BURADA REKLAMINIZ OLA
BİLƏR

Azər Badamov: “Seçkilər Trampın hazırkı siyasi nüfuzunun ciddi sınağı olacaq”

“ABŞ-də qarşıdakı aralıq seçkilər Donald Tramp və Respublikaçılar Partiyası üçün mühüm siyasi sınaq olacaq. Hesab edirəm ki, Respublikaçıların mövqelərini gücləndirmək şansı kifayət qədər yüksəkdir, lakin seçkinin nəticəsini təkcə Trampın şəxsi nüfuzu müəyyən etməyəcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, Donald Tramp ABŞ cəmiyyətində hələ də çox güclü siyasi fiqurdur: “Onun əsas üstünlüyü Respublikaçı elektoratı səfərbər etmək imkanının yüksək olmasıdır. Bununla yanaşı, Trampa qarşı ciddi müqavimət göstərən seçici kütləsi də var və bu, ABŞ siyasətində güclü qütbləşmə yaradır. Seçkilərdə əsas məsələlər iqtisadiyyat, inflyasiya, miqrasiya və sosial rifahla yanaşı, xarici siyasət də olacaq. Xüsusilə, Yaxın Şərqdəki proseslər Respublikaçıların imicinə müəyyən təsir göstərə bilər. Əgər seçici Administrasiyanın bu sahədəki siyasətini uğursuz hesab etsə, bu, Respublikaçıların mövqelərinə mənfi təsir göstərə bilər. Trampın vətəndaşlara maliyyə ödənişləri ilə bağlı vədləri isə müəyyən seçici qrupları üçün cəlbedici ola bilər. Ancaq bunun seçkinin nəticəsini təkbaşına dəyişəcəyini düşünmək düzgün olmaz. ABŞ seçicisinin qərarına iqtisadi vəziyyət, prezidentin fəaliyyətinə münasibət və partiyaların ümumi siyasəti daha ciddi təsir göstərir. Ümumi şəkildə deyə bilərəm ki, Respublikaçıların qələbə şansı realdır, amma qarşıdakı seçkilər həm də Trampın hazırkı siyasi nüfuzunun ciddi sınağı olacaq. Respublikaçıların uğuru Trampın mövqelərini daha da gücləndirə, məğlubiyyət isə onun siyasi kursuna münasibətdə ciddi suallar yarada bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 11 Sentyabr 2026, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin