BURADA REKLAMINIZ OLA
BİLƏR

“Əhalinin böyük qismi müflisləşir, çox az bir hissəsi varlanır” – Rüfət Quliyev

“Bazar iqtisadiyyatının iki böyük bəlası var. Biri inflyasiya, digəri isə işsizlikdir. Bütün dünyada inflyasiya problemləri mövcuddur. Artıq bazar iqtisadiyyatı yolu ilə gedən ölkə nə inflyasiyadan, nə də işsizlikdən qaça bilir. Azərbaycanda inflyasiya mövcuddur, bazar iqtisadiyyatı yolu ilə gedirik. Bizim ÜDM-nin formalaşmasının 85 faizi özəl sektordadır. Yəni bu normal, inandığımız yoldur. Pandemiya başlayandan inflyasiyanı cilovlamaq çox çətindir. Dünya iqtisadiyyatı 9-10 faizə qədər gerilədi, inflyasiya təxminən ən azından aparıcı ölkələrdə - ABŞ, Avropada normal 1-1,2 faizdən 7-8 faizə qədər yüksəldi. Hətta Avropada pandemiya illərin axırında 10 faizə qədər yüksəliş oldu. Ölkədən-ölkəyə fərq var. Azərbaycanda inflyasiyanın rəqəmləri təxminən 3,5-8,5 faizə qədər təşkil edirdi”.

 

Bu sözləri Pravda.az-a iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev deyib.

 

R.Quliyevin sözlərinə görə, söhbət nominal inflyasiyadan gedir, real inflyasiya isə nominaldan da daha çox olur: “2025-2026-cı ildə Azərbaycanın özündə də dünyəvi tendensiya kimi inflyasiya cilovlandı və orta rəqəmlər 4-5,5 faizə qədər çərçivədə yerini tutdu. Beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, 2027-2028-ci illərdə Azərbaycanda inflyasiya 3-3,5 faizdən də aşağı ola bilər. İnflyasiyanın son illərdə sürətlə artmasının səbəbləri dünyada gedən müharibələrdir. 25 ölkədə bu və ya digər formada müharibə prosesləri mövcuddur. Gah sakitləşir, gah da sürətlə artır. İstənilən hərbi əməliyyatların sonu dünyəvi inflyasiyanın artmasıdır. Azərbaycanda olan inflyasiyanın çox payı xaricdən gələn inflyasiyadır. Xaricdə artır, maya dəyərinə təsir göstərir və qiymətlər artır. Təbii olaraq həmin qiymətlərlə Azərbaycana idxal olunan malların da qiymətləri artır. Bu statistik rəqəmlərlə təsdiqlənir. Azərbaycanda inflyasiyanın artma səbəbi xaricdən gətirilən kənd təsərrüfatı və qida məhsullarıdır. Statistika çox sərt elmdir, rəqəmlər də bəllidir. BMT-nin FAU qurumu kənd təsərrüfatı malları və qida məhsuluna nəzarət edir. Son 10 ildə bu qurumun bütün göstəriciləri, qiymətlərin indeksasiyası artır. Ən çox da süd məhsulları, yağ, şəkər, ətin qiyməti artır. Burada indeksasiya olduqdan sonra bəllidir ki, bütün dünyada bu qiymətlər  artacaq. Nəzərə alsaq ki, təxminən Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı və qida mallarının 40-45 faizi xaricdən gəlir. Tək kənd təsərrüfatı malları ilə iş bitmir. Bütün dünyada inflyasiya problemləri mövcuddur. Kənd təsərrüfatının inkişafında istifadə olunan xüsusi preparatlar da Azərbaycana idxal olunur”.

 

R.Quliyev qeyd edib ki, dövlətin xüsusi addımları, proqramı var  və problemlərin, fəsadlarının qarşısını almaq üçün kifayət qədər addımlar atılır: “Azərbaycan çalışmalıdır ki, əksər malları burada istehsal edib inkişaf etdirsin. Bunun üçün imkanlar, resurslar var, iqlim şəraiti imkan yaradır. Dünyada elə bir ölkə yoxdur ki, 100 faizlə özünü təmin etsin. Təmin etsə də özü onu istehsal etdikdə onun maya dəyəri  kifayət qədər baha olur. Bu səbəbdən həmin malları, xidmətləri xaricdən alıb idxal etsin. Ona görə beynəlxalq ticarət var. Təbii ki, Azərbaycan da bu yolla gedir. Bütün ölkələrin yoludur, qaçınılmazdır. Mövcud problemin həlli yolu isə sahibkarlığın inkişafıdır. İqtisadiyyatın mikro, kiçik, orta sahibkarlarının sayı artmalıdır. Dövlət də təbii ki, çalışmalıdır bu sahibkarlıq üçün daha da münbit şərait yaratsın. Proqram şəklində bunların hamısı həyata keçirilməlidir. Bizə bu islahatların sürəti daha çox maraqlıdır. Belə ki, sürət artmalıdır. Pandemiya olmasaydı, 2030-cu ilə qədər artıq ÜDM-nin 50 faizindən yuxarısı kiçik, orta, mikro bizneslərdə istehsal olunmalı, formalaşmalı idi. Pandemiya bütün bəşəriyyəti necə geri atdısa Azərbaycana da təsir göstərdi. Düzdür həmin rəqəmlər Azərbaycanda bir o qədər şiddətli olmasa da yenə də mənfi təsir göstərdi”.

 

Professorun sözlərinə görə, müharibə daşınma qiymətlərinə də mənfi təsir göstərib: “Ukrayna ilə Rusiya bir yerdə təxminən dünyanın 25 faiz buğda, qarğıdalı tələbatını ödəyən ölkələrdən biri idi. Hazırda bu rəqəmlər qat-qat aşağıdır. Çünki müharibə gedir, logistik problemlər var. Daşınma qiymətlərində bahalaşma var. Daşınma qiymətləri 40-50 faiz artıb. Məsələn, Ukraynadan Azərbaycana eləcə də Azərbaycandan Ukraynaya normal müharibədən qabaq bir tır 2500 dollara gəlib çıxırdı. Bu gün isə artıq logistik xərc 5500-6000 dollar təşkil edir. Müharibə gedən ərazidə aqrotexniki işlər görmək, kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Zirehli texnika haradan keçirsə, həmin ərazilərdə torpağın üst qatı tamamilə yararsız olur. Müharibələr həmçinin ona gətirib çıxardı ki, neftin bariyeli sürətlə 100 dolları keçdi. Nəzərə alsaq ki, iqtisadiyyatın döyünən ürəyi neft və neft məhsullarıdır və 40 faizə qədər asıllıq var. Neftin qiyməti qalxanda təbii ki, qazın da qiymətinə kifayət qədər təsir göstərir. Ona görə də Almaniyada da hər il minlərlə müəssisələr bağlanır. Neftin, qazın qiyməti qalxan kimi də birmənalı olaraq təsir göstərir. Avropa iqtisadiyyatı üzrə nömrə bir olan Almaniyada qiymətlər son illərdə o dərəcəyə qədər gəlib çıxıb ki, normalda illik yarım faiz inflyasiya olanda Almaniyada artıq narazılıqlar artıb. Bu günləri artıq Almaniyada 5 faizə qədər inflyasiya qeyd olunub. Eyni sözləri Amerika, Fransa, İtaliya üçün də demək olar. Ən əsas məqamlardan biridir ki, Karl Marks öz nəzəriyyəsində yazırdı ki, müharibəyə gedən vəsait quyunun dibinə atılan vəsaitdir. Yəni onun bəşəriyyətə, insanlığa, xalqa heç bir müsbət təsiri yoxdur. Ancaq pulu yandırırlar. Heç bir faydası, iqtisadiyyata müsbət təsiri yoxdur. Bu xərclər də gətirib ona çıxarır ki, bəşəriyyət əziyyət çəkir. Burada nəzərə almaq lazımdır ki, hərbi komplekslərin sahibləri, hərbi sursat istehsalçıları, milyarderlər indi yüz milyardlarla pul qazanırlar və  təbiidir ki, bu ölkələrdə ümumbəşəri bir problemə çevrilir ki, orta sinif sürətlə azalır”.

 

Rüfət Quliyev vurğulayıb ki, artıq Avropanın özünün bel sütunu olan orta sinif azalır: “Əhalinin böyük qismi müflisləşir, çox az bir hissəsi varlanır. İnflyasiya insanların alıcılıq qabiliyyətini  kifayət qədər aşağı salır. Bu proses elə gedir ki, bunu hər ay hiss edirlər və sonda da görünür ki, bu ilin axırına kimi mövcud proseslər daha da sürətlənəcək. İnflyasiya prosesləri dünyada daha sürətlə gedəcək. Gələn ilin ortasına qədər inanmıram ki, inflyasiyanı cilovlaya biləcəklər. Nə üçün Trampın reytinqi ən aşağı səviyyədədir? Tarixən son 60 ildə Amerikanın heç bir prezidentinin reytinqi iki il idarə etdikdən sonra beləl aşağı səviyyəyə düşməmişdir. İnsanlarda narazılıq var. Neft məhsullarının qiymətləri artıb, bu da zəncirvari formada bütün iqtisadiyyatın xərclərini artırır və təbii ki, qiymətlərin özünün də artmasına səbəb olur. Əgər bu ölkə inflyasiyadan ölkəsini qoruya bilmirsə narazılıqlar varsa deməli böyük problemlər var. Azərbaycanda təbii inflyasiya var. Bundan qaçmaq mümkün deyil. Bazar iqtisadiyyatı inflyasiyasız inkişaf edə bilməz. Bu olmalıdır. İnflyasiyanın qarşısının alınması üçün hökumətin bir çox layihəsi var ki, mərhələli formada həyata keçirilir. Bir iqtisadçı alim kimi demək istəyirəm ki, bütün bunlar inflyasiyanı cilovlamaq, hansısa bir əndazədə saxlamaq üçün bəlkə kifayət edəcək, amma bazarda yerli məhsul artmasa təxminən Azərbaycanın tələbatı və malların istehsalı və xidmətin 80-85 faizə qədər qaldıra bilməliyik. Ən böyük problem kənd təsərrüfatı malları və ərzaq məhsullarıdır. Tezliklə bunu çatdırmalıyıq. Azərbaycanın coğrafi vəziyyəti, iqlimi buna şərait yaradır. Burada böyük təkan verilməlidir. Bu gün Bakıda urbanizasiya problemi var. Dövlət bir az da bunu stimullaşdırmalıdır ki, insanlar regionlara qayıdıb kənd təsərrüfatına üz tutmalıdırlar. Kənd təsərrüfatı elə bir sahə deyil ki, sürətlə çox tez pul əldə edəsən amma kifayət qədər maraqlı olmalısan. Nəhəng proqramlar həyata keçirilib. İnqilabi formada addımlar atılmalı və hər iş nəzərə alınmalıdır. Çünki iqtisadiyyat qanunları bəlkə də fiziki qanunlar kimidir. Nəisə düz etmirsənsə onun fəsadını sonra fiziki qanunlarda dərhal görürsən, iqtisadiyyatda müəyyən zamandan sonra hiss edirsən. Ona görə, çağırış bundan ibarətdir ki, kiçik, orta, mikro sahibkarlığa çox fikir verilməli, onlara dövlət tərəfindən stimullaşdırmaq, birbaşa regionda vergi güzəştləri edilməlidir. Nümunə olaraq Belarusiyanı deyə bilərəm. Orada kənd təsərrüfatı , qida məhsulları həm kəmiyyət həm də keyfiyyətinə görə, o qədər inkişaf edib. Mən belə hesab edirəm ki, onlar özü də Avropanın özü ilə də rəqabətə girə bilərlər. Bizim üçün bu nümunə ola bilər. Onların iş aparmaq prinsiplərindən istifadə edə bilərik”.

 

Şəhanə Qədirli

Tarix: 6 Oktyabr 2026, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin