BURADA REKLAMINIZ OLA
BİLƏR

Maştağada sürücülər arasında dava düşdü, bir nəfər xəsarət aldı – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ağasəlim Quliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 20 mart 2026-cı il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Mirəliyev küçəsində baş verib.

 

Həmin vaxt Ağasəlim Quliyev idarə etdiyi “Jetour X70” markalı qeydiyyat nişanlı avtomobillə hərəkətdə olub. Bu zaman zərərçəkmiş Oqtay Səlimzadə (soyadı şərtidir) idarə etdiyi “Kia Rio” markalı avtomobili təqsirləndirilən şəxsin idarə etdiyi maşının üzərinə sürüb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.

 

Zərərçəkmiş şəxs Ağasəlim Quliyevi avtomobildən çıxarıb və yumruqla onun alın nahiyəsinə zərbə vurub. Nəticədə təqsirləndirilən şəxsin alın nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yaranıb.

 

Bundan sonra tərəflər arasında dava-dalaş başlayıb.

 

Dava zamanı Ağasəlim Oqtayın baş nahiyəsinə və yumruqla bədəninə bir neçə dəfə qəsdən zərbə vuraraq ona xəsarətlər yetirib.

 

İttihamda göstərilib ki, təqsirləndirilən şəxs bu hərəkətləri ilə qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurub.

 

Məhkəmə baxışı zamanı Oqtay Səlimzadə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

 

O, ifadəsində deyib ki, hadisə günü anasını və oğlunu avtomobillə evə aparırmış. Hərəkətdə olarkən qarşıdan gələn avtomobil onun idarə etdiyi avtomobilin üzərinə sürüb.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, toqquşmadan yayınmaq üçün avtomobili kənara çəkib. Bu zaman avtomobildə olan oğlu yerə yıxılaraq ağlamağa başlayıb.

 

Ağasəlim qeyd edib ki, Oqtayla eyni məhəllədə yaşasalar da, hadisəyə qədər bir-birilərini tanımayıblar. Hadisədən sonra məsələ ilə bağlı əlaqə saxlamaq məqsədilə Oqtayın mobil telefon nömrəsini alıb.

 

Təqsirləndirilən şəxsin ifadəsinə əsasən, avtomobili geriyə çevirmək məqsədilə qabağa verərkən anası ona avtomobili sürüb getməyi deyib. O, əvvəlcə Oqtayla evə gedəcəyini, daha sonra isə ona zəng edəcəyini razılaşdırdıqlarını bildirib. Oqtay avtomobildən düşərək yaxınlaşıb və Ağasəlimə “düş aşağı” deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

 

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, həmin vaxt avtomobildə anası və oğlu da olub. Oqtayın idarə etdiyi avtomobildə isə üç nəfərin olduğunu və onların üçünün də onun üzərinə gələcəyini düşünüb.

 

Onun sözlərinə görə, sonradan yalnız Oqtay onun üzərinə gəlib.

 

Ağasəlim anasının və oğlunun gözü qarşısında döyülə biləcəyindən narahat olduğunu və bundan sonra Oqtayla arasında əlbəyaxa mübahisənin, yəni davanın başladığını bildirib.

 

Kamal Məmmədov

Tarix: 8 Oktyabr 2026, 09:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin