BURADA REKLAMINIZ OLA
BİLƏR

Elman Nəsirov: “İstisna deyil ki, Azərbaycan ordusunun zərbəsindən sonra Ermənistanda inqilab baş versin”

“Ermənistan silahlı qüvvələri təmas xəttində, eyni zaman Azərbaycanla sərhəddə növbəti hərbi təxribatlara əl atmaqdadırlar. Bu ilin iyulunda törətdikləri təxribatın davamı olaraq yenidən Tovuz istiqamətində hərbi avantüralarını davam etdirməkdədirlər. Bir hərbçimiz şəhid olub, biri isə yaralanıb. İyul döyüşlərində olduğu kimi Azərbaycan Silahlı Qüvvələri intiqamını alacaq, bu, çox dəhşətli olacaq, düşmən cəzasını alacaq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

E.Nəsirovun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyev də müsahibəsində bəyan edib ki, düşmən müharibəyə hazırlaşır, Azərbaycanda çox ciddi kəşfiyyat məlumatları var: “Dövlət başçısı qeyd etdi ki, Azərbaycan xüsusi xidmət orqanları öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Ermənistan müharibəyə başlamaq istəyir. Belə olan halda ermənilər güclü Ali Baş Komandan, güclü ordu, güclü Azərbaycan xalqı ilə üz-üzə qalacaqlar. Əminik ki, düşmən 2016-cı ilin aprel ayında döyüşlərdəki kimi cavabını alacaq. Hələ o zaman Azərbaycan Prezidenti qeyd etmişdi ki, hərbi imkanlarımızın cüzi hissəsindən istifadə etmişik. Ölkə Prezidenti bildirmişdi ki, bütün hərbi imkanlarımızı işə salsaydıq, düşmən ölkədə daş daş üstündə qalmazdı. Müharibənin məsuliyyəti Ermənistanın, onlara himayədarlıq edənlərin üzərinə düşür”.

 

Deputat qeyd edib ki, bu məsələdə beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır, çünki seyrçi mövqedədirlər, heç bir təsir mexanizmlərini işə salmırlar: “ATƏT-in Minsk Qrupu prinsipsiz, qətiyyətsiz davranışları, ünvansız bəyanatları ilə işğalçı ölkədə arxayınlıq yaradıb, Ermənistan da nəticədə şirniklənib. Ermənistanın Müdafiə naziri David Tonayanın “Yeni müharibə - yeni ərazi” tezisini  reallaşdırmaq istəyirlər. Ermənilərin bu arzusu gözlərində qalacaq. Güclü, qətiyyətli Ali Baş Komandanımız, güclü ordumuz var, xalqımız birmənalı şəkildə Prezidentin ətrafında birləşib. Biz düşmənə növbəti sardıcı zərbə ilə yerində oturdacağıq. Aprel döyüşlərində vurduğumuz zərbələrə görə erməni generalların mütləq əksəriyyəti xidmətdən kənarlaşdırıldı, ardınca isə hakimiyyət dəyişikliyi baş verdi. Paşinyanın hərbi avantürası ona baha başa gələcək. Artıq Azərbaycan Prezidenti xəbərdarlığını edib. İstisna deyil ki, Azərbaycan ordusunun cavab zərbəsi ilə Ermənistanda yeni bir inqilab baş versin. Erməni xalqı Paşinyanı Sarkisyanın yanına göndərəcək. Bu gün hər birimiz müsəlləh əsgərə çevrilməliyik. Hamımız Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Azərbaycanda səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi, sabitlik, əmin-amanlıq var. Sabitliyimizi göz bəbəyimiz kimi qorumalı, hər birimiz düşmən üzərində qələbə qazanmaq üçün töhfəmizi verməliyik. Vətəndaşlar mövqe ortaya qoymalı, ayıq-sayıq olmalı, düşmənin dezinformasiyalarına inanmamalı, yaymamalıdır, dövlət qurumlarının rəsmi məlumatlarına istinad etməlidirlər. Qoy düşmən görsün ki, Azərbaycan dövləti, xalq-iqtidar birliyi son dərəcə güclüdür. Xalqımız dövlət başçısının bütün təşəbbüslərini birmənalı şəkildə dəstəkləyir. Bunların heç biri Ermənistanda yoxdur. Görünür, Ermənistan rəhbərliyi həqiqətən də ağlını itirib. Düşünürəm, bu müharibə Ermənistandakı hakimiyyətin sonunun başlanğıcı olacaq”.

 

Kənan

Tarix: 21 Sentyabr 2020, 15:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin