BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistanın Azərbaycanla birbaşa döyüşə girməyə heç vaxt cürəti çatmayacaq” - Deputat

Xəbər verdiyimiz kimi, Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib. Bu gün isə düşmənin təxribatı ordumuzun 1 əsgərinin şəhid olmasına, bir əsgərin isə yaralanmasına səbəb olub. Ermənistanın ard-arda təsribatlar törətməkdə məqsədi nədir? Mövcud vəziyyət iki ölkə arasında hərbi təlimlərin başlanmasına səbəb olacaqmı? Metbuat.az cəbhədəki vəziyyəti millət vəkili Cavid Osmanovla müzakirə edib. Cavid Osmanov qeyd edib ki, düşmənin bu təxribatları hansısa dövlətlərin maraqlarına uyğun olaraq gerçəkləşir: “Son zamanlar Ermənistan tərəfinin atdığı addımlar, törətdiyi təxribatlar və cəbhədəki gərgin vəziyyət göstərir ki, düşmən tərəfi Azərbaycanı təxribata sövq etməyə çalışır. Ermənistan tərəfi iyul ayında Tovuz istiqamətində baş verən təxribatdan bu günə kimi zaman-zaman hərbi təxribatlar törətməyə davam edir. Ermənistan kəşfiyyat qrupunun Azərbaycana keçməyə cəhd etməsi və ordumuz tərəfindən bunun qarşısının alınması və həmin dəstənin komandirinin həbs edilməsi, həmçinin bu gün Ermənistanın törətdiyi təxribat nəticəsində bir əsgərimizin şəhid olması, eyni zamanda Ermənistanın işğalçı hərbi-siyasi rəhbərliyinin zaman-zaman təxribat xarakterli bəyanatlar səsləndirməsi, Gəncənin vurulması kimi gülməli təhdidlərin irəli sürülməsi və bu kimi faktlar göstərir ki, Ermənistan növbəti və daha geniş təxribata hazırlaşır. Ermənistanı bu təxribatlara sövq edən hansısa qüvvələr var. Bu regionda müəyyən maraqları olan, Azərbaycanın müstəqil siyasət yürütməsini gözü götürməyən dövlətlər ola bilər”.

 

Millət vəkili iki ölkə arasındakı münaqişədə Rusiyanın rolundan danışarkən qeyd edib ki, Rusiya Ermənistana dəstək olmaq əvəzinə, işğalçı ölkəni qınamalıdır: “Tovuz istiqamətində gedən döyüşlər zamanı hər kəsə məlum oldu ki, Rusiya Ermənistana 500 tondan artıq hərbi silah-sursat göndərib. Cənab prezident İlham Əliyev “Abşeron” qaz yatağının açılışında çıxış edərkən qətiyyətlə bu məsələyə etirazını bildirmişdi. Digər tərəfdən Rusiya bu münaqişənin sülh ilə həll olunmasının tərəfdarıdır. Çünki Rusiya ATƏT Minsk qrupunun həmsədr ölkələrindən biridir. Əgər Rusiya bu qrupun həmsədridirsə, işğalçı ölkəni qınamalıdır və Ermənistan tərəfinə ciddi bəyanatlar ünvanlamalıdır. Çünki Tovuz döyüşləri Azərbaycanın işğal olunmuş torpaqların baş verməmişdi, Ermənistan bu təxribatı Ermənistan-Azərbaycan dövlət sərhədində başlamışdı. Bu o deməkdir ki, düşmən növbəti torpaq arzusundadır. Əlbəttə ki bu arzu heç vaxt reallaşmayacaq arzudur”.

 

Cavid Osmanov bildirdi ki, müharibə olacağı halda ordumuz Ermənistan ordusunu məhv etməyə qadirdir və dəfələrlə bunu sübut edib: “İstənilən halda Ermənistan ordusu bu müharibən məğlub çıxacaq. Azərbaycan ordusu bunu həm 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan istiqamətindəki hərbi əməliyyatlarda, həm də bu ilin Tovuz istiqamətindəki döyüşlərdə sübut edib. Ermənistan bilməlidir ki, yanlış yoldadırlar və Azərbaycan onların hərbi qüvvələrini istənilən halda məhv etməyə qadirdir. Bu gün Ermənistanın daxilində baş verən ictimai-siyasi, sosial və iqtisadi böhran Ermənistanın bütün parametrlər üzrə, eyni zamanda hərbi hazırlıq baxımından Azərbaycandan qat-qat zəif olduğunu sübut edir. Ermənistanın Azərbaycanla birbaşa döyüşə girməyə heç vaxt cürəti çatmayacaq. Prezident İlham Əliyev “Abşeron” qaz yatağının açılışında bir məsələni qeyd etmişdi ki, bizim köhnə torpaqlarla bağlı iddiamız hələki yoxdur. Söhbət vaxtilə Azərbaycan torpaqları olan İrəvan xanlığından gedir. Azərbaycan işğalda olan torpaqları tezliklə geri qaytaracaq. Azərbaycan artıq 90-cı illərdə olan Azərbaycan deyil, bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycana Türkiyə və Pakistan kimi dövlətlər, həmçinin bir çox beynəlxalq qurumlar dəstək verirlər”.

Tarix: 21 Sentyabr 2020, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin