SOCAR Gürcüstanda kəndlərə qaz xətləri çəkir

Oktyabrın 21-də Gürcüstanın Kvemo-Kartli regionunda azərbaycanlıların kompakt şəkildə yaşadığı İlməzli kəndinə “SOCAR Georgia Gas” MMC tərəfindən çəkiləcək qazpaylayıcı xəttin əsası qoyulub.

 

SOCAR-dan verilən məlumata görə, təməlqoyma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Kvemo-Kartlinin qubernatoru Şota Rekviaşvili, Marneuli şəhərinin meri Zaur Darğallı, Gürcüstanın iqtisadi inkişaf nazirinin müavini David Tvalabeişvili iştirak edib.

 

Mərasimdə qeyd olunub ki, SOCAR-ın sərmayəsi ilə tikiləcək 13,145 metrlik şəbəkə bir sıra yaxın yaşayış məntəqələrini əhatə edəcək və potensial olaraq 227 abonentin təbii qazla təminatı üçün imkan yaradacaq. “SOCAR Georgia Gas” 2020-ci il ərzində 13-ü Kvemo-Kartlidə, 2-si Msxeta-Mtianetidə olmaqla 15 yaşayış məntəqəsində qazpaylayıcı şəbəkənin tikintisini tamamlamağı planlaşdırır. Ümumi uzunluğu 129 km olacaq bu şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra daha 2 483 potensial abonent qazla təmin olunacaq.

 

Gürcüstan əhalisinin böyük hissəsi azərbaycanlılardan ibarət olan Marneuli bələdiyyəsində bu vaxtadək 26 247 abonenti əhatə edən 784 km uzunluğunda qaz kəməri çəkilib. Azərbaycanlıların yaşadığı bu məntəqələrə qaz xətti əsasən SOCAR-ın sərmayəsi ilə inşa olunur. 78 yaşayış məntəqəsindən 60-ı artıq qazlaşdırılıb. Plana uyğun olaraq, 2020-ci ildə daha 7 kənddə 1 111 abonent üçün ümumi uzunluğu 7,3 km olan qaz kəmərləri çəkilir. Marneuli üzrə qazlaşdırmanın səviyyəsi 80,2% təşkil edir.

 

SOCAR-ın prezidenti daha sonra Dmanisi bələdiyyəsində azərbaycanlılar yaşayan İrqançay kəndinə qaz təchizatının başlanması mərasimində iştirak edib. Mərasimdə həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo-Kartli regionunun qubernatoru Şota Rexviaşvili və digər rəsmi şəxslər iştirak ediblər. İrqançay kəndinin qazlaşdırılması nəticəsində 496 yeni abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılıb.

 

Məlumat verilib ki, Dmanisi bələdiyyəsində ümumilikdə 295 kilometr uzunluğunda qaz boru kəməri inşa edilmiş, 7 029 abonentin qaz şəbəkəsinə qoşulmasına şərait yaradılmışdır. 2020-ci ildə burada daha iki kəndin qazlaşdırılması planlaşdırılır. Dmanisi bələdiyyəsi üzrə ümumi qazlaşdırma səviyyəsi 83,1% təşkil edir.

 

Ümumiyyətlə, bu ilin sentyabrın 1-ə olan məlumata görə, SOCAR tərəfindən bütün Gürcüstan üzrə 10 297 km-dən artıq qaz kəməri çəkilmiş və 306 504 abonent qazlaşdırılıb. 2020-ci il üçün 15 yaşayış məntəqəsində 2 483 potensial abonenti əhatə edəcək 128,9 km qaz şəbəkəsinin çəkilişi planlaşdırılıb. SOCAR bu ölkədə ümumilikdə 24 300 kilometrlik qazpaylayıcı şəbəkənin operatorluğunu həyata keçirir və 742 mindən çox abonenti təbii qazla təmin edir. Şirkətin xidmət arealında qazlaşdırmanın səviyyəsi 76,9% təşkil edir.

Tarix: 21 Oktyabr 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin