BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qaraca qız”ın “Ağca”sı: “Yol polisləri avtomobilimi saxlayanda, məni tanıdıqları üçün buraxırlar” - VİDEO

“Mənə filmə çəkilmə təklifi valideynlərimlə şəhərdə gəzərkən gəlib. Bir nəfər yaxınlaşıb dedi ki, "Qaraca qız" adlı film çəkirlər, qızınız oradakı Xədicə obrazına çox uyğun gəlir. Atam elə əvvəldən bu təklifi müsbət qarşılamayıb. Düşünüb ki, qızı azyaşlıdı necə çəkilər, ona çətin olar. Həmin adam atamın ad soyadını, iş yerini soruşub, ev telefon nömrələrini kibrit qutusunun üzərinə yazmışdılar. Amma vəziyyət elə alınıb ki, həmin kibrit qutusu itir. Bundan sonra televiziyada elan veriblər. Elanda bildiriblər ki, “Xədicə” obrazına uyğun gələn həmin uşağın ev telefon nömrəsi itib, əlaqə saxlaya bilmirik, xahiş edirik valideynləri kinostudiyaya gəlsin. Ailəm, xüsusən də atam elanı dəfələrlə eşitsələr də, reaksiya verməyiblər. Anam filmə çəkilməyimi istəsə də, atamın fikrində hər hansı bir dəyişiklik yox idi sonra ailəmlə birlikdə istirahətə yollandıq. Dayımdan teleqram gəldi. Teleqramda yazılıb ki, filmə görə sizi axtarırlar. Həmin şəxs nömrəni itirsə də, atamın iş yeri, ad soyadını xatırlaya bilir və Mədəniyyət Nazirliyi adından müraciət göndərmişdilər ki, artıq filmin çəkilişi başlayıb, xahiş edirik, gəlin. Beləcə, qayıtdıq və filmin çəkilişinə başlanıldı”.

 

Pravda.az-ın xəbərinə görə, bunu 1966-cı ildə Süleyman Sani Axundovun hekayəsi əsasında çəkilən "Qaraca qız" filmində “Ağca” rolunu oynayan Leyli Axundova deyib.

 

O qeyd edib ki, filmin bir hissəsi Şamaxının Çuxuryurd kəndinə çəkilib: “Həmin filmdə Xədicəni ilan vuran səhnə kinostudiyanın köhnə binasında - "Hökumət evi"nin yanındakı bağda çəkilib. Xədicəni ilan vuran kadrın çəkilişi zamanı ilanı ayağımın altına atdılar. Çox qorxdum. İlan da dərhal sürüşüb aradan çıxdı. Amma kadr rejissorun  xoşuna gəlmədi. Səhnəni yenidən çəkmək qərarına gəldilər. Mən isə Allaha yalvarırdım ki, kaş çəkməyəydilər. Yenidən çəkilişə az qalmış gördük ki, qutunun ağzı yaxşı bağlanmadığından ilan yoxa çıxıb. Buna görə də çəkiliş olmadı. Rejissor bərk hirslənsə də, mən bu vəziyyətdən çox məmnun idim. Yenidən çəkmək mümükün olmadığı üçün rejissor filmdə bəyənmədiyi elə ilk kadrdan istifadə etdi. Həmin ilanın itdiyinə görə, rejissor zooparka cərimə də ödədi. Mən isə ilandan qorxduğuma görə üç gün evdə xəstə yatdım. Valideynlərim də bu vəziyyətə çox hirsləndilər”

 

Leyli xanımın filmdən baş verənlərdən yadında qalanlardan biri də Qaraca qızın- Tutunun ölüm səhnəsidir: “Səhnə çəkilməzdən bir neçə gün öncədən Tutunu gizlətdilər, mənə göstərmədilər. Tutunu kimdən soruşurdumsa, deyirdi xəstədi. Bir gün isə mənim əlimdən tutub bir təpənin üstünə gətirdilər. Piri baba da orda idi. Piri babanın orada bir daşın üstündə əyləşmişdi, qarşısında da nəsə var idi. Soruşdum ki, bu nədir? Dedilər ki, Qaraca qız ölüb, bu da onun məzarıdır. Bu xəbər məni çox sarsıtdı, mən ağladım. Həmin vaxt elə filmin çəkilişləri də gedirmiş. O səhnə o qədər təsirli alınmışdı ki, rejissor, Piri baba hər kəs ağlayırdı. Sonra Tutunu mənə göstərdilər ki, ölməyib, film təbii alınsın deyə səni aldatmışdıq. Mən evin tək övladı idim, dəymədüşər idim, kaprizlərim çox idi. Onlar məni aldatdığı üçün küsdüm və 3 gün çəkilişlərə getmədim”.

 

Filmin onun həyatında müsbət dəyişikliklər etdiyini də vurğulayıb: “Bir filmə çəkilsəm də, üzərindən illər keçsə də, hələ də tanıyırlar, “Ağca qız” deyə səslənirlər, hörmət, güzəşt edirlər. Çox vaxt yol polisləri idarə etdiyim maşını saxlayanda, məni tanıdıqları üçün hörmət edib buraxırlar”.

 

Tarix: 21 Dekabr 2019, 10:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin