Hərbi əməliyyatlara hazırlıq başlayıb – Deputat açıqladı

Nikol Paşinyanın işğal altındakı Şuşa şəhərində asma körpünün açılışını etməsi, Livan ermənilərinin Qarabağa kütləvi köçünün təşkili Ermənistanın Azərbaycan torpaqlarından əl çəkmək niyyətində olmadığını bir daha nümayiş etdirdi. 

 

Növbəti həyasız davranış isə Qarabağdakı separatçı-terrorçu rejimin rəhbərliyindən gəlib. İşğal altındakı ərazilərimizdə meyvə bağları salan terrorçuların təmsilçisi Araik Arutyunyan facebook səhifəsində bu haqda yazıb: “Ağdamdakı bu bağım cənnət  çiçəklənməsi ilə yalnız mənim bu torpaqda apardığım uzun illik mübarizənin nəticəsinə deyil, həm də hökumətin dəstəyi ilə bütün Ağdamı böyük bir çiçəklənən bağa çevirməli olan bir çox soydaşımızın nümunəsinə dəlalət edir...”

 

Separatçı liderin bəyanatında daha sonra deyilir: “Əziz həmvətənlər!1997-ci ildə o dövrün rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin ərazi güzəştləri yolu ilə həll olunmasını müzakirə edərkən öz cüzi mal-mülkümü bir bankda girov qoyaraq Aknada (keçmiş Ağdam) bağçılıqla məşğul olmağa başlayan az sayda  ermənilərdən biri də mən oldum. Bir dəfə demişəm, yenə təkrar edirəm, bu, müharibənin  ağrı-acısını yaşamış  24 yaşlı bir gəncin bənzərsiz bir reaksiyası idi. Bəli, Akna (Ağdam) da Stepanakert (Xankəndi), Şuşi (Şuşa), Berdzor (Laçın), Tiqranakert (Şahbulaq-Pənahabad) və ya Karvaçar (Kəlbəcər) kimi bizim vətənimizdir. Və mən bu bəyanatı Ağdamdakı bu bağımdan bütün ermənilər adından verirəm. Həmin bağ cənnət  çiçəklənməsi ilə yalnız mənim bu torpaqda apardığım uzun illik mübarizənin nəticəsinə deyil, həm də hökumətin dəstəyi ilə bütün Ağdamı böyük bir çiçəklənən bağa çevirməli olan bir çox soydaşımızın nümunəsinə dəlalət edir”.

 

Separatçı-terrorçu rejim başçısının bu mövqeyi savaşın alternativinin olmadığının növbəti təzahürüdür. Ermənistan Tovuz istiqamətində alçaq planı həyata keçirməyə çalışarkən Türkiyə prezidenti bəyan etmişdi ki, bu, Ermənistanın boyunu aşan məsələdir. Bu mənada Arutyunyanın həyasız davranışları da təbii ki, onun öz hünəri deyil. 

 

Bugünlərdə hətta bir sıra xarici media orqanları da Ermənistanın arxasında dayanıb, onu müharibəyə təhrik edən ölkəni nişan verdilər. Tovuz döyüşlərində Ermənistana silah-sursat göndərən ölkə Azərbaycandan sərt etiraz görüncə, təbii ki, işğalçını himayə etməkdə davam edəcək, bu, aydın məsələdir. Ancaq Azərbaycan hansısa təhdidlərin qarşılığında öz ərazilərindən imtina etmək niyyətində deyil. Bugünlərdə Prezidentin köməkçisi Hikmət Hacıyevin və ordu generallarının ön cəbhəyə baş çəkməsi də təsadüfi deyil. Azərbaycan düşmənin hər bir təxribatının qarşısını almaq üçün sistemli şəkildə zəruri addımlar atır.

 

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü  Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında real durumu şərh etdi: “Əsas və ən ciddi məsələlərdən biri doğrudan da müxtəlif dövlətlərdən erməni adı altında müxtəlif terror qruplarının üzvlərinin Livan və Suriyadan işğal olunmuş ərazilərə gətirməklə məskunlaşdırılmasıdır. Bu, təbii ki, həmin terror üzvlərinin leqallaşdırılması prosesidir. Çünki son vaxtlar Ermənistanda çağırışçılar ordudan yayınırlar, hətta parlament bununla bağlı müvafiq qanuna yenidən baxmağa hazırlaşır. Tovuz hadisələrində də bir daha itkilərin gizlədilməsi bununla bağlı idi, yəni ölənlərin hansı dövlətlərdən olan muzdlular olduqlarını açıqlaya bilməzdilər”.

 

Millət vəkili qeyd etdi ki, digər məsələ separatçıların özlərini müstəqil siyasət yürüdən tərəf kimi aparması cəhdidir: “Lakin Paşinyanın ora gəlişi və havadarları tərəfdən göndərilən silahların yerləşdirilməsi prosesində onların heç də müstəqil olmamaları özünü göstərdi. Deməli, əsas məsələ status-kvonun saxlanmasıdır. Dünənə qədər sülhdən dəm vuran Anna Akopyan nə oldu ki, əlinə avtomat aldı? Təbii ki, belə hərəkətlər Azərbaycan tərəfini ciddi addımlar atmağa vadar edir və nə qədər sülh tərəfdarı olsaq da, artıq hərbi əməliyyatlar aparmağa hazırlıq başlayıb”.

 

A.Nağıyev təsdiqlədi ki, erməniləri narahat edən ən mühüm məsələlərdən biri də Türkiyənin bizimlə bir yerdə olmasıdır: “Ermənilər bundan bəhanə kimi istifadə edərək Rusiya-Ermənistan hərbi əməkdaşlığını qabardırlar və bizim Rusiya ilə münasibətlərimizə hərtərəfli zərbə vurmağa çalışırlar. Lakin bu da alınmır. Sonuncu bəhanələri Azərbaycan tərəfinin cəbhəyanı kəndlərdə səngər-istehkam işlərinin, bərpa məqsədilə gördüyü digər işlərin müharibə anonsu kimi şişirdilərək beynəlxalq təşkilatlara ötürülməsidir. Guya buna görə də onlar məcbur olub atəşkəsi pozurlar. Burada da əsas istinad yeri guya Rusiyanın öz hərbi bazalarında keçirdikləri təlimlərlə bağlı manevrlər etdiyini, desant qruplarının şərti düşmənlə taktiki gedişlərini göstərirlər. Bir sözlə, məqsəd Azərbaycan və Rusiyanın arasına ciddi şəkildə nifaq salmaq, Türkiyə ilə Rusiyanı qarşı-qarşıya qoymaq və bundan maksimum yararlanaraq beynəlxalq təşkilatlar qarşısında özlərini təcrid olunan və həmişə olduğu kimi, məzlum bir xalq kimi göstərməkdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu proseslərdə də seyrçi mövqe tuturlar , ciddi bir bəyanat vermirlər və praktiki bir iş görmürlər”.

 

Dövlət İdarəetmə Akademiyasının baş müəllimi, politoloq Zaur Məmmədov isə qeyd etdi ki, Ermənistan hakimiyyəti son vaxtlar özünə arxayın şəkildə bölgədə havadarlarının icazə verdiyi sərhədlər daxilində istədiyini etməkdə israrlıdır: “Həmsədr dövlətlər isə üzərlərində məsuliyyətin olmasına baxmayaraq, susmaqda davam edirlər. Əgər əvvəllər həmsədr dövlətlər ən azından münaqişənin müharibə mərhələrinə keçməməsi üçün bölgəyə səfərlər edir və münaqişə tərəfləri ilə müharibənin başlanmaması üçün profilaktik görüşlər keçirirdilərsə, Tovuz təxribatından sonra biz tamamilə passivliyin şahidiyik. Bu isə özü-özlüyündə ciddi suallar yaradır. Biz dəfələrlə beynəlxalq təşkilatlara, həmsədr dövlətlərə müraciət etdik. Lakin onlar hadisələrin diplomatik yolla həll olunmasında maraqlı olmadıqlarını göstərdilər. ABŞ və Rusiya hadisələrdən öz maraqlarına uyğun istifadə edəcəklərini düşünürlər. Lakin Türkiyənin proseslərə müdaxilə etməsi nəticəsində biz Vaşinqton və Moskvanın bir-birilərinə qarşı Cənubi Qafqazla bağlı cızdıqları ssenarinin reallaşmamasının şahidi olacağıq”.

 

Tərəflərin müharibə hazırlığı məsələsinə gəldikdə, Z.Məmmədov bunları söylədi: “İş orasındadır kı, müharibəyə hazırlaşan tərəf həmişə zərərçəkmiş və haqqı tapdalanmış tərəf olur. Lakin işğalçı Ermənistan tərəfindən son zamanlar sərhədyanı ərazilərdə və işğal altındakı torpaqlarda müharibə hazırlıqlarının getməsinin, həm hərbi texnikaların yerdəyişməsindən, həm də Ermənistanda və Qarabağda oturmuş erməni siyasətçilərin dilindən sezə bilərik. Onlar əmin olsunlar kı, Azərbaycan da sakit oturmur. Son iki ay ərzində Azərbaycan onsuz da güclü olan ordusunu öz müttəfiqlərinin hesabına bir qədər də gücləndirib və yaxın vaxtlarda müharibə başlayacağı təqdirdə ən müasir silahlarla və döyüş taktikaları ilə biz Ermənistana öz sözümüzü deyəcəyik. Əgər kimlərsə döyüşlər zamanı Ermənistanın yanında yer alacaqlarsa, o zaman artıq Azərbaycanın yanında da döyüşəcək güclər bəllidir. Lakin biz Ermənistanla təkbətək döyüşmək istəyirik. Amma Ermənistan rəhbərliyinin qorxaqlığı nəticəsində yəqin ki, bu, mümkün olmayacaq”.

Tarix: 15 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin