BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan müxtəlif tərəfdaşlarla münasibətləri milli maraqları əsas tutaraq idarə edir - RƏY

Azərbaycanın xarici siyasətinin əsasını milli maraqların qorunması, dövlət suverenliyinin möhkəmləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi təşkil edir. Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz milli prioritetlərindən çıxış edən, tərəfdaşlıq münasibətlərini qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsipləri əsasında quran müstəqil dövlət kimi çıxış edir. Bu siyasət həm qonşu ölkələrlə normal və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsini, həm də müxtəlif dövlətlərlə əməkdaşlıq imkanlarının genişləndirilməsini nəzərdə tutur. Azərbaycanın ayrı-ayrı ölkələrlə imzaladığı tərəfdaşlıq və müttəfiqlik sənədləri də məhz bu yanaşmanın tərkib hissəsidir. Belə sənədlər ölkələrin bir-birinin milli maraqlarını və suverenliyini nəzərə alaraq əməkdaşlıq çərçivəsini müəyyənləşdirir və avtomatik olaraq tərəflərdən birinin digərinin diktəsi ilə hərəkət etməsi anlamına gəlmir. Əksinə, Azərbaycanın xarici siyasət təcrübəsi göstərir ki, ölkə müxtəlif istiqamətlərdə münasibətlər qurarkən öz milli maraqlarını əsas götürür və qərarlarını dövlətçilik prinsipləri əsasında müəyyənləşdirir. Bu baxımdan, Azərbaycanın xarici siyasətini ayrı-ayrı ölkələrlə münasibətlər kontekstində deyil, bütövlükdə milli maraqlara, suverenliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və regional sabitliyə söykənən ardıcıl siyasət kimi qiymətləndirmək lazımdır.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Azərbaycan Respublikasının xarici siyasətinin fundamental əsasını milli maraqların qorunması və təmin edilməsi təşkil edir.

Müşfiq Cəfərov: “Azərbaycan uzun illərdir, FETÖ-çülərlə mübarizə aparır”  Pravda.az

Deputat vurğulayıb ki, ölkənin xarici siyasət kursu müstəqilliyin, suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qorunmasına, həmçinin iqtisadi rifahın yüksəldilməsinə yönəlib: “2020-ci il Vətən müharibəsi və 2023-cü ilin anti-terror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdikdən sonra  xarici siyasətin baş hədəfi bu tarixi nailiyyətlərin beynəlxalq səviyyədə möhkəmləndirilməsi, regionda sülhün və sabitliyin təmin olunması oldu. Azərbaycan hər hansı bir xarici güc mərkəzindən asılı olmayaraq, tamamilə milli mənafelərinə uyğun müstəqil qərarlar qəbul edir. Azərbaycan dövləti üçün xarici siyasətin əsas məqsədi milli maraqların qorunması ilə yanaşı, dəyişkən güc konfiqurasiyaları şəraitində çevik və adaptiv davranış modelinin formalaşdırmaqdır. Bu kontekstdə Prezident İlham Əliyevin çıxışları və həyata keçirilən praktik siyasət kursu göstərir ki, Azərbaycanın xarici çoxvektorlu, praqmatik və situativ yanaşmalara əsaslanan, selektiv əməkdaşlıq və risklərin diversifikasiyasını özündə birləşdirən “strateji balans” modelinin nümunəsidir. Dövlətimizin başçısı cənab İlham Əliyev xarici siyasətdə sistemlilik, davamlılıq, ardıcıllıq və reallıqları nəzərə almaqla, ədalətlilik və beynəlxalq hüququn normalarına tam əməl etmək kimi amillərə böyük önəm verir. Məlumdur ki, Azərbaycan kifayət qədər mürəkkəb və strateji əhəmiyyətli regionda yerləşir və buna görə də xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən, öz milli maraqlarını qorumaq, bölgənin aparıcı dövləti statusunu möhkəmlətmək, digər tərəfdən isə bölgədə maraqları olan bütün dövlətlərlə, eləcə də qonşu dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq və genişləndirmək kriteriyalarından çıxış edir. Əminliklə deyə bilərəmki, artıq Azərbaycan dövləti balanslaşdırılmış xarici siyasət həyata keçirərək etibarlı, məsuliyyətli tərəf müqabili kimi dünya tərəfindən qəbul olunur. Bununla yanaşı, ölkəmiz birmənalı, açıq və prinsipial mövqeyini əsla tərk etməyərək, heç bir ölkəyə ikili standartlar tətbiq etmir. İstər beynəlxalq səsvermələrdə, istərsə də digər platformalarda daim ədalətli mövqedən çıxış edir”.

 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova isə bildirib ki, Azərbaycan öz mövqeyini və vizyonunu açıq və aydın şəkildə ortaya qoyaraq xarici siyasət yürüdür:

“Bu xarici siyasət milli maraqlar, suveren qərarvermə və regional balansın qorunması baxımından dəyərləndirilməlidir. Həmçinin mütləq qaydada vurğulanmalıdır ki, sözügedən siyasət ayrı-ayrı ölkələrlə münasibətlər üzərindən dəyərləndirilməməlidir. Xarici siyasətimiz müstəqildir, çoxşaxəlidir, milli maraq əsaslı siyasətdir. Həmçinin bu siyasətin təbiəti və məntiqi ondan ibarətdir ki, biz hansısa dövlətin siyasətinə uyğunlaşmırıq. Öz dövlət maraqlarımızı önə çəkir, beynəlxalq münasibətlər sistemində yerimizi möhkəmləndirir, eyni zamanda manevr imkanlarımızı da saxlayırıq. Tərəfdaşlıq, strateji əməkdaşlıq, hətta müttəfiqlik münasibətlərinin özü də Azərbaycanın avtomatik olaraq hansısa ölkənin diktəsi altına düşməsi demək deyil. Tam əksinə, biz dövlətlərarası münasibətlərdə əməkdaşlığı, müttəfiqliyi, tərəfdaşlığı qoruyub saxlamaqda maraqlıyıq. Bu baxımdan, Azərbaycan-Rusiya Müttəfiq Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamədə belə tərəflərin müstəqil xarici siyasət yürütməsi təsbit olunur. Düşünürəm ki, müttəfiqlik məsələsi heç bir halda kimdənsə asılı olmaq kimi başa düşülməməlidir. Bu, münasibətlərin daha sıx şəkildə irəliləməsi deməkdir. Asılılıq isə hansısa dövlətin diktəsini qəbul etmək və öz imkanlarını məhdudlaşdırmaq deməkdir. Şübhəsiz ki, Azərbaycan heç bir halda ikinci amil üzərindən addımlar atmır. Normal qonşuluq, qarşılıqlı hörmət, qərarların qəbuluna müdaxilə etməmək birmənalı qaydada önəmlidir. Xarici İşlər Nazirliyi də bütün bəyanat və yanaşmalarında bu əsas prioriteti açıq şəkildə ifadə edir. Biz güc rəqabətinin mərkəzində qalmadan, bir-birinə qarşı qoyulan aktorlar üzərindən siyasət yürütmədən qurulan münasibətlər sistemini qorumağa çalışırıq. Hər hansı bir ölkə ilə əməkdaşlıq genişləndirilirsə, bu, digər ölkə ilə münasibətlərə avtomatik olaraq zərər gəlməsi və yaxud da onun pozulması, mənfi tendensiyaya keçməsi demək deyil. Coğrafi mövqe baxımından olduqca mürəkkəb bir ərazidə yerləşirik. Təbii ki, bu, inkarolunmaz reallıqdır və prosesləri daha da mürəkkəbləşdirir. Bir tərəfdən təhlükəsizlik, enerji və nəqliyyat imkanları, iqtisadi əlaqələr, digər tərəfdən isə regional və beynəlxalq mövqeyi düzgün müəyyənləşdirmək paralel inkişaf xəttini düzgün izləməyi tələb edir. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında qonşu ölkələrlə olan münasibətləri ön sıraya yerləşdirir. Dövlətimizin maraqlarını, həmçinin regionun maraqlarını nəzərə almağın və mövcud reallıqları imkanlara çevirməyin önəmi üzərində dayanır. Uzaqgörən Liderimiz praqmatik yanaşmanın və daxili işlərə müdaxilə etməməyin önəmini vurğulayır. Təbii ki, məqsədimiz hər bir aktorla eyni məsafədə dayanmaq deyil. Bu, mümkün də deyil. Bəzi ölkələrlə münasibətlərin intensivliyi, əməkdaşlıq səviyyəsi, gündəlikdə duran məsələlər daha həssas yanaşma, hətta qayğı tələb edir. Qərarlarımızı xarici mərkəzlərin diktəsi ilə almırıq. Dövlət maraqları və suveren seçimlər əsasında addımlar atırıq. Kiminsə yanında olmaq və yaxud da kiməsə qarşı olmaq məntiqi Azərbaycandan tamamilə uzaqdır. Siyasətimiz daha geniş xarakter daşıdığı qədər, həm də daha dəqiq fokus tələb edir. Biz müxtəlif güc mərkəzləri ilə münasibətlər qururuq. Regional və beynəlxalq təşkilatlarda fəaliyyətimizi və iştirakımızı daha da artırırıq. İkitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdiririk. Həmçinin bütün bunların hər birini milli maraqlarımızla uzlaşdırırıq. Nəticə etibarilə, əsas prinsipimiz milli maraqların prioritetliyi, dövlət suverenliyimizin qorunması, qonşu ölkələrlə normal münasibətlərin saxlanılması, qarşılıqlı faydalı əməkdaşlıq və qərarvermə müstəqilliyimizin qorunmasıdır. Bu baxımdan da hansısa dövlət əhəmiyyətli sənədin imzalanması və yaxud əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın həmin dövlətin diktəsi ilə hərəkət etdiyi anlamına gəlməməlidir. Bu, proseslərin mahiyyətini sadələşdirmək, bəsitləşdirmək və cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti cılızlaşdırmaq deməkdir. Bəsit və cılız siyasət isə cənab İlham Əliyevin şəxsi keyfiyyətlərindən də, liderlik xüsusiyyətlərindən əks istiqamətdə dayanır. Diplomatiyada mürəkkəb kombinasiyalara sadə həll üsulu və metodları gətirmək isə Azərbaycan Liderinin dünya tərəfindən qəbul və rəğbət görən xüsusiyyətidir. Bu baxımdan, tərəf seçmədən, milli maraqlarımızı əsas tutaraq müxtəlif tərəfdaşlarla münasibətləri idarə edirik. Bəli, məhz idarəetmə ən düzgün yanaşmadır. Mürəkkəb və dəyişkən beynəlxalq münasibətlər sistemində ölkəmizin manevr imkanlarını qorumağa xidmət edən siyasət ən düzgün yoldur".

 

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

Tarix: 3 Oktyabr 2026, 13:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin