BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Xalq istəyir ki, cənab İlham Əliyev hakim partiya müddətsiz sədrlik etsin”

“Yeni Azərbaycan Partiyasının VIII Qurultayında partiya sədrinin müddətsiz seçilməsi məsələsi haqqında qərar qəbul edildi. Əvvəla, bu qərar qurultay nümayəndələrinin qərarı idi. Hesab edirəm, bu gün tarix yazmış və adını əbədi tarixə yazdırmış, tarixi şəxsiyyət olan Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyanın üzvü olmağın özü çox böyük qürurverici məsələdir. Bir rəhbər ki Azərbaycan torpaqlarını işğaldan azad edib, onun suverenliyini təmin edib, belə bir insanın rəhbərlik etdiyi partiyanın üzvü olmaqdan xoşbəxt heç nə ola bilməz. Bütün bu reallıqların fərqində olan qurultay nümayəndələrinin səsverməsi ilə belə bir qərar qəbul edilib. Radikal müxalifət isə yenə öz ampluasındadır. Hələ bu günə qədər onlar öz statuslarının mahiyyətini ya dərk etməyiblər, ya da bilərəkdən onu təhrif edirlər. Müxalifətçilik heç də düşmənçilik anlamında olmamalı, düzü əyri görmək anlamına gəlməməlidir, ağa “qara” demək mənası kəsb etməməlidir. Müxalifət iqtidarın bu və digər addımlarında nöqsanlı, qüsurlu məsələ görürsə, onu tənqid etməlidir və bu tənqid konstruktiv olmalıdır. Arxasınca isə müəyyən təkliflər, alternativ yanaşmalar ortaya qoyulmalıdır. Ancaq Azərbaycan müxalifətinin radikal kəsimi haqqında bunları söyləmək qeyri-mümkündür. Onlar yalnız ittiham edə bilirlər. İttiham etmək üçün də gərək mənəvi haqqın olsun. Bir özün güzgüyə bax, üzündən maskanı cır tulla, gör hansı sifətin ortaya çıxacaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Mən niyə söyləyirəm ki, bir güzgüyə baxsınlar, özlərini tənqid etmək üçün mənəvi haqları olsun? İsa Qəmbər özü 34 ildir ki, Müsavata rəhbərlik edir. Əli Kərimli də 30 ilə yaxındır ki, AXCP-yə rəhbərlik edir. Tənqid edəndə özünüz ərizə yazın, postlarınızı tərk edin, ondan sonra kimisə tənqid etməyə, ağız büzməyə haqqınız olsun. Axı siz nə etmisiniz? İsa Qəmbər bu gün Azərbaycan dövləti, dövlətçiliyi üçün nə edib? Əli Kərimli nə edib? Heç bir şey etməyiblər. Əksinə, Azərbaycan dövlətinin kürəyinə zərbə vuran insanlardırlar. Belə bir vəziyyətdə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə - Müzəffər Ali Baş Komandanla özlərini müqayisə etmələri gülüncdür. Həm də onlar israrla bu vəzifədə qalırlar. İsrarla çalışırlar ki, partiyada rəhbərliyi əllərində saxlasınlar. Amma Azərbaycan xalqı istəyir ki, cənab İlham Əliyev hakim partiyanın rəhbəri olsun. Müddətsiz sədrlik məsələsi də yenə də xalqın istəyidir. Çünki YAP ümumxalq partiyasıdır. Partiyanın sıralarında qırx faizdən çoxu gənclərdir. Bu xalqın Qurultaya seçdiyi nümayəndələr bu qərara gəliblər. Xalqın seçdiyi qərara niyə hörmətsizlik edirsiniz? Bilmirsiniz, Konstitusiyamızın 1-ci maddəsində yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır? Hakimiyyətin mənbəyi xalqdırsa, xalqın da istəyi belədir. Bu sizin nəyinizə xoş gəlmir? Yoxsa siz Azərbaycan Respublikasının Konstitusiyasından 1-ci maddənin silinməsini istəyirsiniz? Təklifiniz budur? Ayıb olsun sizə!” - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 3 Oktyabr 2026, 14:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin