BURADA REKLAMINIZ OLA
BİLƏR

"Şəki yaylası"ndan iddialara cavab:

"Şəki yaylası" istirahət mərkəzi ziplayn xətlərinin qırılması ilə bağlı iddialara cavab verib.

 

Pravda.az xəbər verir ki, mərkəzin "Instagram" səhifəsində hadisə ilə bağlı açıqlama yayımlanıb.

 

Açıqlamada əvvəlcə hadisə zamanı həyatını itirən Ucal Bayramov və Coşqun Məmmədova Allahdan rəhmət, ailələrinə səbir dilənilib.

 

İstirahət mərkəzindən bildirilib ki, ziplayn xətlərində hər hansı qırılma baş verməyib:

 

"Gördüyünüz kimi, ziplayn xətlərində heç bir qırılma yoxdur. Xətlər tamamilə sağlamdır və öz yerlərindədir. Bu xətlər çox hündürdən keçdiyi üçün həmin məsafələrdə və hündürlüklərdə sərt küləklər, burulğanlar ola bilir. Bu burulğanlar xətlərdə dalğalanmalar yaradır. Nəticədə xətlər böyük yük altında olmasına baxmayaraq, öz yataqlarından çıxıb. Bu, Azərbaycanda yenilikdir. Ekstrim idman növüdür. Hansı hallarda bu tip qəzalar ola bilər, ölkə olaraq bununla bağlı təcrübəyə tam malik deyilik. Təəssüflər olsun, belə acı təcrübələr bizim başımıza gəldiyinə görə, bundan sonra necə davranmaq lazım olduğuna, hansı təhlükəsizlik tədbirlərinin görülməli olduğuna daha diqqətlə yanaşılacaq".

 

Mərkəzdən qeyd olunub ki, xətlərin bağlantıları beton konstruksiyaların içərisində yerləşən dəmir hissələrə bərkidilir və mütəmadi yoxlanılır.

 

Qeyd: Sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olub. İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb və əlavə təhlükəsizlik avadanlığı zədələnib. Nəticədə hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.

 

Tarix: 11 Sentyabr 2026, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin