BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirildi

Bu gün Milli Məclisin  Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.

 

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən Pravda.az-a verilən məlumata görə, onlayn iclasda 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik  işləri planı müzakirə  edilib.

 

Komitə sədri Bəxtiyar Əliyev  payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışıb. Qeyd  edilib ki, qarşıdakı sessiyada komitədə  “Ali təhsil haqqında” qanun layihəsi  hazırlanacaq, digər  vacib  qanunlar  üzərində iş  davam  etdiriləcək. İclasda komitənin iş planı təsdiqlənib.

 

Sonra komitə  sədri “Təhsil haqqında” qanunda  dəyişiklik edilməsi  barədə  sənədlə əlaqədar məlumatı  birinci oxunuşda diqqətə çatdırıb. Qanun layihəsinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət  başçısının 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğun olaraq hazırlandığını deyib. Sənədin valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıdığını vurğulayıb. Bildirilib ki, təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə, özəl ali və orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulur.

 

Onlayn iclasda Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”,  “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də birinci oxunuşda  müzakirə  edilib. 

 

Bildirilib ki, sözügedən sənədlərə təklif olunan dəyişikliklər “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma  xarakteri  daşıyır. Yeni sənədin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə xitam verilməsi mexanizmləri, təsisçisi əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan təhsil müəssisəsi rəhbərinin müavininin Azərbaycan vətəndaşı olması, ümumi təhsillə bağlı normaların təkmilləşdirilməsi, günüuzadılmış qrupların təşkili qaydalarını  müəyyən edəcək.

 

Sonra onlayn iclasda İnzibati Xətalar  Məcəlləsində  edilən dəyişikliklərə birinci oxunuşda  baxılıb.  Bildirilib ki,  qanun layihəsi “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanıb. Məcəllənin 192-ci maddəsinə təklif edilən dəyişiklik qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsinin bağlanılmasına görə məsuliyyəti tənzimləyir.

 

Komitə  üzvləri  İsa Həbibbəyli, Eldar Quliyev, Musa Qasımlı, Anar İsgəndərov, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev,  Ülviyyə Ağayeva, Şahin Seyidzadə müzakirə edilən sənədlərlə bağlı fikirlərini  bildiriblər.

 

Onlayn iclasın sonunda müzakirə  edilən qanun layihələrinin Milli Məclisin  plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

Tarix: 7 Sentyabr 2020, 13:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin