BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatlar: Ali Baş Komandanın dediyi kimi, Azərbaycan haqq işini davam etdirir və heç bir qüvvə bizi dayandıra bilməz

Ermənistan silahlı qüvvələrinin bu gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 azyaşlı itkin düşüb. Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin xain təxribatı nəticəsində həlak olanların 3-ü azyaşlı, 4-ü qadın, 6-sı kişidir. Yaralananların 5-i azyaşlı, 20-si qadın, 23-ü kişidir.  Bundan başqa, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Azərbaycan Milli Məclisinin deputatları Ermənistan silahlı qüvvələrinin bu əməlini terror adlandırıblar.

 

Deputat Nəsib Məhəməliyev Pravda.az-a açıqlamasında deyib ki, cəbhədən xeyli aralıda yerləşən Gəncənin gecə saatlarında, insanların yatdığı zaman raket atəşinə tutulması erməni hərbi-siyasi rəhbərliyinin növbəti cinayətidir: “Hiss olunur ki, Ermənistan rəhbərliyi reallıq hissini tamamilə itirib. Onlar cəbhədə, döyüş bölgəsində məğlubiyyətə uğrayırlar, bunun əvəzini isə dinc əhalidən çıxmaq istəyirlər. Çalışırlar ki, mülki əhali arasında panika, parçalanma yaransın. Digər tərəfdən, ermənilər 3-cü qüvvələri müharibəyə cəlb etmək istəyirlər. Düşünürlər ki, bununla işğalçı erməni silahlı qüvvələrini xilas edə bilərlər. Tam əminliklə deyirəm, yanılırlar”.

 

N.Məhəməliyev bildirib ki, Azərbaycanın rəşadətli ordusu ermənilərin cavabını mülki əhalini atəşə tutmaqla deyil, döyüş meydanında verir və verəcək: “Səhər saatlarında Azərbaycan Prezidenti xalqa müraciətində bildirdi ki, işğal altında olan Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilib. Bu, dediklərimin təsdiqidir. Azərbaycan ordusu heç bir halda Ermənistan hərbi-siyasi rəhbərliyinin təxribatçı davranışlarına reaksiya verməyəcək. Reaksiya yalnız döyüş meydanında olacaq. Azərbaycan işğal altında olan torpaqlarını azad edir, bu, ölkəmizin haqq işidir. Hesab edirəm ki, yaxın gələcəkdə erməni cinayətkarları, terrorçuları – Paşinyan və onun komandası beynəlxalq ictimaiyyət qarşısında cavab verəcəklər. Təəssüflər olsun ki, bu münaqişəyə dini don geyindirmək istəyirlər. Bu addımlarla ermənilər xarici ölkələrdə təxribatla məşğuldurlar. Bütün bunlar bizi yolumuzdan döndərə bilməz, haqq işimizi davam etdirəcəyik, Ermənistanın terrorçu dövlət olduğunu dünyaya sübut edəcəyik”.

 

Milli Məclisin deputatı Cavid Osmanov Pravda.az-a açıqlamasında qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini atəşə tutması terror əməlidir, vandallıqdır: “Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin xislətini ortaya qoyur. Ermənistan terrorçu dövlətdir, Gəncə hadisələri bunu sübut edir. Ermənilər səngərdə də, diplomatiyada da məğlub olurlar. Ona görə də mülki əhalini hədəfə alırlar. Bununla da təşviş, panika yaratmağa çalışırlar. Baxın onların bu gecə Gəncəni raket atəşinə tutması nəticəsinə 13 mülki şəxs ölüb, 48 nəfər yaralanıb, 2 uşaq da itkin düşüb. Ermənilər bu cür əməllərlə Azərbaycan xalqının iradəsini sındıra bilməzlər. Belə hadisələr baş verdikcə xalqımız daha da birləşir, mətin olur. Ordumuz da Ali Baş Komandanın rəhbərliyi ilə zəfər yürüşünü davam etdirir, düşmənə sarsıdıcı zərbə vurur, torpaqları işğaldan azad edir. Nokauta düşən Paşinyan da, Tonayan da, Arutunyan da çıxış yolunu mülki əhalini hədəfə almaqda görürlər. Bizim zəfərim yürüşümüz davam edəcək, əminik ki, işğal altında olan digər ərazilərimiz də azad ediləcək. Həmin yerlərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq. Əlbəttə ki, canımızdan can gedir, amma onun əvəzinə min can gəlir. Ürəyimiz Qarabağla döyünür. Ermənistan bunu yaxşı bilir".

 

C.Osmanov deyib ki, bir müddət əvvəl Şuşada çaqqal kimi tullana-tullana oynayan terrorçu Paşinyanın başını divara vurmaqdan başqa çarəsi yoxdur: “Məğlub olublar. Rədd olub torpaqlarımızdan çıxmalıdırlar…”

 

Parlamentin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli Pravda.az-a açıqlamasında erməni terrorçularının belə əməllərlə Azərbaycan xalqını qorxuda bilməyəcəklərini vurğulayıb: “Bu gecə səhərədək yatmamışıq, Gəncə ilə mütəmadi əlaqə saxlamışıq. Bu, çox üzücü hadisədir. Bildiyiniz kimi, BMT-nin Baş Katibinin də adından da Gəncə hadisəsinə reaksiya oldu, ermənilərin bu əməli pislənildi. Düşmənlə bağlı “faşist” ifadəsi işlədilir, amma faşistlər tutduqları ərazilərdən mülki əhalini çıxarmırdılar, bu cür əməllər törətmirdilər. Ermənilərin addımına isə ad vermək olmur, söz tapılmır. Onlar Cenevrə konvensiyasını və ona əlavə edilmiş protokolları pozurlar. Halbuki, Ermənistan özü də bu sənədlərə imza atıb. Ermənilərin murdarlığının, çirkinliyinin həddi-hüdudu yoxdur. Gəncəyə raket hücumu qeyri-insanlığın nümunəsidir. Özünü dünyaya sivil, xristian təəssübkeşi kimi göstərmək istəyən Ermənistan terror törədir, vicdansızlıqları üzə çıxır. Dünya ictimaiyyəti bunları tanımalıdır, onların əməllərinə hüquqi qiymət verməlidir. Ermənilər Azərbaycanın yaşayış məskənlərinə hücum etməklə münaqişəyə 3-cü qüvvələri cəlb etmək istəyirlər. Xüsusi vurğulamalıyam ki, Azərbaycan Prezidentinin xalqa müraciəti zamanı işğal altında olan Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı kəndlərinin və Füzuli şəhərinin işğaldan azad edilməsini elan etməsi yaramıza məlhəm oldu. Ürəyimiz qan ağlayırdı. Biz sivil insanlara olan hücumun heyfini döyüş meydanında çıxacağıq. Bunu edirik də. Hamı bilir ki, Azərbaycan qələbə çalacaq. Son yüzillikdə əlimizdən alınan torpaqların geri qaytarılmasının şahidi oluruq. Xalqımızın birliyi çox önəmlidir. Qətiyyətli addımlarına görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm”.

 

T.Kərimli təmsil etdiyi partiyanın aktiv fəaliyyət göstərdiyini bildirib: “Biz Vəhdət Partiyası Gəncədə baş verənləri bir neçə dildə dünyaya yaymışıq, 11 beynəlxalq təşkilata müraciət etmişik. Erməni vandalizminin dünyaya nümayiş etdirmək üçün fəal olmaq lazımdır. Üzvümüz Vahid İmanov İspaniyada tədbir keçirib, cəbhədə baş verənlərə nəzər salıb. Baltikyanı ölkələrdə, Ukraynada, Türkiyədə, Rusiyada və digər yerlərdə üzvlərimiz aktivlik nümayiş etdirirlər. Biz özümüzü əsgər hesab edirik, əlimizdən nə gəlirsə, etməyə çalışırıq”.

 

Deputat Elman Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, Gəncədə yaşayış massivinin raket atəşinə tutulması əmrini Ermənistanın baş naziri Nikol Paşinyan verib: “Bu, hərbi cinayətdir, terror əməlidir. Onlar bu işi planlı şəkildə həyata keçiriblər. Ön cəbhədə ağır məğlubiyyətə düçar olan Ermənistan silahlı qüvvələrinin gücü yalnız əli yalın insanlara çatır. Diqqət edin, hücum gündüz deyil, məhz gecə vaxtı baş verib. Allah həlak olanlara rəhmət eləsin, yaralılara şəfa versin. Gəncəyə raket hücumu beynəlxalq terrorizmin xüsusiyyətlərini özündə ehtiva edir. Burada 4 tərəf var: Birincisi təşkilatçılar, ikincisi icraçılar, üçüncüsü qurbanlar, dördüncüsü sağ qalanlardır. Beynəlxalq terrorizmə görə, təşkilatçının və icraçının birbaşa hədəfi öldürdükləri deyil, sağ qalanlardır. Bu səbəbdən də daha iri miqyasda insan tələfatına nail olmaq onların hədəfidir. Çalışırlar ki, bu tələfatın miqyasını sağ qalan insanlar gördükdə qorxsunlar, vahimə içində olsunlar, ölkə daxilində gərginlik ocağı yaransın. Hesab edirəm ki, oktyabrın 11-də Ermənistan silahlı qüvvələri Gəncədə terror törətdikdən sonra buna beynəlxalq ictimaiyyətin necə sönük reaksiya verdiyini gördülər. Cinayətkar, işğalçı görəndə ki, ona təzyiq yoxdur, o, daha da şirniklənir. Bu bu əməllərə görə Ermənistan hərbi-siyasi rəhbərliyi nə qədər məsuliyyət daşıyırsa, beynəlxalq birliyin də üzərinə bir o qədər məsuliyyət düşür. Yəni onların kənar müşahidəçi statusunda qalması, işğalçı dövlətə təsir mexanizmlərinin işə salınmaması, sanksiyaların tətbiq edilməməsi nəticə etibarilə bugünkü hadisələrin şərtlənməsinə səbəb olub. Əgər bu gün də böyük dövlətlər, qeyri-hökumət təşkilatları Ermənistanın hərbi cinayətinə susqunluq nümayiş etdirsələr, bu, beynəlxalq terrorizmin qələbəsi kimi qiymətləndiriləcək. Çünki beynəlxalq terrorizmə belə qalib gəlmək mümkün deyil. Necə ola bilər ki, Əl-Qaidə, İŞİD pis olur, amma Ermənistanda terrorizm dövlət siyasətinə çevrilir, bir söz deyən olmur? Bu, acı təəssüf doğurur. Ermənistan hərbi-siyasi rəhbərliyinin niyyəti o idi ki, Azərbaycan əhalisini qorxutsunlar, ölkədə təşviş yaratsınlar. Amma onlar niyyətlərinə nail ola bilmədilər. Azərbaycan xalqı bu gün qələbə əzmi ilə yaşayır. Xalqımız Ali Baş Komandanın ətrafında birlik nümayiş etdirir. Azərbaycan ordusu vahid qüvvədir, bu qüvvənin qarşısında heç bir qüvvə dayana bilməz. Prezident İlham Əliyev xalqa müraciətində də vurğuladı ki, cəbhədə ağır məğlubiyyətə düçar olan düşmənin gücü yalnız dinc insanlara çatır. Ermənilərin bu əməllərinin qisası alınır və alınacaq. Ordumuzun qələbə çalması düşmənin yuxusuna haram qatır, ona görə hərbi cinayətlərə əl ataraq, dinc insanları, körpələri hədəfə alırlar…”

 

Kənan Həsənbəyli

Tarix: 17 Oktyabr 2020, 14:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin