BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş ərinin üzünü dırnağı ilə cızan qadın məhkəməlik oldu: “Uşaqlarımı vermirdi...”

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Arifə Əsədovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlham Kərimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 000 manat məbləğində cərimə cəzasına məhkum edilib.

 

İttihama görə, hadisə bu il saat 22 radələrində paytaxtın Nizami rayonu ərazisində baş verib.

 

Belə ki, Arifə Əsədova keçmiş əri, zərərçəkmiş Rail Qədimovun (adı, soyadı şərtidir) yaşadığı ünvana azyaşlı övladlarını götürmək məqsədilə gəlib. Bu zaman zərərçəkmiş şəxs qadına etiraz edərək uşaqları verməkdən imtina edib. Tərəflər arasında yaranan mübahisə zamanı Rail Arifənin sinəsindən itələyərək evdən çıxarmaq istəyib. Bundan əsəbiləşən qadın qisas almaq niyyəti ilə keçmiş ərinin sifət nahiyəsinə əli ilə sillə vurub və dırnağı ilə sifətini cızıb. Nəticədə Rail Qədimova sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirilib.

 

Məhkəmə materiallarında qeyd olunur ki, zərərçəkmiş şəxsin sifətinin sağ yarısında şişkinlik halında əzilmə və sıyrıq, sağ çənəaltı nahiyəsində sıyrıq, çənənin sağ tərəfində hərəkət məhdudluğu ilə müşayiət olunan sağ yanağın iç səthində qansızma və əzilmiş yara xəsarətləri müəyyən edilib.

 

Arifə Əsədovanın barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb.

 

Məhkəmə iclasında ifadə verən qadın ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, Rail Qədimovla rəsmi nikahda olmasa da, 7 il birlikdə ailə həyatı yaşayıblar və bu münasibətdən üç övladları dünyaya gəlib. Həmin şəxslər təxminən 5 il əvvəl ayrılıblar və üç uşaq onunla birlikdə yaşayıb.

 

Arifə qeyd edib ki, kirayədə qaldığı evi dəyişdiyi üçün uşaqlarını keçmiş ərinin yaşadığı ünvana aparıb. Bir müddət sonra uşaqlarını geri götürmək üçün Railin anasına telefonla zəng edib. Onun sözlərinə görə, uşaqları götürməsinə qarşı tərəfin anası etiraz etməyib.

 

Bundan sonra o, uşaqları götürmək üçün keçmiş ərinin yaşadığı ünvana gedib: “Qapını döydüm, lakin açan olmadı. Yenidən qapını döydükdə qapı özü-özünə açıldı. İçəri daxil olaraq Raildən uşaqlarımı mənə verməsini istədim. Lakin o, uşaqları verməyəcəyini bildirdi”.

 

Arifənin ifadəsinə əsasən, keçmiş əri uşaqların onun kirayə qaldığı evdə pişik olduğuna görə həmin ünvana getməsinə etiraz edib.

 

O, daha sonra tərəflər arasında mübahisə yarandığını bildirib.

 

Qadının sözlərinə görə, Rail onu sinəsindən itələyərək evdən çıxarmaq istəyib.

 

Arifə isə həmin vaxt özünü müdafiə etmək məqsədilə əlini qabağa uzadıb və bu zaman dırnağı təsadüfən keçmiş ərinin üzünü cızdığını iddia edib.

 

O, keçmiş ərinə sillə vurduğunu isə tamamilə inkar edib.

 

Beləliklə, təqsirləndirilən şəxs ittihamda göstərilən xəsarətləri qəsdən yetirmədiyini, yalnız özünü müdafiə etməyə çalışdığını bildirib.

 

Kamal Məmmədov

 

 

Tarix: 2 Sentyabr 2026, 08:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin