BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisini döyərək xəsarət yetirən şəxs cinayət məsuliyyətindən azad edildi

Qaradağ Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Gülgün Kərimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.

 

İttihama görə, hadisə bu il saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərin birində baş verib.

 

Belə ki, həmin vaxt Gülgün Kərimovla qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı zərərçəkmiş Vüsalə Əmirzadə (adı, soyadı şərtidir) arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs qadının bədəninin müxtəlif nahiyələrinə əl zərbələri ilə qəsdən vurub.

 

Nəticədə zərərçəkmiş şəxsin sağ bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazu oynağının və döş qəfəsinin ön səthini əhatə edən yumşaq toxumaların əzilməsi, həmçinin sol bazu nahiyəsinin qançırı yaranıb.

 

Məhkəmə iclasında Gülgün Kərimov özünü təqsirli bilib. O, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və Vüsalənin ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

 

Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını qeyd edərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edib.

 

Kamal Məmmədov

Tarix: 10 Sentyabr 2026, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin