təsiri altında sərxoş vəziyyətə düşən təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qonşu masalarda əyləşən şəxslərlə söhbət etməsinə irad bildirib.

 

Daha sonra o, Fəriddən restoranı tərk etməsini tələb edib.

 

Tərəflər restoranın qarşısına çıxdıqdan sonra aralarında mübahisə yaranıb.

 

İttihamda qeyd olunur ki, Uğur heç bir əsaslı səbəb olmadan özünü zərərçəkmiş şəxsdən üstün tutaraq ictimai qaydanı kobud şəkildə pozub və ətrafdakı şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdirib.

 

Mübahisə zamanı təqsirləndirilən şəxs Fəridə zor tətbiq edib. O, yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir neçə dəfə zərbə vurub. Zərbələrdən sonra Fərid yerə yıxılıb. Lakin Uğur bununla kifayətlənməyərək yerə yıxılmış şəxsi yumruqla vurmağa davam edib.  Hadisə nəticəsində zərərçəkmiş şəxsin bədənində xəsarətlər yaranıb.

 

Hadisədən sonra Uğur Tağıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 2 Sentyabr 2026, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin