BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avropa təşkilatlarının bir çoxu öz hayındadır, yadlarına heç Əli Kərimli düşmür” - Elman Nəsirov

“Azərbaycan hüquqi dövlətdir və heç kim hüququn fövqündə dayana bilməz. Necə deyərlər, qanun şahdır. Hüquqi dövlətdə hər kəs bilməlidir ki, o, qanunlara tabe olmalıdır, qanunazidd hansısa addım atsa, hüquqi müstəvidə müvafiq cəzasını alacaq. Bu, bir aksiom tələbidir. Kim bunu yaddan çıxarır və hesab edirsə ki, onun əlahiddə səlahiyyətləri var, bu düşüncəyə qapıldığı andan onun bədbəxtliyi başlayır. AXCP sədri Əli Kərimliyə də elə gəlirdi ki, istənilən məsuliyyətsiz addımları ata, qanunazidd hərəkətlər edə, hüquq pozuntusuna gedə bilər, partiya sədri olduğundan toxunulmazdır, barəsində heç bir hüquqi addım atıla bilməz... Bunlar çox yanlış düşüncələrdir və indi də altını çəkir… Yeri gəlmişkən, bəzən sosial şəbəkələrdə müxalif kəsimlərin belə yanaşmalarına rast gəlirik ki, guya Avropa təşkilatları və beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə təzyiq edirlər, beynəlxalq mediada da bu barədə yazılar gedir və sairə. Əvvəla, bu gün Avropa təşkilatlarının bir çoxu öz hayındadır, yadlarına heç Əli Kərimli düşmür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirovun sözlərinə görə, Avropa parlamentində korrupsiya halları o səviyyəyə gəlib çatıb ki, indi “Avorpa parlamenti” və “korrupsiya sözü” sanki sinonimləşib: “Orada baş verən hadisələr təəccüb və təəssüf doğurub. Bu gün Avropanın özündə elə proseslər gedir ki, Avropa ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini yüz dəfələrlə daha çox cəlb edir, nəinki Əli Kərimli. Ümumiyyətlə, Əli Kərimli onların yadlarına düşürmü? Hətta yadlarına düşsə belə, Azərbaycana qarşı hansı addımları ata bilərlər? Öz ölkələrində qanunu, hüququ pozan şəxslərə baxırlar ki, o, hansı partiyanın rəhbəridir, hansının statusu var? Avropanın özündə də, ümumiyyətlə, sivil dünyada qanun hər şeydən üstündür, qanunun fövqündə heç kim dayana bilmir. Bu gün Avropanın başı daha çox buna qarışıb ki, görəsən, Fransada 2027-ci il seçkilərində Emmanuel Makronu Le Penin partiyası əvəz edəcək, yoxsa Milli Cəbhə Partiyasımı hakimiyyətə gələcək, o gəlsə, Avropanı nə gözləyir? Bu gün Almaniyada Almaniya üçün Alternativ Partiyasının qazandığı uğurlar daha böyük problemə çevrilib. Sağ radikal partiyadır və onlar Almaniyada hakimiyyətə gəlməyə iddialıdırlar. Avropanın başı bu dərdə qarışıb ki, baş verərsə, Avropanı nələr gözləyir? Avropanın başı Rusiya-Ukrayna müharibəsinə elə qarışıb ki, yadına Əli Kərimli düşür? Hətta düşsə də belə, bu, heç nəyi dəyişmir. Azərbaycanda heç kim siyasi baxışına, əqidəsinə görə həbs edilmir. Azərbaycanda kim həbs edilsə, bilin ki, bu həbsin arxasında onun konkret Azərbaycan qanunlarına hörmətsiz davranışı, qanunu pozması, qanunazidd davranışı dayanır. Təkrar edirəm, hüquqi dövlətik deyə məsələlərə hüquqi müstəvidə qiymət veririk. Görünür, Əli Kərimli fərqli düşüncədə imiş, indi də onun əziyyətini çəkir. Hesab edirəm, dərs alacaq. Bundan sonra həbsxanaya düşmək istəmirsə, qanunlara hörmət etməlidir. Özü də hüquqşünasdır. Qanunları pozmamalıdır. Bilməlidir ki, heç bir qanunazidd addım cəzasız yekunlaşmır”.

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2026, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin