BURADA REKLAMINIZ OLA
BİLƏR

Natiq Cəfərli: "Yaxşı, bəs niyə söyürdünüz ki?!"

Nizaminin göz yaşlarını Füzuli sildi, və ya müstəqilliyin dadı. (Düşünmək üçün)

Son 29 ildə, müstəqillik dövründə “məğlub xalq” sindromu bir tərəfdən, ölkədə olan haqsızlıq digər tərəfdən müstəqillik anlayışına kölgə salmağa başlamışdı. Hətta sosial şəbəkələrdə, real həyatda bəzən, “Belə də müstəqillik olar?! Sovetin dövründə bundan yaxşı idi. Müstəqil olub nə qazandıq ki?! Müstəqillik ancaq bəzilərinə yaradı”, kimi cümlələr, fikirlər, tezislər səsləndirilirdi. Dəfələrlə mübahisə edirdik ki, ay qardaş, ay bacı, müstəqilliyin nə günahı var?! Müstəqil Dövlət, öz bayrağı, ordusu, sərhədi olmaq nemətdir, çox böyük xoşbəxtlikdir, torpaqlarımızın işğalının da, daxili problemlərimizin də səbəbi müstəqillik ola bilməz! Günah özümüzdədir ki, bu neməti reallaşdıra, uğur hekayəsinə çevirə bilməmişdik.

Amma son 21 gündə baş verənlər bizim yenidən xalq olmağımız üçün də mühim dövr oldu, və ən əsası – 1988-91-ci illərdə, ilk xalq olma dövründə etdiyimiz xətaları, səhvləri təkrar etmədik – tək yumruq, tək ürək olduq, hədəfimizi dəqiq müəyyən etdik, hədəfə doğru birlikdə getdik.

Ermənistan hələ də ötən əsrin 90-cı illərində qalıb, düşüncə, hərbi olaraq hələ də o dövrdədilər. Düşünürdülər ki, Azərbaycan Xalqı artıq məğlubiyyət sindromu ilə barışıb, gözləyirdilər ki, TərTərə, Bərdəyə, Gəncəyə, Mingəçevirə 1-2 bomba düşən kimi əhali panika içində qaçacaq, yeni onminlərlə qaçqın ordusu yaranacaq, onlar Bakıya axışacaqlar, paytaxtda da müxalif qüvvələr bundan istifadə edib aranı qarışdıracaqlar – eyni 90-ların ssenarisi üzrə hərəkət edirdilər. Alinmadı, alına da bilməzdi, çünki Dövlət olaraq çox dəyişmişdik, hətta bu ilin əvvəlində Parlament seçkilərinin bərbad keçməsinin izahını daha aydın görə bilirəm – Dövlət olaraq Paşinyan və komandasının kompramisə getməyərək provokasiyalar edə biləcəyini doğru analiz etmişdik, ona görə də seçkini payızdan qışa çəkdilər (təsəvvür edin ki, indi seçki dönəmi olmalı idi – bu dönəmdə müharibə mümkünsüz olardı), bərbad keçməsinə də göz yumdular (əminəm ki, Qələbədən sonra Parlament yenilənəcək), həmən müxalifətlə dialoq təklifi gəldi. İndi demək olar – o zaman uzun-uzadı müzakirələr zamanı REAL Partiyası olaraq bütün nüansları nəzərə alıb dialoq təklifini qəbul edib məhsuldar danışıqlara başladıq, çünki Qarabağa aid müəyyən hadisələrin olması mümkünlüyü aydın görünürdü – Ermənistanda 3 il, bizdə isə 4 il üfiqdə seçki yox idi, deməli, ya danışıqlar, ya da hərbi yolla məsələnin gündəmə gəlməsi mümkün idi. Biz təklifi qəbul etdik, maraqlı və məhsuldar təmaslara başladıq, amma bəziləri həmən söyməyə başladılar, sonra isə arxamızca gəlib bizim əvvəlcədən düşünüb qərar verdiyimizi bəziləri axsaya-axsaya arxamızca gələrək eyni yerdə durdular – yaxşı, bəs niyə söyürdünüz ki?! Biz öyrəşmişik – 3 addım önü görüb qərarlar alırlq, analiz edirik, bəziləri həmən söyməyə başlayır, sonra o 3 addımı başları daşa dəyə-dəyə EYNİ yolla gəlib, sonda haqlı olduğumuzu görürlər, amma qanacaqları çatmır ki, yol gələ-gələ söydükləri üçün üzr istəsinlər. Nəsə, sözümün canı odur ki, Ermənistanın daxildə çaxnaşma salmaq ümidləri də puça çıxdı – Dövlət və Xalq adına hamı tək yumduq, tək ürək oldu, müxalifət məhz Qarabağ məsələsində iqtidara tam açıq çek verdi və dəstək oldu.

Tarixi günlər yaşayırıq, həm Ordumuz güclüdür, həm cəmiyyət olaraq daha olğunuq, həm də müstəqilliyimizin qədrini daha aydın bilib, daha əzmlə qorumağa çalışırıq. Artıq Nizaminin göz yaşlarını Füzuli silir (c), Cənub qardaşlarımız əsgərimizi görüb sevinir, dünya ilə öz dilində danışan yeni məmurlar nəsli yetişib (tək ingilis dilini bilmək azdı, ingilisin dilini bilmək vacibdir), iqtidar seçkidə zədələdiyi legitimliyi döyüşdə qazanır – deməli bundan sonra daha rahat davranaraq, daha köklü və qalıcı islahatlara getmək asan olacaq. Çünki, Qələbənin maddi hesabı daha böyük olacaq, iqtisadiyyatımız daha güclü, idarəetməmiz daha effektli olmalıdır! Əminəm ki, belə də olacaq!

Allah Əsgərimizi, Ordumuzu, Dövlətimizin müstəqilliyini qorusun! Bayramımız mübarək!

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri

Tarix: 18 Oktyabr 2020, 21:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin