BURADA REKLAMINIZ OLA
BİLƏR

Allahşükür Paşazadə: Seyid Yəhya Bakuvinin fəlsəfi görüşləri milyonlarla insana təsir göstərib

Haqq dini olan İslamı insanlara olduğu kimi təbliğ etmək yönündə böyük səylər göstərmiş Seyid Yəhya Bakuvinin mötədil təsəvvüf fəlsəfəsi, əsasən, mənəvi kamillik, insan qardaşlığı, tolerantlıq və bəşəri həmrəylik prinsiplərinə əsaslanır. Təsadüfi deyil ki, Bakuvinin fəlsəfi irsi UNESCO səviyyəsində qeyd olunub, qlobal əhəmiyyət qazanıb.

 

Pravda.az AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində “Gülüstan” sarayında keçirilən “İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I Beynəlxalq konfransın plenar iclasında çıxışı zamanı deyib.

 

QMİ-nin sədri bildirib ki, Bakuvinin fəlsəfi görüşləri Anadoludan Balkanlara, Orta Şərqdən Şimali Afrikaya, Qafqazdan Mərkəzi Asiyaya qədər geniş bir coğrafiyada milyonlarla insana təsir göstərib:”Seyid Yəhya Bakuvinin Bakıda, İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində tarixi abidə kimi qorunan türbəsi həm yerli sakinlərin, həm də xaricdən gələn zəvvarların ziyarət yerinə çevrilib. Zəmanəmizdə olduqca böyük ehtiyac duyulan mötədil dəyərlərin mükəmməl qaynaqlarından olan Bakuvi irsinin tədqiqi və təşviqi, heç şübhəsiz ki, ümumbəşəri və ümumislami dəyər kəsb edir”.

 

Allahşükür Paşazadə TDT Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində keçirilən beynəlxalq konfransda 40-a yaxın ölkəni, 18 beynəlxalq təşkilat və mərkəzi təmsil edən dövlət, din, elm və ictimai xadimi ehtiva edən 200-ə yaxın iştirakçının bir araya gəldiyini də diqqətə çatdırıb.

Tarix: 14 Sentyabr 2026, 15:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin