Nazirlər Kabinetindən MÜHÜM QƏRAR

Nazirlər Kabineti “Klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının forması və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi Qaydası”nı təsdiq edib. 

Pravda.az-ın məlumatına görə, bu Qayda səhiyyə müəssisəsində psixoloji yardım göstərmək üçün klinik (tibbi) psixoloqlara Səhiyyə Nazirliyi tərəfindən verilən ixtisas attestatının formasını və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi qaydasını müəyyən edir. 

Psixoloqa ixtisas attestatının verilməsi məqsədilə onun bu Qaydada göstərilən sahələrdə biliyə malik olub-olmaması Səhiyyə Nazirliyi tərəfindən müasir texnologiyalardan istifadə edilməklə test üsulu ilə və müsahibə vasitəsilə müəyyən edilir. İxtisas attestatı almaq üçün şəxs Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsi vasitəsilə elektron qaydada müraciət edir. Şəxsin ərizəsinə aşağıdakı sənədlər əlavə olunmalıdır:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- klinik (tibbi) psixologiya ixtisası üzrə magistr təhsili barədə dövlət sənədinin surəti;

- psixologiya ixtisası üzrə ən azı 1  il iş təcrübəsini təsdiq edən sənəd.

Səhiyyə Nazirliyi təqdim edilmiş sənədlərə 10 iş günü müddətində baxır və namizədin qiymətləndirilməyə buraxılıb-buraxılmaması barədə qərar qəbul edir. Namizədin testə buraxılması haqqında qərar qəbul edildikdə, onun barəsində məlumat testə buraxılan namizədlərin siyahısına daxil edilir və Səhiyyə Nazirliyinin internet səhifəsində yerləşdirilməklə 5 iş günü müddətində namizədin elektron poçt ünvanına bu barədə məlumat göndərilir. Qiymətləndirmədən uğurla keçmiş namizədə 5  iş günü müddətində ixtisas attestatı verilir. İxtisas attestatının qüvvədəolma müddəti 5  ildir. İxtisas attestatının verilməsi ödənişsiz həyata keçirilir. Psixoloqun biliyinin qiymətləndirilməsi üçün test və müsahibədən ibarət olmaqla müsabiqə keçirilir. Psixoloqun biliyinin qiymətləndirilməsi ilə bağlı testin keçirilməsi vaxtı və yeri barədə məlumat onun keçirilməsinə 10 gün qalmış Səhiyyə Nazirliyinin internet səhifəsində yerləşdirilir və bu barədə məlumat, habelə testə buraxılış vərəqəsi və yaddaş kitabçası namizədin elektron poçt ünvanına göndərilir. Test tapşırıqlarının yoxlanılması zamanı namizədə dair məlumatların konfidensiallığının təmin edilməsi məqsədilə hər bir namizədə rəqəmlə ifadə olunan şəxsi eyniləşdirmə kodu verilir. Test tapşırıqları konfidensiallıq gözlənilməklə Səhiyyə Nazirliyi tərəfindən üç mürəkkəblik dərəcəsi üzrə tərtib edilir və tapşırıqlar kitabçasındakı saya proporsional olaraq hər bir dərəcədən olmaqla xüsusi proqram vasitəsilə seçilir. Hazırlanmış tapşırıqlar toplusunda tapşırıqların sayı test zamanı istifadə ediləcək tapşırıqların sayından azı 10 dəfə çox olmalıdır. Tapşırıqlar toplusu hər il 10 faizdən aşağı olmayaraq yenilənir. Test tapşırıqları namizədin psixopatologiya, inkişaf psixologiyası, psixoterapiya sahələrində biliyinin qiymətləndirilməsi və aşağıdakıların müəyyən edilməsi məqsədilə tərtib edilir:

- psixoloji testlər vasitəsilə psixi (zehni, emosional, davranış) və (və ya) interpersonal pozuntuların, psixoloji tələbatların və ya problemlərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi bacarığı;

- psixi və ya fiziki sağlamlıqla bağlı olan problemlərdən əziyyət çəkən insanlara müxtəlif psixoloji yardım növlərinin, o cümlədən psixoterapiya, ailə terapiyası və psixoloji reabilitasiya və psixoloji korreksiya yardımlarının göstərilməsi bacarığı;

- psixoloji və psixi sağlamlıqla bağlı olan məsələlər üzrə tövsiyələrin (məsləhətlərin) verilməsi bacarığı.

Test tapşırıqları müasir informasiya texnologiyaları və xüsusi optik cihazlar vasitəsilə oxunan və 40  sualdan ibarət olan tapşırıqlar kitabçasında qeyd olunur. Test tapşırıqları bilavasitə test başlamazdan əvvəl komissiya tərəfindən aşkar surətdə ümumi tapşırıqlar toplusundan seçilir və 2 müxtəlif variantda hazırlanır. Bunun üçün tapşırıqlar toplusu olan zərf testdə iştirak edən namizədlərdən ən azı 2 nəfərin iştirakı ilə açılır və kompüterə daxil edilir. Kompüter xüsusi proqrama uyğun ümumi tapşırıqlar toplusundan 2 müxtəlif variantda mürəkkəblik dərəcəsinə görə 15 çətin, 15  orta, 10 asan olmaqla, ümumilikdə 40  test tapşırığı seçir.  Test 2 saat müddətində keçirilir.  Test tapşırıqları üzrə cavab kartları Səhiyyə Nazirliyində müasir informasiya texnologiyalarından istifadə edilməklə yoxlanılır. Qiymətləndirmənin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış qaydada həyata keçirilir. Hər bir tapşırığa düzgün cavab bir balla qiymətləndirilir (cəmi 40 mümkün bal). Səhv cavablar və ya sualın cavabsız qoyulması sıfır bala bərabər tutulur. Test tapşırıqları üzrə 25  və ya daha çox bal toplamış şəxslər testdən keçmiş hesab olunurlar. 

Testdən azı 25  bal toplamış namizəd müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsində hər bir namizədə 20 dəqiqə vaxt ayrılır. Müsahibənin keçirilməsi üçün Səhiyyə Nazirliyi müsahibə komissiyası yaradır və onun tərkibini təsdiq edir. Müsahibə mərhələsi aşağıdakı meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:

- psixoloji yardım almaq üçün müraciət edən şəxsin yaş, cins və digər xüsusiyyətləri nəzərə alınmaqla, psixoloji yardımın növünü və formasını düzgün seçmək bacarığı;

- psixoloji yardım almaq üçün müraciət etmiş şəxsləri dinləmə bacarığı;

- psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin problemlərini qiymətləndirmə bacarığı;

- psixoloji yardımın göstərilməsi metodunu və vasitələrini düzgün seçmək bacarığı;

- ünsiyyət bacarığı.

Hər bir meyar 4  ballıq şkala əsasında ölçülür. Müsahibə  mərhələsində  toplanıla  biləcək  maksimum 40  bal meyarlar üzrə aşağıdakı qaydada hesablanır:

- psixoloji yardım almaq üçün müraciət edən şəxsin yaş, cins və digər xüsusiyyətləri nəzərə alınmaqla, psixoloji yardımın növünü və formasını düzgün seçmək bacarığı üzrə toplanılan balların 3  misli;

- psixoloji yardım almaq üçün müraciət edən şəxsin yaş, cins və digər xüsusiyyətləri nəzərə alınmaqla, psixoloji yardımın növünü və formasını düzgün seçmək bacarığı, psixoloji yardım almaq üçün müraciət etmiş şəxsləri dinləmə bacarığı və psixoloji yardım almaq üçün müraciət etmiş şəxsin problemlərini qiymətləndirmə bacarığı üzrə toplanılan balların 2 misli;

- psixoloji yardımın göstərilməsi metodunu və vasitələrini düzgün seçmək bacarığı üzrə toplanılan balların 1  misli.

Müsahibə mərhələsində azı 20  bal toplamış namizədlər həmin mərhələdən keçmiş hesab edilirlər. Testin və müsahibənin nəticələri onların keçirildiyi tarixdən 5 iş günü müddətində elan edilir, keçirildiyi gün ərzində Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və namizədlərin “Şəxsi kabinet”inə göndərilir. Test və müsahibə mərhələsində minimal balları toplamış namizədlər qiymətləndirmədən keçmiş hesab olunurlar. Psixoloq qanunun tələblərini və şərtlərini pozduğuna görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunduğu tarixdən 1 il müddətində təkrar qeyd edilən pozuntuya yol verdikdə, səhiyyə müəssisəsinin rəhbəri ixtisas attestatının qüvvəsinin dayandırılması barədə Səhiyyə Nazirliyinə müraciət edir. Müraciətə baxılarkən psixoloqun qanunun tələblərini və şərtlərini yerinə yetirməməsi barədə kifayət qədər əsas olduqda, psixoloqun ixtisas attestatının qüvvəsi 6 ay müddətinə Səhiyyə Nazirliyi tərəfindən dayandırılır. İxtisas attestatının qüvvəsinin dayandırılmasına səbəb olmuş hallar 6 ay müddətində aradan qaldırılmadıqda, Səhiyyə Nazirliyi ixtisas attestatının ləğv edilməsi barədə qərar qəbul edir.

İxtisas attestatı aşağıdakı hallarda ləğv edilir:

- klinik (tibbi) psixoloq ixtisas attestatının ləğvi barədə ərizə təqdim etdikdə;

- klinik (tibbi) psixoloq vəfat etdikdə;

- klinik (tibbi) psixoloqun fəaliyyət qabiliyyətinin olmaması və ya itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

İxtisas attestatı Səhiyyə Nazirliyinin qərarı ilə ləğv edilir. Bu zaman psixoloq ixtisas attestatı almaq üçün attestat ləğv edildiyi tarixdən  6  ay keçdikdən sonra bu Qaydaya uyğun olaraq təkrar müraciət edə bilər. 

Tarix: 17 Oktyabr
Notice: Undefined index: getyear in /home/pravda/public_html/web/pages/news.php on line 26

Notice: Undefined variable: netice in /home/pravda/public_html/web/pages/news.php on line 26
2020, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin