BURADA REKLAMINIZ OLA
BİLƏR

Rezidenturaya qəbul qaydaları dəyişdi - DİQQƏT

Nazirlər Kabineti “Azərbaycan Respublikasında rezidenturaya qəbul Qaydaları”nda dəyişiklik edib.

 

Pravda.az-ın xəbərinə görə, indiyə qədər baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılıblar.

 

Dəyişikliyə əsasən, bundan sonra baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək, “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr də buraxılacaqlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılacaqlar.

 

Bundan əvvəl rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılıb. İxtisas seçiminə baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladığı balı da Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılıblar. Dəyişikliyə əsasən, artıq ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar.

 

Qüvvədə olan Qaydaya görə, Müsabiqə namizədlərin baza və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanlarından topladıqları ümumi bal (balların cəmi) əsasında aparılıbsa, artıq müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq.

 

Digər dəyişikliyə əsasən, bundan sonra hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədlərin əslini 10 gün müddətində deyil, Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunmuş müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına şəxsən təqdim etməklə qeydiyyatdan keçməlidir.

Tarix: 21 Dekabr 2019, 15:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin