BURADA REKLAMINIZ OLA
BİLƏR

İşləyənlərin sayı nə üçün azalıb? – Deputat izah edir

“2026-cı il avqustun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib. İyulun 1-də qeydə alınmış 1 milyon 787,4 min nəfərlə müqayisədə söhbət 6,3 min nəfərlik və ya təxminən 0,35 faizlik aylıq dəyişmədən gedir. Bu rəqəmi qiymətləndirərkən statistik anlayışları düzgün fərqləndirmək vacibdir. Sözügedən göstərici ölkədə məşğul olan əhalinin hamısını əhatə etmir, yalnız muzdla çalışan işçiləri ifadə edir. Fərdi sahibkarlar, özünüməşğul şəxslər, ailə təsərrüfatlarında çalışanlar və digər məşğulluq kateqoriyaları ayrıca nəzərə alınır. Buna görə muzdlu işçilərin sayındakı azalmanı eyni sayda insanın işsiz qalması ilə avtomatik şəkildə eyniləşdirmək düzgün olmaz”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov Azərbaycanda işləyənlərin sayının azalması ilə bağlı göstəricilərə münasibət bildirərkən deyib.

 

R.Muradovun sözlərinə görə, aylıq azalmanı yalnız bir səbəblə əlaqələndirmək də iqtisadi baxımdan əsaslı yanaşma sayılmaz: “Müddətli əmək müqavilələrinin və layihə əsaslı işlərin başa çatması, mövsümi fəaliyyət sahələrində kadr dövriyyəsi, müəssisələrdə aparılan struktur yenilənmələri, bəzi işçilərin fərdi sahibkarlığa və ya başqa məşğulluq formasına keçməsi, eləcə də statistik hesabatların dəqiqləşdirilməsi belə dəyişikliklərə təsir göstərə bilər. Səbəblər haqqında daha konkret qənaətə gəlmək üçün yeni bağlanan və başa çatan əmək müqavilələrinin, vakant iş yerlərinin, işçi qüvvəsində iştirak səviyyəsinin, həmçinin sahələr və regionlar üzrə məşğulluq dinamikasının birlikdə təhlili tələb olunur. Əmək bazarındakı aylıq dəyişmə daha geniş iqtisadi təhlil tələb edir. Mövcud göstəricinin daxili strukturu isə mühüm iqtisadi meyli üzə çıxarır. Muzdla çalışanların 944,2 min nəfərinin qeyri-dövlət, 836,9 min nəfərinin dövlət sektorunda fəaliyyət göstərməsi özəl bölmənin əmək bazarındakı aparıcı mövqeyini göstərir”.

 

Deputat qeyd edib ki, dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri məşğulluğun təkcə büdcə təşkilatları hesabına genişləndirilməsi ilə məhdudlaşmır: “Başlıca məqsəd sahibkarlığın inkişafı, investisiya fəallığının artırılması, sənayeləşmə, regionlarda yeni istehsal sahələrinin yaradılması və işğaldan azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qoşulması vasitəsilə daha məhsuldar, dayanıqlı və rəsmi iş yerlərinin formalaşdırılmasıdır. Bununla yanaşı, aylıq azalmanın davamlı xarakter alıb-almadığı diqqətlə izlənməlidir. Xüsusilə əmək bazarının tələbləri ilə peşə bacarıqları arasındakı uyğunsuzluğun aradan qaldırılması, gənclərin və qadınların məşğulluq imkanlarının genişləndirilməsi, peşə hazırlığı proqramlarının real vakansiyalarla əlaqələndirilməsi mühüm əhəmiyyət daşıyır. Hazırkı 0,35 faizlik dəyişmə əmək bazarında kəskin geriləmə haqqında hökm vermək üçün yetərli əsas yaratmır. Bu, daha çox çevik əmək münasibətləri və iqtisadiyyatın struktur yenilənməsi şəraitində müşahidə olunan məhdud aylıq hərəkət kimi qiymətləndirilə bilər”.

 

Şəhanə Qədirli

Tarix: 11 Sentyabr 2026, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin