BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Belə bir formalaşmış stereotip var ki, yüksək bal toplamısansa, mütləq Bakıda oxumalısan”

Azərbaycanda universitet seçimi zamanı tələbələrin böyük hissəsi Bakıdakı ali təhsil müəssisələrinə üstünlük verir. Cəmiyyətdə bəzən rayonlarda yerləşən universitetlər daha aşağı səviyyəli təhsil verən müəssisələr kimi qəbul olunur. Xüsusilə yüksək bal toplayan əksər tələbənin rayon universitetini seçməsi cəmiyyət tərəfindən təəccüblə qarşılanır.

 

Bakı və rayon universitetləri arasında həqiqətən təhsil keyfiyyəti baxımından ciddi fərq varmı?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyevin sözlərinə görə, Bakıda yerləşən universitetlərlə regionlarda yerləşən ali təhsil müəssisələri arasındakı fərqə yanlız coğrafi yerləşim baxımından yanaşmaq doğru deyil.

 

S.Vəliyev qeyd edib ki, universitetin keyfiyyətini onun yerləşdiyi region, şəhər müəyyən etmir: “Birinci növbədə burada təhsilin təşkili eyni zamanda akademik heyətin səviyyəsi, tədris proqramlarının müasirliyi, təbii olaraq maddi texniki bazanın səviyyəsi, tələbələr üçün universitet tərəfindən yaradılan imkanlar, universitetin beynəlxalq əlaqələri, beynəlmiləlləşməsi, elmi fəaliyyəti və məzunların nəticələri ilə müəyyən edilir. Təbii ki, Bakı ilə region universitetləri arasında müəyyən fərqlər mövcuddur, lakin bu fərqlərin hamısını birbaşa təhsilin keyfiyyəti ilə əlaqələndirmək düzgün olmaz. Düzdür, Bakıda universitetlərin ətrafında daha geniş  biznes və əmək mühiti formalaşıb. Tələbənin müxtəlif, şirkət, kampaniyalarda təcrübə keçmək, eyni zamanda dərsdən sonra işləmək, seminar və konfranslara, digər tədbirlərə, kurslara, layihələrə qoşulmaq imkanı daha çoxdur. Bu da tələbənin birmənalı olaraq ümumi inkişafına təsir göstərir. Yəni bəzən tələbənin Bakı universitetinə üstünlük verməsinin səbəbi universitetin özündən daha çox Bakıdakı universitetdənkənar əlavə imkanların çoxluğu olur”.

 

Deputatın sözlərinə görə, regionlarda başqa üstünlüklər mövcuddur: “Tələbə regiondandırsa, o zaman öz ailəsinə daha yaxın olur və daha sakit mühitdə təhsil almaq imkanı əldə etmiş olur. Bəzi hallarda tələbə müəllim münasibətlərinin də daha sıx olması regionlarda daha çoxdur və bu da müsbət amillərdən biridir. Eyni zamanda biz onu nəzərə almalıyıq ki, region universitetlərinin yerləşdikləri ərazilərin sosial-iqtisadi inkişafında da mühüm rolu var. Orada təhsil alan tələbə gələcəkdə  həmin universitetdən məzun olduqda regionun inkişafına lazımi olan öz bilikləri, bacarığı, sariştəsi ilə töhfə verə biləcək. Bu da öz növbəsində  həmin şəxsin bir mütəxəssis kimi formalaşmasına öz müsbət təsirini göstərəcək. Çox təəssüflər ki, cəmiyyətimizdə belə bir formalaşmış stereotip var ki, sən yüksək bal toplamısansa, mütləq Bakıda oxumalısan. Aşağı bal toplamısansa, o zaman region universitetinə getməlisən. Bu elmi və məntiqi baxımdan birmənalı olaraq  düzgün yanaşma deyil. Abituriyentin topladığı bal onun müəyyən imtahandakı nəticəsidir. Gələcəkdə necə mütəxəssis olacağını və hansı universitetdə daha uğurlu olacağını tam müəyyənləşdirmir. Hesab edirəm ki, bu birbaşa şəxsin özü ilə bağlıdır. Onun bacarığı, gələcəkdə formalaşacağı səriştəsi ilə birbaşa bağlıdır. Bakıdan və ya region universitetindən məzun olaraq hansı daha səriştəli və peşəkar mütəxəssis olacağı təbii olaraq universitetin harada yerləşəcəyindən asılı deyil”.

 

S.Vəliyev vurğulayıb ki, universitet seçərkən təbii ki, gələcək karyera imkanlarını, eyni zamanda təhsil haqlarını, yaşayış tərzlərini və gələcək perspektivləri qiymətləndirməlidir. Bundan sonra ali təhsil müəssisəsi seçməlidir. Sadaladığım xərclər regionda Bakı ilə müqayisədə daha aşağıdır. Belə hallar var ki, bəzi ailələr universitetin konkret olaraq hansı imkanları təqdim etdiyini qiymətləndirmədən onun yanlız adına və yerləşim yerinə görə universiteti seçirlər. Burada gələcəkdə həmin ixtisas üzrə məzun olarkən bir çox hallar var, biz bunun şahidi olmuşuq, yüksək balla qəbul olmuş, tələbə adını qazanmış şəxslər təhsil ala bilməyiblər, çətinliklə universiteti bitiriblər və mütəxəsis olaraq özlərinə əmək bazarında yer tapa bilməyiblər. Ümumiyyətlə biz region universitetlərimizə baxsaq bu gün regionlarımızın sosial-iqtisadi inkişafı birmənalı olaraq region universitetlərinin inkişafına da öz təsirini göstərib. Onların əmək bazarı ilə əlaqələri gücləndirilmiş, yerli və beynəlxalq layihələrdə artıq iştirak edirlər və bir çox layihələrin qalibi olurlar. Müasir laboratoriyalar qurulub, tədris infrastrukturu yaranıb. Tələbələrin təcrübə imkanlarının genişləndirilməsi istiqamətində çox önəmli və ciddi addımlar atılıb. Bu gün hesab edirəm, Azərbaycan regionlarında fəaliyyət göstərən elə bir universitet yoxdur ki, müasir  texnologiyalar sahəsində tələb olunan şərtlər həmin universitetdə yerinə yetirilməmiş olsun. Universitet seçərkən Bakı və rayon prinsipinə görə yox, keyfiyyət və nəticələrə görə müqayisə etməliyik. Hansı universitetin tələbəsinə daha yaxşı təhsil və inkişaf imkanı verilirsə həmin universitet də daha doğru seçim kimi qəbul olunmalıdır”.

 

Şəhanə Qədirli

Tarix: 3 Sentyabr 2026, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin