BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Avropa Parlamentinin qəbul etdiyi qərarlar bir dəfə istifadə olunub atılan kağız parçası kimi bir şeydir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Avropa Parlamenti haqqında çox düzgün, ədalətli, haqlı fikir söyləyib. Avropa Parlamenti uzun illərdir ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır. Parlamentə yığışmış bir qrup Avropanın müxtəlif ölkələrindən olan deputatların korrupsiyaya qurşanması, separatizmin, terrorçuluğu, işğalı müdafiə edib dəstəkləməsi onların fəaliyyətinin əsas istiqaməti olub. Onlar öz fəaliyyətləri, qəbul etdikləri qərar və qətnamələrlə dediklərimizi özləri təsdiq edirlər. Yəni Avropa Parlamenti uzun illərdir Azərbaycan torpaqları işğal altında olanda da işğalçını müdafiə edib, onlara haqq qazandırıb, tərəfini saxlayıb. Azərbaycana qarşı qərəzli mövqe tutub, daimi şər-böhtan kampaniyalarına başlayıb. Azərbaycana qarşı yaramaz qətnamələr qəbul ediblər. Hazırda da bunu davam etdirirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

E.Məmmədovun sözlərinə görə, bu, təkcə Avropa Parlamentinin deputatlarının ermənipərəst olması demək deyil, eyni zamanda onlar bölgədə, Cənubi Qafqazda sülhə qarşı çıxırlar: “Yəni dayanıqlı, etibarlı sülh yaranmasına, Azərbaycanın bu istiqamətdə apardığı işlərə qarşı çıxırlar. Onlar istəyirlər ki, cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında müharibə yenidən alovlansın, bu məqsədlə onlar Ermənistanı dəstəkləyirlər, müxtəlif istiqamətlərdə Ermənistana güzəştlər tətbiq olunması, onların xeyrinə qətnamələrin qəbul olunması, həvəsləndirməsini həyata keçirirlər. Avantürist cinayətkar qrupu bir vaxtlar Azərbaycan sərhədinə göndərmişdilər. Məqsəd nə idi? Azərbaycan qalib gəlib, torpaqlar işğaldan azad olunub, ərazi bütövlüyü, suverenliyi tam təmin olunub. Onlar həzm edə bilmirlər. Yəni bunlar inkişaf etmiş güclü müstəqil Azərbaycan görmək istəmirlər. Bütün tarix boyu, onun-bunun əlində alətə çevrilmiş, maşa olan Ermənistandan bu məqsəd üçün istifadə edirlər. Növbəti dəfə də Ermənistan məhsullarına tətbiq olunan güzəştlər də bir növ tula payıdır. Erməniləri həvəsləndirmək məqsədi güdür ki, yəni biz sizin arxanızda durmuşuq, sizin tərəfinizdəyik, qorxmayın, silahlanın, yenidən nə qələt etmək istəyirsinizsə, edin”.

 

Deputat qeyd edib ki, buna görə də cənab İlham Əliyev heç kimə və heç nəyə arxayın olmadan güclənməyi bəyan edir: “Ordumuz hər zaman qazandığımız nailiyyətləri əldə etmək üçün ən yüksək səviyyədə döyüşə, müdafiəyə hazır olmalıdır. Cənab Prezidentimiz çox yüksək səviyyədə, beynəlxalq tədbirlərdə də mədəni qaydada deyir ki, Avropa Parlamentinin qəbul etdiyi qərarlar bizim üçün əhəmiyyətsiz bir şeydir. Dəfərlə demişəm yenə də bildirirəm ki, onların qəbul etdiyi qərarlar bizim üçün bir dəfə istifadə olunub atılan kağız parçası kimi bir şeydir. Ermənistan artıq 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında lazımi dərsini alıb. Ağlı başında olan, sağlam düşüncəli ermənilər bilir ki, biz bir daha belə yaramaz fikrə düşsələr, bu dəfə artıq təkcə elə-belə qələbə olmayacaq, bu dəfə tarixi Azərbaycan torpaqlarında vaxtilə yaradılmış və bu gün mövcud olan Ermənistan dövlətinin olub-olmaması məsələsi gündəmə gələ bilər. Buna görə də hesab edirəm ki, sağlam düşüncəli ermənilər məntiqli fikirləşib bu pis niyyətlərdən birdəfəlik əl çəkməlidirlər və Avropa Parlamentinə və digər onları dəstəkləyən yaramaz qruplaşmalara deməlidirlər ki, qoyun dinc, sülh şəraitində yaşayaq, sizin bu hərəkətləriniz bizim axırımıza çıxacaq”.

 

Şəhanə Qədirli

Tarix: 16 Sentyabr 2026, 12:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin