BURADA REKLAMINIZ OLA
BİLƏR

Səs izolyasiyası zəif olan yeni yaşayış binaları keyfiyyətsizdir? - AÇIQLAMA

Bir sıra yaşayış binalarında xüsusilə də yeni tikililərdə mənzillər arasında səs izolyasiyasının zəif olması sakinlərin narazılığına səbəb olur. Sakinlər səs izolyasiyasının yetərsiz olmasını binanın ümumi keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Anar Nəsirov bildirib ki, 2018-ci ildən başlayaraq xüsusi qərarla binaların tikilməsi, layihələndirilməsi və buna nəzarət şəhərsalma və tikinti üzrə aidiyyəti orqan tərəfindən həyata keçirilir.

Ekspert Anar Nəsirov - FOTOBAZA Pravda.az

Onun sözlərinə görə, bina tikən özəl şirkətlər tərəfindən xüsusi layihə hazırlanaraq şəhərsalmaya təqdim edilir və burada standartlara uyğun olub-olmaması, tikinti normalarına (hündürlük, ara divarlar, məsafə, texniki göstəricilər və digər nüanslar) riayət olunub-olunmamasına baxılaraq texniki göstəricilər nəzərdən keçirilir: “Əgər hər şey normaldırsa, bu zaman tikintiyə icazə verilir. Çatışmazlıq aşkar olunduğu təqdirdə normativlərə uyğunlaşdırılması tələb olunur. Yəni hər hansısa bir layihəni şəhərsalma üzrə orqan yoxladıqdan sonra bütün tikinti normativlərinə uyğun olduğu təqdirdə təsdiqləyərək tikintiyə icazə verilir. Səs problemləri binaların pis və ya keyfiyyətsiz tikilməsi anlamına gəlmir. Ola bilsin, qonşu mənzillər ya tək daşla, kərpiclə tikilir ona görə səs gedir və yaxud səsin getməsinə səbəb divar qatının nazik olması ilə əlaqələndirilə bilər. Cüt daşla tikilsə belə həmin mənzillər arasında səs getmə ehtimalı var”.

 

Ekspert qeyd edib ki, müasir dövrdə tələblərə cavab verən tikinti materialları mövcuddur və səsin qarşısını almaq vətəndaşlar üçün elə də problemli ola bilməz: “Yeni binalarda mənzillər adətən “podmayak” şəklində vətəndaşa təhvil verilir. Vətəndaşlar bu mənzili təmir edərkən orada qonşu ilə mövcud olan divarı düzgün izolyasiya sistemlərindən istifadə edərək təmir etdirsələr, səs problemi olmaz. Binanın keyfiyyətsiz tikildiyi o halda deyilə bilər ki, orada istfifadə olunan tikinti materialları keyfiyyətsiz olsun və ya normadan əksik istifadə edilsin. Ancaq qonşuya səs getməsi binanın keyfiyyətsiz tikilməsinə dəlalət etmir. Əslində qonşular arasını kəsən sərhəd nöqtələri, divarlar cüt kərpiclə tikilməlidir ki, səsin qonşuya gedilməsinin qarşısı alınsın. Ola bilsin, hansısa ustanın məsuliyyətsizliyi və ya hansısa işinin öhdəsindən layiqincə gəlməməsi səsin daha çox getməsinə səbəb ola bilər. Ancaq bunun qarşısını təmir zamanı almaq mümkündür. Qeyd edim ki, cüt kərpiclə tikilsə belə səsin qarşısı 100 faiz göstərici ilə alınmaya bilər. Ekspert kimi vətəndaşlara tövsiyə edərdim ki, təmir etməmişdən qabaq bu kimi problemləri nəzərə alsınlar. Öncədən evlərini standartlara uyğun və problemləri nəzərə alaraq təmir etsinlər”.

 

Şəhanə Qədirli

Tarix: 7 Sentyabr 2026, 11:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin