BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən C.Abdullayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

İş materiallarına görə, hadisə 2025-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonunun Xırdalan şəhərində baş verib.

 

Belə ki, C.Abdullayev idarə etdiyi “Nissan Note” markalı avtomobillə Mehdi Hüseynzadə küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini pozub.

 

Məhkəmə müəyyən edib ki, sürücü hərəkətin intensivliyini, yol və meteoroloji şəraiti, xüsusilə hərəkət istiqamətində görmə imkanlarını nəzərə almalı, qarşısında yaranan təhlükəni gördükdə avtomobili tam dayanana qədər sürətini azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyib. Nəticədə o, yolu soldan sağa keçmək istəyən, 1976-cı il təvəllüdlü C.Məmişovu avtomobilin ön hissəsi ilə vurub.

 

Zərərçəkmiş şəxs hadisə nəticəsində baş beyninin əzilməsi, baş beyninin qişaları altına və maddəsinə qansızmalar, baş beynin travmatik ödemi, kəllə tağı və əsası sümüklərinin sınığı, alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, müxtəlif nahiyələrdə sıyrıqlar, sağ göz ətrafında qançırlar və sağ baldır sümüklərinin qapalı yerdəyişən sınıqları daxil olmaqla ağır bədən xəsarətləri alıb.

 

Xəsarətlərin ağırlığı səbəbindən zərərçəkmiş şəxs müalicə müəssisəsinə aparılarkən yolda vəfat edib.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, C.Abdullayevin tutulduğu 2 gün müddət cəzadan çıxılıb və üzərində qəti olaraq 5 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

 

Bununla yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası qismən təmin edilib və 7 560 manat məbləğində pulun tutulularaq hüquqi varisə verilməsi qərara alınıb.

 

Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi hüquqi varisi apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

 

Daha sonra Qaradağ Rayon Məhkəməsinin qərarı ilə C.Abdullayev barəsində amnistiya tətbiq edilib. Belə ki, Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən, məhkumun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılıb.

 

Kamal Məmmədov

Tarix: 2 Sentyabr 2026, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin