“Sosial şəbəkələrlə bağlı müəyyən sərhədlər qoyulmalıdır, ölçü-biçi yaradılmalıdır” – Sabir Rüstəmxanlı

Azərbaycanda ayrı-ayrı deputatlar sosial medianın fəaliyyətini buxovlamaq üçün elə absurd, ağılasığmaz ideyalar, təşəbbüslər irəli sürürlər ki, adam nəinki mat qalır, bunun hansı təfəkkürün məhsulu olduğunu aydınlaşdıra bilmirsən.

 

Dünya sosial şəbəkənin artıq bir hadisə, yeni media olduğunu qəbul edib, gündən-günə fərqli trendlər meydana gəlir, süni intellekt üzərində alimlər baş sındırır və bizim deputatlar ibtidai, kustar təkliflər irəli sürməkdə davam edirlər.

 

Onlardan kimisi facebook-a daxil olmaq üçün şəxsiyyət vəsiqəsindən istifadə etməyi tələb qoyur, kimisi bütövlükdə sosial medianı bağlamağa çağırır, bəziləri qanunvericiliyə dəyişiklik edərək şəbəkələrin fəaliyyətini tənzimləməyin tərəfdarıdır.

 

Kəsəsi, ifadə azadlığının ən əlverişli məkanı olan sosial şəbəkələri məhdudlaşdırmaq, ölkəni İran, Şimali Koreya, Türkmənistan yoluna dəvət etmək anormal yanaşmadan başqa heç bir əhəmiyyət kəsb etmir.

 

Heç bir ölkə internetlə mübarizə aparmır, yalnız düşüncə azadlığına qarşı gedənlər sosial şəbəkələri düşmən görürlər.

 

Azərbaycan Prezidenti İlham Əliyev internetin ölkədə azad olduğunu söyləyib. Di gəl, bəzi deputatlar, sonuncu dəfə Jalə Əhmədova facebook-a pasportla girməyi təklif etməklə bizi hansı geriliyə aparmaq istədiyini fikirləşməyib.

 

Sözsüz ki, sosial şəbəkəni çayxanaya çevirən, əndazəni aşan çıxışlar edən, istədiyi zaman facebook üzərindən canlı yayıma çıxaraq izləyicilərinə, müəyyən auditoriyaya qeyri-səhih informasiyalar ötürən istifadəçilər də az deyil.

 

Deputat Elman Nəsirov “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

 

“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər”.

 

Amma mübarizə üsulu şəxsiyyət vəsiqəsi tələbi, yaxud sosial şəbəkənin fəaliyyətinə məhdudiyyət qoymaq olmamalıdır. Daha maarifçi xətt götürülməlidir.

 

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının da fikrincə, maneələr artdıqca sosial medianın texnoloji imkanları da genişlənəcək. “Yeni Müsavat”a bu mövzuda danışan deputat hesab edir ki, külli halda məhdudlaşdırmalar ciddi nəticə verməyəcək.

 

S.Rüstəmxanlı çıxış yolunu cəmiyyətin mədəni səviyyəsinin yüksəlişində görür: “Sözün qədrini bilməklə, məsuliyyət hissini artırmaqla, qarşılıqlı hörmətlə, həmvətənlərinə qiymət verməklə bu işlər düzəlir. Nöqsanlar var, müxtəlif fikirdə olmaq mümkündür, amma narazılıq ədəb-ərkan daxilində ifadə olunmalıdır. Mübarizə aparmaq olar, ancaq əxlaqı pozan yox, normal mətnlərlə sosial şəbəkədə fikirlər deyilə bilər.

 

Bəzi adamların mətbuat, sosial media nə üçündür bilmədən əlinə telefon alıb ortalığa düşməsi, ağzına nə gəldi deməsi, qulaq şahidi olduğu sözlər əsasında nüfuzlu adamların cəmiyyətdəki mövqeyinə zərbə vurması sosial media azadlığı deyil".

 

Deputatın sözlərinə görə, bu, sosial medianın qaragüruhudur: “Ona görə hətta demokratik ölkələrdə sosial şəbəkələrlə bağlı müəyyən nizam yaratmağa çalışırlar. Məsələn, Türkiyədə də qərar qəbul olundu.

 

Nə dərəcədə effektli olacağını bilmirəm. Bizdə də tətbiq edilsə necə olar, deyə bilmərəm. Lakin müəyyən sərhədlər qoyulmalıdır, ölçü-biçi yaradılmalıdır.

 

Sadəcə, bu işdən xəbərsiz, cahil məmurların öhdəsinə qoymaq olmaz. O zaman “qurunun oduna yaş da yanacaq”.

 

Yəni hansısa cəza tədbirləri, cərimələr mexanizmləri olmalıdır ki, hər kəs sözünün sərhədlərini bilsin".

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, sosial şəbəkə hakimiyyətin təsirlərindən kənarda qalmalıdır.

 

Onun fikrincə, insanların bu seqmentdə özlərini sərbət hiss etməsi gerçəklikdir: “Başa düşürəm ki, bəzən bundan sui-istifadə edilir, şayiə və yalan xarakterli məlumatların yayılmasına yol verilir. Bu da istər-istəməz dövlət rəsmilərində qıcıq doğurur.

 

Amma o anlama gəlmir ki, sosial medianı qadağan etməliyik, fəaliyyət dairəsini məhdudlaşdırmalıyıq. Əksinə, söyüşün, təhqirin meydana çıxma səbəblərini aradan qaldırmaq haqda fikirləşmək lazımdır".

 

Q.Əlibəylinin sözlərinə görə, sosial mediada yalan informasiya və təhqiramiz ifadələrlə bağlı istifadəçi məsuliyyətə cəlb edilə bilər, amma ümumilikdə şəbəkənin həlqəsini daraltmaq düzgün yanaşma deyil.

 

Sosial şəbəkədə yayımlanan “Qırmızı xətt” verilişinin aparıcısı, media eksperti Seymur Kazımov deputatların çıxışlarında təəccüblü hal görmür.

 

Onun sözlərinə görə, elə millət vəkilləri var seçicidən daha çox, inzibati resursların yanındadırlar:

 

“Onsuz da, bundan öncə iki dəfə Milli Məclis internet, sosial şəbəkə istifadəçilərinin fəaliyyətini bu və ya digər formada məhdudlaşdıran qərarlara imza atıb. Görünür, üçüncü dəfə də hansısa məhdudiyyətlərin şahidi olacağıq”.

 

Jurnalist xatırlatdı ki, ilk dəfə 2013-cü ildə Milli Məclis Cinayət Məcəlləsinə böhtan və təhqir maddələrinə dəyişiklikləri qəbul edib:

 

“Bununla internet istifadəçiləri də ictimai formada təhqir və ya böhtana görə cinayət məsuliyyətinə cəlb oluna bilər.

 

Amma aydın göstərilmirdi ki, dəyişikliklər internetin hansı qoluna aiddir, mediaya, yoxsa sosial şəbəkələrə...

 

KİV haqqında qanuna edilmiş əlavəyə görə, internet də kütləvi informasiya vasitəsi hesab olunur.

 

Konkret olaraq, bu qanunun təsdiqindən öncə - hakimiyyət senzuraya rəvac verən və bununla da ifadə azadlığını məhdudlaşdıran diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədi ilə qanunvericiliyi təkmilləşdirməyi öhdəsinə götürmüşdü.

 

Bunun üçün hətta “Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli Fəaliyyət Proqramı” da hazırlanmışdı. Nəticə isə yuxarıda yazdıqlarım kimi oldu".

 

S.Kazımov bildirdi ki, 2017-ci ilin mayında İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında Qanuna edilmiş əlavə və dəyişiliklər saytların bloklanması üçün əsas oldu:

 

“Bunlar nədən ibarət idi: böhtan, təhqir, dini ayrı-seçkilik, terror və narkomaniyanın təbliğatı və s.

 

Əslində əsas problem həm də budur ki, sözügedən qanun daha çox texniki xarakter daşısa da, ona məzmun dəyişikliyi edildi.

 

Qanunun bu müddəası ilə KİV haqqında qanunun 7-ci maddəsi ziddiyyət təşkil edir. Belə ki, 7-ci maddə konkret olaraq, senzuranın yolverilməzliyini deyir.

 

Həm də, “İnformasiya Əldəetmə haqqında” qanunda da “qadağan olunmuş informasiya” söhbəti deyilən bir anlayış yoxdur".

Tarix: 19 Sentyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin