BURADA REKLAMINIZ OLA
BİLƏR

Anasını döyən atalığını öldürdü – 9 il HƏBS CƏZASI

Bakıda ögey atasını öldürməkdə təqsirləndirilən 2009-cu il təvəllüdlü Yaqub Qayıbovun (adı, soyadı şərtidir) cinayət işinin bəzi detalları məlum olub.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi üzrə məhkəmə araşdırması zamanı hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, təqsirləndirilən şəxsin isə atalığının anasına qarşı zor tətbiq etdiyini gördükdən sonra bıçaq götürərək ona zərbələr endirdiyi müəyyən edilib.

 

İbtidai istintaq orqanı tərəfindən Yaqub Qayıbova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham verilib.

 

İttihama əsasən, hadisə 20 oktyabr 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş karxanasında yerləşən nömrəsiz fərdi yaşayış evində baş verib.

 

Yaqub Qayıbov həmin evdə anası Səbinə Qayıbova (adı, soyadı şərtidir) və atalığı, zərərçəkmiş Emil Əliyevlə birlikdə yaşayıb.

 

Həmin gün təqsirləndirilən şəxs qonaq otağında atalığının spirtli içki qəbul etdiyini görüb və yataq otağına keçərək uzanıb. Bir müddət sonra qonaq otağından səs-küy eşidən Yaqub geri qayıdıb.

 

Zərərçəkmiş şəxs anası ilə ailə münaqişəsi zəminində mübahisə edib.

 

Təqsirləndirilən şəxs əvvəlcə onların yanında olduqda sakitləşəcəklərini düşünüb və qonaq otağında əyləşib. Lakin münaqişə davam edib.

 

Emil Əliyev Səbinə Qayıbova ilə əlbəyaxa olub və onu yerə yıxaraq döyməyə başlayıb. Yaqub baş verənləri yaxın qohumlarına göstərmək üçün telefonundan görüntülü zəng edib. O, görüntülü danışıq zamanı anası ilə atalığının mübahisəsini qohumuna nümayiş etdirib.

 

Zərərçəkmiş şəxs daha sonra stulda əyləşərək yerdə uzanmış vəziyyətdə olan qadının bədən nahiyələrinə təpiklə zərbələr vurub.

 

Bundan başqa, onun həm təqsirləndirilən şəxsə, həm də yaxınlarına qarşı nalayiq ifadələr işlətdiyi bildirilir.

 

Baş verənlərdən hiddətlənən Yaqub telefon danışığını başa çatdırdıqdan sonra atalığından qisas almaq qərarına gəlib. O, gizlincə evin mətbəxinə keçib, oradan bıçaq götürüb, belində gizlədərək yenidən qonaq otağına qayıdıb.

 

İstintaqın versiyasına əsasən, təqsirləndirilən şəxs atalığının ondan yaşca böyük olduğunu və qarşılıqlı fiziki güc baxımından ona üstün gələcəyini düşündüyündən Emil Əliyevin arxası ona tərəf olduğu anda qəfil hərəkət edib. Yaqub bıçağı çıxararaq atalığının bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib və nəticədə zərərçəkmiş şəxs ölüb.

 

Məhkəmə baxışı zamanı Yaqub Qayıbov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisənin bəzi məqamlarını təsdiqləməklə yanaşı, atalığını öldürmək niyyətində olmadığını deyib.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü anası mətbəxdə yemək bişirib, atalığı isə evdə spirtli içki qəbul edib. O, Emil Əliyevin anasına qarşı nalayiq ifadələr işlətdiyini eşidəndən sonra qonaq otağından yataq otağına keçdiyini söyləyib. Bir qədər sonra zərərçəkmiş şəxsin evdən gedəcəyini deməsi anası ilə onun arasında yeni mübahisəyə səbəb olub.

 

Yaqub Qayıbov bildirib ki, anası atalığının içkili olduğunu nəzərə alaraq evdən çıxmasını istəməyib və onun telefonunu əlindən alıb. Zərərçəkmiş şəxs telefonu taparaq geri götürüb və bundan sonra onların arasında əlbəyaxa dava başlayıb.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, Emil Əliyev Səbinə Qayıbovanı yerə yıxıb. Anasını həmin vəziyyətdə gördükdə qorxub və xalasına görüntülü zəng edib. O, telefondan anası ilə atalığının dava etməsini xalasına göstərib. Xalası onları danlasa da, mübahisənin davam etdiyini görüb.

 

Yaqub Qayıbov deyib ki, anasının döyülməsini və atalığının yaxınlarını təhqir etməsini həzm edə bilməyib və bundan sonra əsəbiləşərək mətbəxə keçib. Oradan bıçağı götürərək qonaq otağına qayıdıb.

 

O, məhkəmədə bildirib ki, əlində bıçaq olmasına baxmayaraq, atalığı ilə üzbəüz gəlməkdən qorxub.

 

Yaqub Emilin stulda arxası ona tərəf oturduğunu gördükdən sonra kürək nahiyəsinə dörd dəfə bıçaq zərbəsi endirdiyini etiraf edib. Bundan sonra zərərçəkmiş şəxs qapı tərəfə gedərək yerə yıxılıb.

 

Təqsirləndirilən şəxs əlavə edib ki, Səbinə Yaqubova onun atalığını bıçaqla vurduğunu gördükdən sonra qorxub və onu yataq otağına salaraq qapını bağlayıb. O isə xalasına yenidən zəng edərək baş verənləri danışıb.

 

Yaqub Qayıbovun ifadəsinə görə, xalası anasına Emilə ilkin tibbi yardım göstərməyi deyib. Anası isə qorxudan özündə olmadığından onun qanaxmasını dayandırmağa çalışıb.

 

Təqsirləndirilən şəxs anasından təcili tibbi yardım çağırmasını istəyib.

 

Daha sonra özü polis əməkdaşlarına zəng edərək hadisə barədə məlumat verib. Anası affekt vəziyyətində olduğundan bıçağı atıb.

 

Yaqub Qayıbov məhkəmədə bildirib ki, Emil Əliyev əvvəllər də onun və anasının fiziki zorakılığına məruz qalmasına səbəb olub.

 

Onun sözlərinə görə, anası əvvəllər zərərçəkmiş şəxs barədə polisə şikayət edib, lakin sonradan ondan qorxduğu üçün şikayətini geri götürüb.

 

Təqsirləndirilən şəxs atalığına bıçaq zərbələri endirməkdə məqsədinin onu öldürmək deyil, qorxutmaq olduğunu deyib.

 

O, hadisə zamanı affekt vəziyyətində olduğunu və bu səbəbdən bir neçə zərbə vurduğunu söyləyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsi Yaqub Qayıbovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilib. Məhkəmənin hökmü ilə o, cəzanı ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 9 Sentyabr 2026, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin